“Google” süni intellekt üçün nüvə elektrik stansiyası quracaq

Texnologiya nəhəngi “Google” süni intellekt məlumat mərkəzlərinin enerji tələbatını qarşılamaq məqsədilə Kairos Power şirkəti və Tennessee Valley Authority (TVA) ilə əməkdaşlıq edəcək.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, razılaşmaya əsasən, modulyar reaktor istehsalçısı olan "Kairos Power" ABŞ-ın Tennessi ştatında 50 meqavat gücündə nüvə elektrik stansiyası inşa edəcək. Burada istehsal ediləcək enerji dövlətə məxsus TVA-ya satılacaq. Daha sonra TVA, “Google”un Tennessi və Alabama ştatlarında yerləşən məlumat mərkəzlərini elektriklə təmin edəcək.
Mütəxəssislər bildirirlər ki, süni intellekt əməliyyatlarının yüksək enerji sərfi səbəbindən texnologiya şirkətləri karbon izini azaltmaq üçün alternativ mənbələrə üz tutur. “Google” ilə yanaşı, "Amazon", "Meta" və "Microsoft" da nüvə enerjisi layihələrinə sərmayə yatıran şirkətlər sırasındadır.