Estoniyanın Tartu Universitetində 27 sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib - FOTO

Estoniyanın qocaman Tartu Universitetində 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbir təşkil olunub.
1news.az xəbər verir ki, tədbir Azərbaycanın Estoniyadakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Tartu Universitetində təhsil alan azərbaycanlı və əcnəbi tələbələr, Tartuda yaşayan Azərbaycan icmasının nümayəndələri iştirak etmişlər.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbirdə giriş nitqi ilə çıxış edən Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov vurğuladı ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən mərd oğullarımızın müqəddəs ruhuna dərin ehtiram və minnətdarlığımızın təcəssümü olaraq, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 27 sentyabr tarixi hər il ölkəmizdə Anım Günü kimi qeyd olunur.
Bu gün, ölkəmizə qarşı təcavüzə və torpaqlarımızın 30 ilə yaxın işğalına son qoyulması ilə nəticələnən 44 günlük Vətən müharibəsinin başlanmasından 5 il ötdüyü bildirildi.
Qeyd olundu ki, məhz 5 il əvvəl 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərlik etdiyi Şanlı Ordumuz 30 illik tarixi ədalətsizlik, ərazi bütövlüyümüz, suverenliyimiz və beynəlxalq hüququn kobud şəkildə pozulmasına qarşı müqəddəs mübarizəyə qalxdı.
Bildirildi ki, postmünaqişə dövründə Azərbaycanın qarşısında duran ən ağır humanitar problemlərdən biri Ermənistan tərəfindən işğal dövrü ərzində yerləşdirilmiş minaların yaratdığı təhlükədir. Xüsusi olaraq vurğulandı ki, İkinci Qarabağ Müharibəsi başa çatandan bu günədək 400-dən çox vətəndaşımız mina qurbanı olub. Bu geniş mina təhdidinin işğaldan azad olunmuş ərazilərə həyata keçirilən köç prosesinin, eyni zamanda bərpa və quruculuq işlərinin təhlükəsiz şəkildə aparılmasına ciddi maneə törətdiyi qeyd olundu.
Vurğulandı ki, keçmiş münaqişənin sağalmayan yaralarından biri olan itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi, Ermənistanın təcavüzü zamanı soydaşlarımıza qarşı insanlıq əleyhinə cinayətlər törədənlərin hüquqi məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər postmünaqişə səylərinin ayrılmaz tərkib hissəsi kimi davam etdirilməkdədir.
Daha sonra çıxış edən Tartu Universitetinin nəzdində fəaliyyət göstərən “Türk Dili Mərkəzi”nin rəhbəri Xaqani Qayıblı rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Qələbənin tarixi əhəmiyyətindən danışaraq, bu gün Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycanın bütün dünyada qalib dövlət, xalqımızın isə məğrur xalq kimi tanındığını qeyd etdi.
Tartu Universitetində təhsil alan azərbaycanlı tələbələr çıxış edərək torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn qəhrəman oğullarımızın bu gün ehtiramla yad edildiyini, harada yaşamalarından və təhsil almalarından asılı olmayaraq dünya azərbaycanlılarının dövlət müstəqilliyimizin və suverenliyimizin möhkəmləndirilməsi naminə azərbaycançılıq ideologiyası ətrafında daha sıx birləşməyə hər zaman hazır olduqlarını qeyd etdilər. Gənc tələbələr bu cür görüşlərin və tədbirlərin təşkilinin önəmliliyini qeyd edərək, Azərbaycanın dünyada daha geniş tanıdılması və təbliği baxımından bundan sonra da öz töhfələrini verməyə davam edəcəklərini bildirdilər.
Tədbir, tələbələrin interaktiv diskussiya formatında davam etmişdir.
.jpeg)


.jpeg)
.jpeg)

.jpeg)

