2026-cı il: Müdafiə, təhlükəsizlik və iqtisadiyyatın canlanma ili | 1news.az | Xəbərlər
Köşə

2026-cı il: Müdafiə, təhlükəsizlik və iqtisadiyyatın canlanma ili

12:58 - Bu gün
2026-cı il: Müdafiə, təhlükəsizlik və iqtisadiyyatın canlanma ili

Nə üçün müdafiə və təhlükəsizlik birinci yerdədir?

Avrasiyaya nəzarət Azərbaycana nəzarətdən başlayır

İbrahim Məmmədov

Tarix üzrə fəlsəfə doktoru

Bu mərhələdə siyasi mənsubiyyətindən asılı olmayaraq Prezident İlham Əliyevin ətrafında hamılıqla dəmir yumruq kimi birləşmək 1993, 2003, 2013, 2020-23-ci illərdəki qədər və hətta daha çox həyati əhəmiyyət kəsb edən bir milli missiyadır. Çünki:

Hazırda qlobal mübarizə Baltikdən Qara dənizə qədər Şərqi Avropaya, Qara dənizdən Xəzərə qədər Cənubi Qafqaza, nəhayət Xəzərin şərq hissəsində Mərkəzi Asiyaya nəzarət uğrundakı geosiyasi savaşdır. Bu 3 regiona nəzarət edən qüvvə Avrasiyaya nəzarət paketini əlində saxlayacaq. Cənubi Qafqaz bu zəncirin, Azərbaycan isə Cənubi Qafqazın açar ölkəsidir.

Qlobal ticarət zəncirləri qırılır, ona görə ki, qlobal güclər regional münaqişələrdə bir-birilə birbaşa və dolayısı ilə hərbi toqquşmalarda iştirak edirlər. Regional münaqişələr ona görə qaynar fazaya daxil olur ki, qlobal güclər arasında xammal və ticarət bazarları, texnoloji birincilik uğrunda savaş gedir. Belə miqyaslı savaşlarda ticarət yolları, nəqliyyat və enerji marşrutlarının da xüsusi maraq dairəsinə daxil olaraq qarşıdurma meydanına çevrilməsi ticarət müharibələrinin sabit təkrarlanan hərəkəti, yəni qanunudur.

Təbii ki, nüvə erasının qlobal iqtisadi-ticarət savaşının hərb meydanındakı davamı nüvə dövlətlərinin birbaşa toqquşması ilə deyil, strateji əhəmiyyətli regionlarda aparılır. Böyük güclərin regionlar uğrunda geosiyasi mübarizəsi isə məntiqi olaraq strateji coğrafi mövqeyə və resurslara malik kiçik və orta miqyaslı ölkələrə təsir uğrunda mübarizə ilə müşayiət olunur.

Nəticədə ticarət yolları, coğrafi mövqe və resurslar baxımından strateji əhəmiyyət kəsb edən kiçik və orta miqyaslı ölkələr üçün siyasi, hərbi və iqtisadi risqlərin səviyyəsi artır.

Cənubin Qafqaz 3 mühüm göstəriciyə görə getdikcə sərtləşməkdə olan qlobal ticarət və geosiyasi savaşların təsir dairəsinə düşür.

Azərbaycan: Qlobal savaşın vazkeçilməz enerji mənbəyi

Birinci göstərici, Azərbaycanın enerji bazarında tutduğu strateji mövqedən qaynaqlanır. Avropanın Rusiya ilə enerji ticarətini dayandırması fonunda strateji Azərbaycan–Avropa İttifaqı enerji tərəfdaşlığı çox ciddi geosiyasi əhəmiyyət kəsb edir. Hazırda Azərbaycan qazının interkonnektorlar vasitəsilə Şərqi Avropa bazarını təmin etməsi qlobal geosiyasi mübarizənin ən mühüm hədfələrindən biri olan Şərqi Avropanın enerji təhlükəsizliyinə əvəzsiz töhfə verir, Avropanın vazkeçilməz enerji tərəfdaşı statusunu qazandırır. Bu status Azərbaycanı Şərqi Avropa uğrunda geosiyasi mübarizənin hədəfinə çevirir. Vazkeçilməz enerji mənbəyi statusu bərpaolunan enerjinin istehsalı və nəqli üzrə planların icrası ilə daha da yüksək səviyyəyə qaldırılmaqdadır. Nəhayət, Azərbaycan Mərkəzi Asiyanın da enerji resurslarının nəqlində açar ölkə statusuna malikdir. Odur ki, bu statusun geosiyasi tərəfdaşları ilə əleydarları arasındakı ölüm-dirim savaşı istər-istəməz ölkəmizi də sözügedən qarşıdurmaların hədəfinə çevirə bilir.

Azərbaycanın qlobal geosiyasi savaşın təsir dairəsinə və hədəfinə çevirən ikinci göstərici, nəqliyyat marşrutlarının yenidən cızılmasıdır.

Azərbaycanın cəsarətli səyləri nəticəsində Orta dəhliz Avropa-Cənubin Qafqaz-Mərkəzi Asiya- Çin ticarətində əvəzolunmaz marşruta çevrilib. Hazırkı şərtlər daxilində Orta Dəhlizin tərəfdarları əleyhdarlarından güclü olduğu üçün marşruta qarşı sərt hücumlar müşahidə olunmur. Ancaq, hər şeyin müharibə meydanlarında həll olunduğu indiki geosiyasi şərtlər çevikdir və sürətlə dəyişə bilir. Odur ki, Orta Dəhlizin əleyhdarlarının aktivləşməsi də gözləniləndir.

Eyni fikirləri Şimal –Cənub nəqliyyat marşrutuna da şamil etmək olar. İndiki şərlər daxilində Rusiyanın Hind okeanına çıxışını əngəlləmək niyyətində olan qüvvələr nəzəri və məntiqi olaraq Şimal-Cənub marşrutunun əleyhdarları sayıla bilər. İkinci dünya müharibəsi gedişində bu marşrut ABŞ-Britaniya-SSRİ üçün nə qədər əvəzolunmaz əhəmiyyətə malik idi isə, indi də Rusiya üçün o qədər əhəmiyyətlidir. Məntiqi olaraq, Azərbaycan və İran Şimal-Cənub marşrutunun əleyhdarlarının hədəfinə gəlir. Ancaq, Azərbaycanın Orta Dəhliz nəqliyyat və enerji dəhlizinin açar ölkəsi olması bizi Şimal-Cənub marşrutunun əleyhdarlarının hədəfindən yayındırır.

Üçüncü göstərici, geosiyasi mövqe ilə əlaqəlidir. 1. Cənubi Qafqazın və regionun açar ölkəsi olan Azərbaycanın Mərkəzi Asiyanın Avropaya çıxışında üçün körpü rolunu oynayır; 2. Rusiya ilə İranın quru əlaqələri Azərbaycandan keçir; 3. Azərbaycan İran və Rusiya ilə həmsərhəddir.

Beləliklə, hər üç göstərici qlobal savaş iştirakçıları üçün Azərbaycanı və Cənubi Qafqazı Avrasiya uğrunda mübarizənin əsas faktoruna çevirib.

Hazırda qlobal mübarizə Baltikdən Qara dənizə qədər Şərqi Avropaya, Qara dənizdən Xəzərə qədər Cənubi Qafqaza, nəhayət Xəzərin şərq hissəsində Mərkəzi Asiyaya nəzarət uğrundakı geosiyasi savaşdır. Bu 3 regiona nəzarət edən qüvvə Avrasiyaya nəzarət paketini əlində saxlayacaq. Cənubi Qafqaz isə bu zəncirdə birləşdirici həlqə, Azərbaycan isə Cənubi Qafqazın açar ölkəsidir.

Odur ki, Azərbaycan Avrasiyaya nəzarətin “qızıl açarı”dır. Avrasiyaya nəzarət Azərbaycana nəzarətdən başlayır. Məhz bu səbəbdəndir ki, ölkəmizin coğrafiyası uğrunda mübarizə həmişə müşahidə olunub. Amma, indi qlobal gərginliyin pik həddində bu mübarizənin də öz sərtliyinin zirvəsinə çatması gözləniləndir. Müdafiə və təhlükəsizliyin dövlətin və xalqın birinci vəzifəsinə çevrilməsi də elə bu səbəblərdən qaynaqlanır.

Ümumiyyətlə, hazırda Azərbaycan da daxil olmaqla, qarşıdurma zonalarına daxil olan və yaxud da münaqişələrin episentrinə yaxın, münqaişlərə siyasi, hərbi, iqtisadi təsir potensialına malik ölkələr üçün risqlərin dairəsinə:

- Çevrilişlər və çevriliş cəhdlərinin intensivləşməsi;

- Hərbi təhdidlər;

- Qlobal ticarətin məhdudlaşmasının təsiri ilə iqtisadi problemlər;

- Qlobal ticarət və valyuta savaşlarının təsiri ilə inflyasiyanın idxalı;

- İqtisadi-ticarət və inflyasiyanın təsiri altında sosial-iqtisadi problemlərin artması və s. və i. daxildir.

Cənubi Qafqazın daxili siyasəti hədəfdə

Artıq 2025-ci ilin iyununda Ermənistanda Baqrat Qalstanyan adlı keşişin liderliyi ilə N.Paşinyanın “kriminal oliqarxik ruhaniliyin sabitliyi pozmaq və hakimiyyəti zəbt etməyə dair geniş miqyaslı məkrli planı”nın qarşısı alındı. Hazırda Ermənistanda həmin “kriminal oliqarxik ruhaniliyin” təmizlənməsi prosesi gedir.

2025-ci ilin oktyabrında Gürcüstan hökuməti elan etdi ki, xarici xarici xüsusi xidmətlərin dəstək verdiyi dövlət çevrilişinə cəhdin qarşısı alınıb və təşkilatçıları həbs edilib.

Gürcüstanda Prezident administratsiyasına hücumlarla müşayiıt olunana gərginliklərə paralel olaraq Azərbaycanda dövlət çevrilişinə cəhd və qarşısının alınması məsələsi gündəmə gəldi və araşdırma başlandı.

Hər 3 Cənubi Qafqaz ölkəsində dövlət çevrilişlərinə cəhdlərin arxasında hansı ölkələrin xüsusi xidmətlərin dayandığı artıq ikinci dərəcəli məsələdir. Bizim üçün mühüm olanı odur ki, dövlət çevrilişləri Cənubi Qafqaz uğrunda mübarizənin bir aləti, mexanizmi olaraq işə salınıb. Təqribən 5 ay ərzində Cənubi Qafqazın 3 ölkəsinin hər birində dövlət çevrilişlərinə cəhdlər artıq təhlükəli bir tendensiya göstəricisidir.

Dövlət çevrilişləri və çevrilişə cəhdlər tendensiyası güclənir

Beynəlxalq tendensiyalar da göstərir ki, bu mexanizmin işə salınması təkcə Cənubi Qafqaz regionuna aid deyil. Bütün dünyada yenidən dövlət çevrilişlərinə cəhdlərin artım tendensiyası müşahidə olunmaqda, hətta ötən əsrin 50-60-cı illərinin səviyyəsinə çatmaqdadır.

ABŞ və SSRİ-nin “olum ya qalım” savaşına girdiyi 1960-1970-ci illəri əhatə edən 20 il isə dövlət çevrilişləri (həmçinin cəhdlər) və qlobal təsirli regional müharibələrin kulminasiya dövrü oldu. Bu dövrdə orta hesablama ilə ildə 20 çevriliş və çevrilişə cəhd olub.

Dünya yenidən iki/çoxqütblülük dövrünə daxil olduqca, regional müharibələrin, dövlət çevrilişlərinin və buna cəhdlərin sayının yenidən artması müşahdə olunmaqdadır. Məsələn, University of Illinois Cline Center Coup d'État Project-ə görə, 2021-ci ildən etibarən dünyada hər il 14-16 çevriliş, çevriliş cəhdi və ya dövlət çevrilişi planı qeyd olunur. Bu rəqəm 2008-2017-ci illərlə müqayisədə çox olsa da, 1960-70-ci illərin səviyyəsinə çatmayıb. Lakin, 2025-ci il hələ bitməsə də, artım tendensiyası görünür.

(Bu barədə 10 oktyabr 2025-ci il tarixli yazıda bir qədər geniş qeyd etmişdim https://1news.az/az/news/20251001025225841-2016-ci-ilin-Konstitusiya-islahatlari-9-il-sonra-Siyasi-sistemin-mohkemlendirilmesi-ve-vitse-prezidentlik-institutunun-kechdiyi-tarixi-sinaqlar)

Son 4-5 ildə bütün dünyada dövlət çevrilişlərinin artma tendensiyası fonunda 2025-ci ildə Cənubiu Qafqazın 3 ölkəsində müşahidə olunmuş cəhdlər ümumi qlobal tendensiyanın regional təzahürü kimi görünməklə yanaşı, zaman və kəmiyyətcə müqayisə etsək, dövlət çevrilişlərinə cəhd baxımından Cənubi Qafqazı yalnız Afrika ilə müqayisə etmək olar. Beləki, hələ başa çatmamış 2025-ci il Gvineya-Bissauda (26 noyabr, 2025) və Madaqaskarda (12-14 Oktyabr, 2025) məqsədinə çatmış, Burkina Faso (April 2025), Nigeriya (Sentyabrın sonu-oktyabr, 2025) və Malidə isə dövlət çevrilişi və sui-qəsdlərə uğursuz cəhdlərlə müşahidə olunub. 2025-ci il ərzində bütün Afrikada 5 çevriliş və çevrilişə cəhd qeydə alınıbsa, Cənubi Qafqazda 3 belə hal müşahidə olunub. Afrikada 56, Cənubi Qafqazda isə cəmi 3 suveren dövlətin olduğunu nəzərə alsaq 5 dövlət Afrika dövlətlərinin 9%-i, 3 dövlət isə Cənubi Qafqazın 100%-ni təşkil edir. Nəticədə biz bu təhdidin Cənubi Qafqaz üçün miqyasını görürük.

Təhlükəsizlik böhranı dövrlərində büdcə siyasəti

Təhlükəsizliklə bağlı belə geosiyasi böhran dövrlərində dövlətlərin büdcə siyasətində dəyişikliklər qaçılmazdır. İlk növbədə:

- Müdafiə və təhlükəsizlik xərcləri prioritetləşdirilir: Buraya təhlükəsizliyi təmin edən qurumların şəxsi heyətlərinin maaşları, təlimi, səhiyyə xidməti, həmçinin silah və avadanlıqların saxlanılması və alınması üçün vəsait ayrılması daxildir.

  • Hərbi tədqiqatlara və inkişafa investisiyalar artırılr: Yeni texnologiyaların inkişafı üçün vəsait ayrılması hərbi qabiliyyətin artırılması və dövlətin rəqib dğvlət üzərində texnoloji üstünlüyünü qoruyub saxlaya bilməsi, ən azı özünü müdafiə potensialını gücləndirnməsi üçün vacibdir.
  • İqtisadi təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər görülür: Güclü və sabit iqtisadiyyat milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Odur ki, ən mühüm iqtisadi aktivlərin qorunması, təchizat zəncirlərinin dayanıqlığının təmin edilməsi, ticarətin və investisiya axınlarının təmin edilməsi hökumətlərin əsas vəzifələridir.
  • Kritik infrastrukturlara investisiya yatırmaq: Milli təhlükəsizlik üçün təhlükəsiz və dayanıqlı infrastruktur vacibdir. Buraya rəqəmsal infrastrukturun və digər kritik aktivlərin qorunması daxildir.
  • Büdcədənkənar maliyyələşdirmə mexanizmlərindən istifadə olunur;
  • Ehtiyat fondları yaradılır;
  • Qısa müddət üçün prioritet olmayan sektorlardan resurslar yenidən bölüşdürülür;
  • Təhlükəsizliyin təmin olunması üçün beynəlxalq əməkdaşlığı gücləndirir: Tərəfdaşlar və müttəfiqlərlə işləmək hərtərəfli iqtisadi təhlükəsizlik strategiyasının əsas elementidir.

Hər bir ölkənin bu nəzəri yanaşmalardan hansılarına üstünlük verməsi isə yerli reallıqların nəzərə alınması və hökumətlərin siyasi baxışlarından asılıdır.

Azərbaycanın Türkiyə ilə hərbi müttəfiqliyə dair imzaladığı memorandum, Mərkəzi Asiya ölkələri ilə C5+Azərbaycan formatında təhlükəsizlik platformasında birləşməyə dair atılmış addımlar beynəlxalq müdafiəni gücləndirir.

Regionun iqtisadi və siyasi aspektlərdən aparıcı, birləşdirici və qoruyucu faktoru kimi ölkəmizin məntiqi olaraq bütövlükdə Cənubi Qafqaz ölkələrinin müstəqilliyi və hərbi təhlükəsizliyinin, regionda sülhün təmin olunmasında da bir liderlik missiyası var.

Həm də təkcə Cənubi Qafqazın deyil, Mərkəzi Asiyanın da iqtisadi müstəqilliyi və təhlükəsizliyində Azərbaycanın rolu və missiyası o qədər böyükdür ki, bizim müdafiə və təhlükəsizliklə bağlı xərclərimizin artması məntiqli və əsaslandırılmışdır.

“Gun vs butter” prinsipi: silahın çörək qədər vacib olduğu mərhələ

Artan risqlərin neytrallaşdırılması isə öz növbəsində maliyyə resurslarının əhəmiyyətli hissəsinin daxili təhlükəsizliyin qorunmasına və xarici müdaxilələlərin qarşısının alınmasına yönəldilir. Sadə bir həqiqətdir ki, təhlükəsizlik mövcudluğun təməl prinsipidir! Odur ki, belə bir qlobal şərtlər daxilində dövlətlərin təhlükəsizlik üçün daha çox vəsait xərcləməsi məntiqlidir və qaçılmaz zərurətdir.

“Gun and Butter” – “Silah və yağ” (bizim dildə “silah və çörək” daha qavrayışlı səslənir) nəzəriyyəsi “təhdidlərin artdığı (qlobal gərginlik, qonşuların müharibə vəziyyətində olması və s.) və paralel olaraq ehtiyatların məhdudlaşdığı” (neft ixracının azalması, idxal məhsullarının bahalaşması və s.) dövrlərdə istehsalın sərhədlərini müəyyənləşdirən bir formuladır. “Silah”- hərbi müdafiə və təhlükəsizlik xərclərini, “yağ” (“çörək”) isə yollar, körpülər, səhiyyə, təhsil, kənd təsərrüfatı və s. iqtisadi xərclərin rəmzidir.

Mahiyyət nədən ibarətdir? Nəzəri olaraq, cəmi iki məhsul – silah və yağ - istehsal edən iqtisadiyyat götürdükdə birinin istehsalının artması, mütləq şəkildə o birinin istehsalının azalmasına səbəb olur. Məsələn, təhdidlərin azaldığı dövrlərdə belə bir iqtisadiyyat 900 qutu yağ və yalnız 20 tüfəng istehsal edirsə, təhdidlərin artdığı dövrlərdə bu nisbət silahın xeyrinə dəyişərək, məsələn, 100 qutu yağ, 180 tüfəng olur.

Məsələn, 2008-ci il qlobal böhranı və resessiyalar dövrlərində qeyri-strateji subsidiyalar, bəzi müdafiə xərcləri (böhrandan asılı olaraq) ixtisar olunaraq sosial-iqtisadi dəstək paketləri, işsizlik müavinətləri, vacib sənaye sahələri (banklar, avtomobil) üçün yardımlar və iş yerlərinin yaradılması proqramlarına xərclənirdi.

Uzun müddət ikinci haldakı seçim qarşısında qalmaq, əlbəttə ki, təhlükəlidir. Şübhəsiz ki, çörək də silah qədər vacib təhlükəsizlik faktorudur. Bu sadə həqiqətə söykənərək hökumət üçün ən məntiqli seçim “bütövlükdə-hər iki istiqamətdə istehsalın tempini və əmək məhsuldarlığını artırmaq”dır. Bu variant “həm çörək, həm də silah” istehsalını artırmaq üçün şərtləri təmin edir. Bazar iqtisadiyyatı mexanizmlərinin sərbəst fəaliiyətinin təmin edilməsi isə bütün sahələrin investisiya ilə təmin olunmasına imkan verir. Məsələn, ikiqütblü dünya dövrünün ən sərt qarşıdurma dövründə - 1975-1991-ci illərdə, SSRİ və ABŞ “sürətlə silahlanma” siyasəti yürüdürdülər. Bu həm də ABŞ-nin bazar iqtisadiyyatı ilə SSRİ-dəki dövlət plan iqtisadiyyatının yarışı idi. Planlı iqtisadiyyat bazarın tələblərinə çevik reaksiya verə bilmədiyi üçün bütün vəsait silah istehsalına yönəldildi və hökumət bu siyasəti dəyişə bilmədiyi üçün uzun müddət davam etdi. Nəticədə, SSRİ sosial-iqtisadi problemlər səbəbindən süqut etdi.

Liberal iqtisadiyyat tərəfdarı respublikaçı R.Reyqan hökuməti də bir sıra sosial layihələri ixtisar etsə də, bazar iqtisadiyyatı mexanizmlərinin sərbəstləşdirilməsi sayəsində iqtisadiyyatın bütün əsas sahələrinin inkişafına təkan verməklə yanaşı hərbi xərcləri də təmin edə bildi.

“Reyqanomika” gəlir vergilərinin azaldılmasını, dövlət xərclərinə qənaəti, dövlətin müdaxiləsi və qiymət nəzarətinin azaldılması, rəqbət və innovasiyaların stimullaşdırılmasını, nəhayət, hətta ilkin mərhələdə bahalı pul siyasəti hesabına inflyasiyanın qarşısının alınmasını ehtiva edirdi.

R.Reyqanın bu yanaşması ABŞ üçün 4 istiqamətdə epoxal milli və qlobal siyasi və iqtisadi böhranları həll etdi: 1. ölkəni iqtisadi böhranların ən pisi sayılan “staqflyasiya”dan çıxardı və 2. iqtisadi sıçrayışı təmin etdi, 3. SSRİ ilə sürətlə silahlanma yarışından qalib çıxdı, 4. Kommunizm ideologiyasının süqutuna nail oldu.

Bazar iqtisadiyyatı və özəl sektorun inkişafı sayəsində R.Reyqanın hərbi xərcləri artırma siyasəti paralel olaraq iqtisadi effektə malik idi. Yəni, silah istehsalına yönəldilən xərclər yan sahələrə də təsir edərək iqtisadiyyatın yenidən canlanmasında mühüm rol oynadı.

Beləliklə, R.Reyqan təcrübəsi göstərir ki, iqtisadi böhran və qlobal təhlükəsizliklə bağlı təhdidlərin artması fonunda müdafiə və təhlükəsizlik xərclərinin artırılması zərurəti yarandıqda, yəni “silah və çörək” dilemması yarandığı dövrlərdə a) xərcləri mümkün qədər hər iki sahənin inkişafına yönəltmək, b) bütövlükdə iqtisadiyyatda istehsal və əmək məhsuldarlığını artırmaq, c) silah istehsalından iqtisadi böyümə faktoru kimi istifadə etmək, d) bazar iqtisadiyyatı mexanizmlərini daha da liberallaşdırmaq, inflyasiyaya nəzarətlə iqtisadi inkişafı tənzimləyən monetar siyasətin yürüdülməsi məqsədəuyğundur.

Təsadüfi deyil ki, 2026-cı il üçün dövlət büdcəsi əsas xərc maddələrinə əsasən “təhlükəsizlik və iqtisadi fəaliyyət büdcəsi” adlandırıla bilər. Beləki, büdcənin xərclər bölməsində həcminə görə 1-ci yerdə təqribən 8.8 milyard manatla müdafiə və təhlükəsizlik xərcləri (büdcənin 20.9%-i), ikinci yerdə isə təqribən 7.7 milyard manatla iqtisadi fəaliyyət üçün nəzərdə tutulmuş xərclər gəlir. İqitsadi fəaliyyət xərclərinə kənd təsərrüfatı üçün nəzərdə tutulmuş təqribən 1.1 milyard manatlıq xərcləri də əlavə etsək, bütövlükdə iqtisadiyyata yönəlik xərclərin həcmi müdafiə və təhlükəsilziklə eyniləşmiş olur və büdcənin 17.6 milyardlıq hissəsini (büdcənin təqribən 42%-i) təşkil edir.

Yəni, büdcə milli təhlükəsilziyin iki təməl elementini – a) müdafiə və təhlükəsizlik, b) iqtisadi təhlükəsilzik kompanentlərini əsas hədəflər kimi müəyyənləşdirib.

Azərbaycanın əsas ticarət tərəfdaşları olan Avropa ölkələri hərbi-müdafiə xərclərini artırmaq zərurəti ilə üzləşərək “guns and butter” dilemmasını həll etmək məcburiyyəti qarşısındadır. Əsas ticarət tərəfdaşı və enerji sahəsində strateji tərəfdaş, Azərbaycan qazının mühüm ixrac bazarı kimi Avropa və Azərbaycanın təhlükəsizliyi də bir-birilə domino effekti ilə sıx bağlıdır.

Az qala hər gün Avropanın KİV-lərində hərbi xərcləri necə iqtisadi səmərəyə çevirmək yolları barədə müzakirələr aparılır. Avropa İttifaqında hərbi xərclərin dinamikası müdafiə və təhlükəsizliyin əsas yerə çıxdığını gösətrir. Məsələn:

- 2024-cü ildə hərbi xərclər 343 milyard avro (2023-cü ildən 19% çox).

- 2025-ci il üçün proqnoz: 381 milyard avro (2024-cü ildən 11% çox).

- Hərbi xərclərin ÜDM-də payı: 2024-cü ildə 1,9%-ə çatıb, 2025-ci ildə 2,1%-ə çatacağı proqnozlaşdırılır və NATO-nun 2% hədəfinə yaxınlaşır.

- 2020-ci ildən bəri hərbi xərclərdə 60%-dən çox artım müşahidə olunur.

Avropa Birliyinin xarici siyasət rəhbəri Kaya Kallas “ bu, Avropanın müdafiə erası olmalıdır” deyir: “Avropa xalqımızın təhlükəsizliyini təmin etmək üçün müdafiəyə rekord məbləğdə pul xərcləyir və biz bununla kifayətlənməyəcəyik. Bu xoş bir şey deyil, ancaq vətəndaşlarımızın qorunması üçün vacibdir”.

Almaniya, Fransa, Niderland, Belçika, Xorvatiya, Polşa, Rumıniya, Baltikyanı ölkələr çağırış sistemlərində islahat apararaq müdafiə və təhlükəsizlik mexanizmlərinin çevikliyini artırır, könüllülüklə yanaşı məcburi hərbi mükəlləfiyyət mexanizmlərinin yaradılması istiqamətində addımlar atırlar.

Beləki, müdafiə və təhlükəsilzik artıq bütün dünyanın qayğısı, gündəlikdəki birinci məsələdir.

Bununla belə, dünyada yaranmış vəziyyətdə müdafiə və təhlükəsizliyin yaratdığı tələbləri iqtisadi fürsətə çevirmək potensialı da var. Azərbaycanın müdafiə sənayesinin həm də bir iqtisadi faktor olması, hərbi xərclərin məşğulluq və ixraca təkan verməsi də nəzərə alınmalıdır. Odur ki, dünyada hərbi təyinatlı məhsullara tələbin artması fonunda Azərbaycanın müdafiə sənayesini gücləndirməsi təhlükəsziliklə yanaşı həm də iqtisadi səmərə götürülməsinə hesablanıb.

Qlobal təhlükəsizlik böhranı və yerli idarəetmə islahatları

Ancaq, iqtisadi nəticələr yalnız büdcə xərclərinin miqyası ilə əldə olunmur. Az vəsaitlə yüksək nəticələrə nail olmaq həm də idarəçiliyin təkmilləşdirilməsini ehtiva edir.

Prezident İlham Əliyevin noyabrın 12-də Naxçıvanın səlahiyyətli nümayəndəsinin və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul zamanı məhz bu tapşırıqları verdi.

Prezidentin tapşırdığı birinci məqam idarəçiliyin liberallaşdırılmasını, iqtisadiyyata ədalətsiz müdaxilənin aradan qaldırılmasını nəzərdə tutur: “Vaxtilə belə hallar olub və bu qanunsuz tapşırıqları verən, qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar bu gün məhkəmə qarşısında cavab verirlər. ... sağlamlaşdırma və təmizləmə siyasəti nəticəsində artıq əminəm ki, sizə heç kim qanunsuz tapşırıq verməyəcək”.

Prezidentin tapşırıqlarındakı ikinci məqam sahibkarlıq üçün əlverişli mühitin yaradılmasıdır ki, bu da liberallaşmanı, bazar prinsiplərinin tətbiqini nəzərdə tutur: “...yerlərdəki rəhbərlərdən də tələbim odur ki, iş yerlərinin yaradılmasına çalışsınlar, iş adamlarına şərait yaratsınlar”.

Şərait isə Prezidentin dediyi kimi, 1) məmurların vətəndaşa açıq olmasını, 2) iqtisadiyyata ədalətsiz müdaxilənin qarşısının alınmasını, 3) sahibkarlar üçün əlverişli şərtlərin təmin olunmasını ehtiva edir.

Regionlar iqtisadi artım və sosial sabitlik mənbəyi kimi

Hazırda beynəlxalq ticarətin zəiflədiyi və çox böyük ehtimalla xarici iqtisadi əlaqələrin qarşısındakı problemlərin daha da dərinləşəcəyi səbəbilə ölkə iqtisadiyyatının genişləndirilməsi üçün əsas isiqamət məhz regionlar ola bilər.

Azərbaycanın regionlarının isə böyük potensialı var. Azad olunmuş ərazilərdə infrastruktur quruculuğu genişləndikcə bu potensial daha da böyüyür. Bundan əlavə Orta dəhlizin Araz və Zəngəzur seqmentlərinin perspektivi də dəhliz boyu regional iqtisadiyyata təkan verən faktordur.

Beləliklə, büdcədə müdafiə və təhlükəsizilik xərclərinə bərabər olan iqtisadi fəaliyyət xərcləri ilə yanaşı, Prezident sahibkarlıq fəaliyyəti üçün mühitin liberallaşdırılmasını da əsas tapşırıq kimi səsləndirdi.

Büdcə inflyasiyanın rasional çərçivədə saxlanmasını və makroiqtisadi sabitliyin qorunmasını da vəd edir.

Bir məqam da xüsusi əhəmiyyət daşıyır: Azərbaycan müdafiə xərclərinin artırılmasını uzun müddət üçün nəzərdə tutmur. Hərbi xərclərin artımı qısamüddətli siyasətdir və 2026-30-cu illərin inkişaf proqramına əsasən bu maddə üzrə xərclərin tədricən azalması, paralel ÜDM-in artım tempinin yüksəlməsi nəzərdə tutulur.

Bütün bunlar – büdcədə iqtisadi fəallıq və kənd təsərrüfatı üçün nəzərdə tutulmuş xərclər, idarəçiliyin liberallaşdırılması, iqtisadiyyata ədalətsiz müdaxilələrin aradan qaldırılması, sahibkarlar üçün şərtlərin yaxşılaşdırılması, belə bir nəticə çıxarmağa əsas verir ki, növbəti ilin büdcə siyasətinin əsasını təşkil edən “həm təhlükəsizlik, həm də çörək” formulası gözlənilən nəticəni verəcək.

Paylaş:
188

Son xəbərlər

Bütün xəbərlər