Nazir: Növbəti ildə beynəlxalq tədbirlərin sayı kifayət qədər çox olacaq

“Bizə olan inam çox böyükdür və bu, o deməkdir ki, beynəlxalq əhəmiyyətli tədbirlərin ölkəmizə həvalə olunması artıq təəccüblü deyil”.
1news.az xəbər verir ki, bunu Gənclər və idman naziri Fərid Qayıbov Sport Akkord” tədbirinin təqdimatı zamanı deyib.
“Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, 2026-cı il üçün paytaxtımız Bakı şəhəri dünyanın beynəlxalq idman paytaxtı elan edilib.
Bu, ölkəmiz üçün böyük qürurdur və təbii ki, biz də bu adı layiqincə daşımaq üçün federasiyalarla birgə növbəti ildə çoxsaylı beynəlxalq idman tədbirləri keçirməyi planlaşdırırıq. Buraya dünya çempionatları, Avropa çempionatları, Dünya kubokları, Grand Prix yarışları və digər nüfuzlu turnirlər daxildir”.
Nazir deyib ki, növbəti ildə beynəlxalq tədbirlərin sayı kifayət qədər çox olacaq.
Belə tədbirlərdən biri də "SportAccord"dur.
Qeyd etmək istərdim ki, mən özüm də bir neçə il öncə bu tədbirdə iştirak etmişəm. Bu, olduqca nüfuzlu bir təşkilat və tədbirdir. Burada Beynəlxalq Olimpiya Komitəsinin prezidenti də daxil olmaqla, dünya idman ictimaiyyətinin aparıcı simaları, bütün federasiya rəhbərləri iştirak edir.
Bu tədbirin Bakıda keçirilməsi ölkəmiz üçün növbəti böyük uğurdur. Bu münasibətlə hər birinizi səmimi qəlbdən təbrik edirəm”.