“Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin ikinci mövsümünün rəsmi açılış mərasimi keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin ikinci mövsümünün rəsmi açılış mərasimi keçirilib - FOTO

15:20 - Bu gün
“Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin ikinci mövsümünün rəsmi açılış mərasimi keçirilib - FOTO

Dekabrın 19-da Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi, “Tamstore” Marketlər Şəbəkəsinin baş sponsorluğu, “CBC Sport” telekanalının informasiya dəstəyi ilə keçiriləcək “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin ikinci mövsümünün rəsmi açılış və püşkatma mərasimi keçirilib.

Mərasimdə turnirdə iştirak edən dövlət qurumlarının, şirkətlərin, eləcə də futbol ictimaiyyətinin nümayəndələri, QDF-in tərəfdaşları, futbol veteranları və media nümayəndələri iştirak ediblər.

İlk olaraq “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin ilk mövsümünün final oyunu və mükafatlandırılma mərasimindən hazırlanmış videoçarx tədbir iştirakçılarına nümayiş olunub.

Açılış nitqi ilə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev turnirin məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat verib. Qeyd olundu ki, tədbirdə iştirak edən 40 yaxın dövlət qurumları və şirkətlər Fonda ianə edərək bu xeyriyyə turnirinə iştirakçı qismində qatılıblar.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərinin sürətlə davam etdirildiyini deyən İdarə Heyətinin sədri bildirib ki, “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin keçirilməsində başlıca məqsəd Qarabağın bərpası prosesinə ictimai dəstəyin gücləndirilməsi, eyni zamanda insanlar arasında ianə mədəniyyətinin təşviq edilməsi və sağlam həyat tərzinin təbliğ olunmasıdır.

Turnirdə dövlət qurumlarının və ölkəmizdə fəaliyyət göstərən aparıcı şirkətlərin komandalarının iştirakına xüsusi diqqət çəkən Rəhman Hacıyev, bunun Qarabağın bərpası naminə dövlət və özəl sektor arasında əməkdaşlığın və həmrəyliyin bariz nümunəsi olduğunu vurğulamaqla yanaşı, turnirin təşkilinə dəstək verən bütün donor və tərəfdaşlara təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən “Avrora Qrup” şirkətinin prezidenti, “Tamstore” Marketlər Şəbəkəsinin təsisçisi Ceyhun Abbasov turnirin ictimai və sosial əhəmiyyətindən danışıb. O, bu təşəbbüsün Qarabağın bərpasına töhfə verəcəyini xüsusi qeyd etməklə yanaşı, yarışın yüksək təşkilatçılıq səviyyəsində keçiriləcəyinə əminliyini ifadə edib.

Çıxışlardan sonra “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticəsində turnirdə çıxış edən 40 komanda hər birində 10 komanda olmaqla 4 qrupa bölünüb.

Qeyd edək ki, tədbir zamanı “Avrora Qrup” şirkətinin prezidenti Ceyhun Abbasova xüsusi plaket və Qarabağ Dirçəliş Fondunun sifarişi ilə hazırlanan “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabı, püşk çəkimində iştirak edən qonaqların hər birinə isə Qarabağ Dirçəliş Fondu adından xüsusi “Təşəkkür sertifikatı” təqdim olunub.

Məlumat üçün bildirək ki, Qarabağ Dirçəliş Fonduna turnirin baş sponsoru və iştirak edən komandalar tərəfindən ümumilikdə 115.000 manat vəsait ianə edilib.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, turnirin keçirilməsindən əldə olunan vəsait işğaldan azad edilmiş ərazilərdə idman infrastrukturunun yaradılmasına yönəldiləcək. Beləliklə, komandalar turnirdə iştirak etməklə yanaşı, həm də Qarabağın bərpasına töhfə vermiş olacaqlar.

Onu da qeyd edək ki, tədbir zamanı “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabında yer alan fotoşəkillər əsasında təşkil edilən və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərini, eləcə də Qarabağın zəngin təbiətini və nadir flora-faunasını əks etdirən “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi də nümayiş edilib.

Paylaş:
156

Son xəbərlər

Bütün xəbərlər