Kəmalə Abiyeva: “5 valideynin sənə verdiyi 50 manatla milyoner olmursan, adın qalır rüşvətxor” - VİDEOMÜSAHİBƏ | 1news.az | Xəbərlər
Müsahibə

Kəmalə Abiyeva: “5 valideynin sənə verdiyi 50 manatla milyoner olmursan, adın qalır rüşvətxor” - VİDEOMÜSAHİBƏ

Ayşən Salehli10:07 - Bu gün
Kəmalə Abiyeva: “5 valideynin sənə verdiyi 50 manatla milyoner olmursan, adın qalır rüşvətxor” - VİDEOMÜSAHİBƏ

Tarix boyunca cəhalət qılıncı ilə ruhumuzda açılan yaraları onlar öz elmləri, təmkin və dözümləri ilə sağaltmağa çalışdılar.

Bu yolda çox maneələrlə qarşılaşdılar, qarşıları kəsildi, qələmləri qırıldı, bəzən ruhdan düşdülər, bəzən sükutları ilə üsyana qalxdılar. Amma kiçik bir uşağın təbəssümü, oxumağa can atan bir qəlbin harayı ilə yenidən ayağa qalxıb öz müşəqqətli və şərəfli yollarında addımlamağa davam etdilər. Bəli, söhbət cəmiyyətimizin sütununu vücuda gətirən müəllimlərdən gedir - elmin, mənəviyyatın və fədakarlığın daşıyıcılarından!

Kəmalə Abiyeva da insanlığa saysız xidmətləri olan, ömrünün 40 ildən çoxunu cəmiyyətimizin savadlı və mötəbər şəkildə formalaşmağına həsr edən ziyalı müəllimlərimizdən biridir. O təkcə müəllim yox, həm də “Məktəb illəri”, “Özün günahkarsan”, “Yağış yağır bu şəhərə”, “Bu dünyanı nağıl bilək” kimi məşhur mahnıların sözlərini qələmə alan dəyərli bir şairədir.

Beləliklə, 1news.az-ın budəfəki müsahibi Azərbaycan Yazıçılar Birliyinin üzvü şair və pedaqoq Kəmalə Abiyevadır.

Gəlin bu incə ruhun sahibini birlikdə daha yaxından tanıyaq.

- Gəlin elə nostalji bir girişlə başlayaq söhbətimizə. Hər kəs sizi sözlərinizlə tanıyır. Çünki “Məktəb illəri” başda olmaqla bir çox məşhur mahnıların sözlərini yazmısınız. Sizin öz dilinizlə desək, sözünüz özünüzdən daha çox tanınır. “Məktəb illəri” hansı duyğularla yazıldı ki, belə təsirli oldu və insanlara sirayət etdi?

- Görürsünüz, yenə həmin fikirlə başlayırıq ki, şairin özü sözündən məşhur olar. Sözü özündən məşhur olan bir müəllif kimi məktəbi və “Məktəb illəri”ni sevənləri – hamını salamlayıram.

Məncə, bu duyğuları hamı yaşayır. Məktəbi hamı sevir. Düzdür, sanki o hiss bir az azalıb. Uşaqlar məktəbə elə də ürəklə getmirlər, davamiyyət problemi olur. Amma biz çox sevinə-sevinə gedərdik. Bizim üçün cəza məktəbə getməmək idi. Anam hirslənəndə deyirdi ki, sabah məktəbə getməyəcəksən. Bu ən ağır cəza sayılırdı. İndi bu əhəmiyyətini itirib. Amma insanların ən xoşbəxt olduğu dövr onların uşaqlığı və məktəb illəridir. Çünki qədrini bilmədən o illəri yaşayırıq. Mən şagirdlərimə də baxırdım və fikirləşirdim ki, onlar necə xoşbəxt olduqlarını bilmirlər. Müəllim acıqlananda görürsən ki, qaşqabağını tökdü, çıxanda “sağ ol” demədən qapını örtüb getdi. Düzdür, onlar sonradan peşman olurlar. Amma o anda həmin hərəkətlər mənə qəribə gəlirdi. Mən heç vaxt elə şeylərə acıqlanmazdım. Çünki başa düşürdüm ki, bu həmin yaş dövrünün xüsusiyyətləridir. Onlara baxa-baxa deyirdim ki, adam şagird olanda necə xoşbəxt olduğunu bilmir, sonra başa düşür. Sonrakı illərdə bir sinif yoldaşımı görmüşdüm. O elə dəyişmişdi ki... Halbuki məktəbdə ən üzdə olan şagirdlərdən biri hesab olunurdu. Gözəl şeir deyirdi. Amma gözəl səsi batmışdı. Baxdım-baxdım, fikirləşdim ki, ilahi, insan bilmir, taleyi necə olacaq. Amma məktəbdə hamı eyni hüquqludur və eyni geyimdədir. Həqiqətən də, adama elə gəlir ki, hamısı gözəldir. O duyğular mənə bu şeiri yazdırdı.

- Siz təkcə şairə deyilsiniz, həm də pedaqoji fəaliyyətlə məşğulsunuz. Əvvəllər müəllimi çox istəyirdilər. Hər kəs can atırdı ki, müəllimlik peşəsinə yiyələnsin. Amma indiki gənclər model, bloger və s. olmaq istəyir. Bir pedaqoq kimi, sizcə, bunun səbəbi nədir? Müəllimlərə inammı azalıb? Ümumiyyətlə, insanlar niyə əvvəlki müəllimləri daha çox arzulayırlar, nəinki indikiləri?

- Ona görə ki o vaxtlar müəllimi və məktəbi daha çox sevirdilər. O sevgi azalıb. Mənim “Məktəb illəri”ni yazmağımın səbəbi həm də müəllim olmağımdır. Müəllim kimi apardığım müşahidələr və gördüyüm şagird həyatı o şeiri yaradıb.

Əvvəllər bilirdik ki, Pedaqoji Universitetətə gedəcəm, bir ixtisas seçəcəyəm və müəllim olacağam. İndi isə 15 ixtisas seçirlər. Gedib yoxlasaq, görərik ki, abituriyent müxtəlif universitet və ixtisaslar yazıb, ən sonda isə Pedaqoji Universiteti yazıb. Deməli, adam müəllimliyi sevmir. O sevməyə-sevməyə gəlib nə sevgi aşılayacaq? Heç özünün sevilməyinə də çalışmayacaq. Məncə, 15 yox, 5 ixtisas seçimi versinlər. Müəllimliyi kim birinci yazıbsa, o da qəbul olunsun. Balından asılı olmayaraq 15-ci yerdə müəllimliyi yazanı qəbul etməsinlər.

- Müsahibələrinizin birində demisiniz ki, müəllimləri sosial şəbəkədə müzakirəyə çıxarmaq ən böyük səhvimiz oldu. Müəllimlər tənqidlərdən laqeydləşdi. Müəllim şagirdə sərt davrananda sərt valideynlər dərhal reaksiya verirlər. Siz özünüz şagirdlərinizlə sərt davranmısınızmı? Şagird-müəllim münasibətlərindən danışaq bir qədər.

- 45 illik pedaqoji fəaliyyətimdə belə hallar çox az olub. Mən elə üsulla etmişəm ki, uşaq özü günahkar olduğunu anlasın. Uşağa dəqiqəbaşı qışqırmaq, hər şeydə nöqsan tutmaq da səhvdir. Amma mənim üçün uşağın mənə cavab qaytarmağı ən ağır şey olub. Başıma gələn 2 hadisə var və hələ də yadımdan çıxmayıb. Bir uşaqla konflikt kimi bir şey yaşamışam. Başqa sinifdə oxuyurdu. Bir uşaqla dalaşırdı. Sinifdən çıxıb ona münasibət bildirdim. Uşaq da mənə kobud cavab verdi. Onda valideyn gəlib dedi ki, siz Tərxanın xətrinə dəymisiniz. Amma dava etmədi, çünki onun iki qızına dərs demişdim və məni yaxşı tanıyırdı. Digər hadisədə isə bir uşağa 4 vermişdim. Valideyn gəlib etiraz etdi ki, mənim oğlum 5-ə layiq bilir. Uşaq evdə yalan demişdi. Bir az əsəbi gəlmişdi. Ancaq mən heç nə demədim, qəti əsəbiləşmədim. Cavan valideyn idi. Mənim övladım yerində idi. Mən də dedim ki, gəlin, oturun. Bu sinif, bu da siz. Mənə necə cavab verdiyini soruşun. Mən hələ ona güzəşt etmişdim. 5 aldığı üçün 3 yox, 4 yazdım. Sonra oğlan gəlib üzrxahlıq etdi. Əslində “kaprizli” valideyn idi. Bu mənim axırıncı dərs dediyim siniflərdən biri idi. Sonra getdim və onların buraxılışını görmədim. Məndən sonra bəzi müəllimlərlə də konflikti olmuşdu. Amma bu bir az da müəllimin özündən asılıdır. Müəllimlərdə günahı nədə görürəm? Bəzən müəllimlər yaxşı oxuyan uşaqlara güzəşt etməkdə əziyyət çəkirlər. Məsələn, uşaq I qrup üzrə hazırlaşır. Tarix müəllimi yaxasından yapışır ki, sən hökmən bu dərsləri hər gün mənə cavab verməlisən. Onsuz da sistem elə qurulub ki, başqa fənnlər ikinci dərəcəli olub. Sən özünü niyə hörmətdən salırsan? Tarix dərsini normal oxuyub qiymət alırsa, bir qiymət də yuxarı ver. Mən həmişə demişəm ki, aşağı siniflərdə yaxşı oxuyubsa, oxumasa da mən ona 11-ci sinifdə 5 verəcəyəm. Bunu açıq-aydın demişəm və sözümə də əməl etmişəm. Amma müəllim var ki, uşaq ona “hörmət” edir. Müəllim də uşağı əzizləyir, ona artıq qiymət yazır. Müəllimlərin nüfuzunun düşməsinin ən böyük səbəbi budur. Onlara olunan hədiyyəni, “təşəkkür”ü qəbul edir. Bir valideyn mənə hədiyyə alıb gətiribsə, o mənə təşəkkür edir ki, övladının üzərində zəhmət çəkmişəm. Amma sabah onun uşağı dərs oxumasa, sinifdə oyun oynasa və mən onu müdafiə etsəm, bu olur rüşvət. Yəni, “sən sus!” Pis uşaqdan, oxumayan şagirddən, sabah üstümüzə hücum çəkəcək valideyndən heç nə götürməyin. Özünüzə rüşvətxor adını götürməyin. O heç birimizi dövlətli etmir. Bayramda gələcək 5 nəfər valideynin üçü sənə 50 manat verəcək, ikisi hədiyyə alacaq. Onunla sənə heç nə olmur, milyoner olmursan. Adın qalır rüşvətxor.

- Bayaq qeyd etdiniz ki, təhsil sistemində problemlər yaşanır. Bu problemlərdən biri də uşaqların hazırlığa getməyidir. Yəni pul müqabilində məktəbdənkənar dərslə məşğul olmağıdır. Sizcə, repetitorluq olmadan heç kəs universitetə qəbul ola bilməz ki?

- Niyə olmur? Mən olmuşam da. Məsələn, mən ədəbiyyat fakültəsinə getmək istəyirdim. Anam dedi ki, fizika-riyaziyyata getməlisən. Hətta cavab vermək istəmirdim. Amma yazı imtahanında vərəqimi ağ verməyə utandım. Günahkar müəllimlər deyil. Mən dərsimi deyirəm, amma uşaq mənə qulaq asmır. Valideyn gəlir ki, onu hazırlaşdırın. Mən də deyirəm ki, o dərsi sinifdə keçirəm, artıq heç nə demirəm. Sənin uşağın dərsdə də oxusun bunu. Amma uşağı həmin müəllimin yanında hazırlığa qoyuram. Bir az bəhsə-bəhsə girirlər. Amma repetitorluğun əleyhinə deyiləm. Sinifdə 20-25 nəfər olur. Hamısını eyni səviyyədə öyrətmək olmur.

"Məktəb illəri" mahnısının sözlərini ilk dəfə müəllifin öz dilindən eşitmək istəyənlər üçün daha ətraflı videomüsahibədə:

FOTO - VİDEO - Nadir İbrahimli

Xatırladaq ki, 2 il öncə "Məktəb illəri"nin müəllifləri olan Kəmalə Abiyeva, Aygün Səmədzadə və ifaçısı Lalə Məmmədova 25 ildən sonra ilk dəfə bir yerə toplaşaraq mahnının tarixçəsi ilə bağlı 1news.az-a müsahibə vermişdilər.

Paylaş:
331

Son xəbərlər

Bütün xəbərlər