Şamaxıda restoranda nöqsanlar aşkarlanıb

Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Şamaxı rayonu, Bakı-Qazax yolunun 144-cü kilometrliyində yerləşən, fiziki şəxs Qabil Əlisahab oğlu Sabirova məxsus “Sərin Meşə” restoranında yoxlama keçirib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən 1news.az-a verilən məlumata görə, baxış zamanı restoranın mətbəx sahəsində sanitar-gigiyenik qaydaların pozulduğu müəyyən edilib. Belə ki, işçi heyətin tibbi müayinədən keçmədiyi, işçi masaların gigiyenik səthlə təmin olunmadığı, döşəmə və divar səthinin asan təmizlənən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı nöqsanlar aradan qaldırılanadək restoranın fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.



