Afrika Azərbaycanın iqlim və sülh sahəsindəki diplomatik fəaliyyətini yüksək qiymətləndirir | 1news.az | Xəbərlər
Cəmiyyət

Afrika Azərbaycanın iqlim və sülh sahəsindəki diplomatik fəaliyyətini yüksək qiymətləndirir

Qafar Ağayev16:46 - Bu gün
Afrika Azərbaycanın iqlim və sülh sahəsindəki diplomatik fəaliyyətini yüksək qiymətləndirir

Afrika Azərbaycanın iqlim və sülh sahəsindəki diplomatik fəaliyyətini yüksək qiymətləndirir.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə fikrilər dünən Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Afrika İqlim Həftəsi (ACW) çərçivəsində, Azərbaycanın COP29 Sədrliyinin və Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Həssas Ölkələr Forumunda” səsləndirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Efiopiyanın planlaşdırma və inkişaf naziri xanım Fitsum Adela Azərbaycana Afrikanın iqlim dəyişiklikləri və münaqişələrdən əziyyət çəkən ölkələrinə göstərilən davamlı diqqəti üçün təşəkkürünü bildirərək ötən il Bakıda keçirilən COP29 zamanı qəbul edilmiş Bakı Sülh Çağırışının əhəmiyyətini vurğulayıb.

Daha sonra çıxış etmiş BMT Baş katibinin Afrika üzrə Xüsusi Nümayəndəsi Parfait Onanga-Anyanga, İtaliya hökumətinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Françesko Korvaro Azərbaycanın təşəbbüsü ilə ötən il təsis edilmiş Bakı İqlim və Sülh Mərkəzinin qısa müddət ərzində beynəlxalq əməkdaşlıq və iqlim fəaliyyəti sahəsində dünyanın ən mühüm platformalarından birinə çevrildiyini qeyd ediblər.

Tədbirdə sədrlik edən Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov COP29 Sədrliyinin sülh və iqlim bağlantısı sahəsində fəaliyyətinə verilən yüksək qiymətə görə təşəkkürünü bildirərək Bakı Mərkəzinin 30-dan çox ölkə, habelə bir sıra çoxtərəfli qurumlar və 300-dən artıq beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən dəstəkləndiyini vurğulayıb. Natiq bildirib ki, Mərkəzin fəaliyyəti iqlim dəyişiklikləri və münaqişələrdən əziyyət çəkən 20-yə yaxın ən həssas ölkənin qarşısına çıxan çağırışlarla bağlı müxtəlif sahələri əhatə edir. O, bu problemlərin həlli üçün mərkəzin dəstəyi ilə artıq 3 ölkədə beynəlxalq dəstəyi və maliyyə tərəfdaşlığını nəzərdə tutan pilot layihələrin həyata keçirilməsi istiqamətində konkret fəaliyyətin başlanmasını diqqətə çatdırıb.

Bakı Mərkəzinin dəstəyi ilə hazırlanmış pilot layihələrini təqdim edən Çad, İraq və Qvineya-Bisaunun dövlət rəsmiləri COP29 Sədrliyinin verdiyi təcrübə və ekspert dəstəyini yüksək qiymətləndiriblər.

Daha sonra forumun panel müzakirələrində çıxış edən afrikalı rəsmilər, həmçinin Yaşıl İqlim Fondu, Beynəlxalq Miqrasiya Təşkilatı, BMT-nin Ətraf Mühit Proqramı (UNEP), BMT-nin İnkişaf Proqramı (UNDP), Afrika İnkişaf Bankı (AfDB), Adaptasiya Fondu və digər beynəlxalq qurumların nümayəndələri qeyd olunan fəaliyyət sahəsində dəstəklərini ifadə edərək su qıtlığı, torpaq deqradasiyası, ərzaq təhlükəsizliyi və iqlimlə bağlı miqrasiyanın qarşısının alınması sahələrində konkret əməkdaşlıq təklifləri ilə çıxış ediblər.

Forumun yekununda həyata keçirilən fəaliyyətin nəticələrinin COP30 çərçivəsində Bakı İqlim və Sülh Mərkəzinin Yüksəksəviyyəli Dialoqunda təqdim edilməsi haqqında razılıq əldə edilib.

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər