Nazir: “Uşağa qarşı zorakılıq qəbuledilməzdir”

"Uşağa qarşı zorakılıq qəbuledilməzdir".
1news.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün brifinqdə deyib.
Nazir bildirib ki, uşağa qarşı zorakılıq halları birmənalı şəkildə qəbuledilməzdir:
"Zorakılıq baş veribsə, hüquq pozulub və ilk növbədə hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır. Hadisə baş veribsə və ya iddia olunursa, valideynin istehlakçı hüquqları da pozulmuş hesab olunur. Bununla bağlı aidiyyəti qurumlara müraciət edilməlidir. Həmçinin, belə halların ictimailəşdirilməsi vacibdir – bağçanın adı açıqlanmalıdır ki, valideynlər məlumatlı olsunlar və uşaqların təhlükəsizliyi təmin edilsin".
Nazir qeyd edib ki, özəl bağçalara lisenziya İqtisadiyyat Nazirliyi tərəfindən verilir:
"Belə hallarda bağçanın lisenziyası geri alına bilər. Qərarlar ardıcıl olmalıdır; yəni birbaşa lisenziyanın ləğvi ilə başlamaq olmaz. Bəzən vətəndaşın hüququ pozulur, amma düzgün istiqamətə yönəldilmədiyi üçün ona kömək edə bilmirik".