Nigar Məmmədova: “Yeni qanun layihəsi dövlət xidmətlərində peşəkarlıq və şəffaflığı daha da artıracaq”

“Hər bir vətəndaş dövlət xidmətlərindən bu və ya digər şəkildə istifadə edir, bu baxımdan xidmət sahəsində islahatlar hər zaman zəruridir".
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova bildirib.
Deputat deyib ki, “Dövlət xidmətləri haqqında” qanun layihəsi vətəndaşlara və dövlət qurumlarına keyfiyyətli, əlçatan və şəffaf xidmətlərin göstərilməsini təmin etməyə yönəlib:
“Layihə çərçivəsində bütün xidmətlərin ümumi reyestrdə birləşməsi həm vətəndaşlar, həm də dövlət orqanları üçün etimad və əminlik yaradır. Xidmətin keyfiyyətinin və əlçatanlığının artırılması, vətəndaşların hüquqlarının müdafiəsi, əhalinin məlumatlandırılması, şikayətlərin araşdırılması kimi məsələlər layihədə əksini tapıb. Qanun layihəsinin əsas prinsiplərindən biri şəffaflıq və hesabatlılıqdır”.
Nigar Məmmədova qeyd edib ki, xidmətlərin “ASAN xidmət indeksi” əsasında qiymətləndirilməsi dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarəti gücləndirəcək:
“Vətəndaşların qiymətləndirmə prosesinə cəlb edilməsi, onların təklif və ideyalarının nəzərə alınması məmnunluq səviyyəsini yüksəldəcək. Xidmətlərin effektivliyini ölçmək üçün dəqiq standartların müəyyən edilməsi, rəqəmsal sistemin tam inteqrasiyası və geridönüş mexanizmlərinin tətbiqi layihənin əsas üstünlüklərindəndir”.
Deputat vurğulayıb ki, qanun layihəsində məlumatların qorunması və rəqəmsal təhlükəsizlik məsələləri də xüsusi yer tutur:
“Daxili nəzarət mexanizmləri vasitəsilə mümkün pozuntuların qarşısı alınacaq, hesabatların etibarlılığı təmin ediləcək. Bu, həm də risklərin idarə edilməsində vacib rol oynayacaq”.
Nigar Məmmədovanın sözlərinə görə, layihə bütün əhali kateqoriyalarını, o cümlədən həssas qrupları, ahılları və regionlarda yaşayan vətəndaşları əhatə edir:
“Əsas məqsəd bürokratik maneələri və vaxt itkilərini aradan qaldırmaq, korrupsiya risklərini minimuma endirməkdir. Dövlət xidmətlərindən bərabərhüquqlu istifadə ədalət prinsipinin təminatı deməkdir”.
Deputat əlavə edib ki, qanun qəbul edildikdən sonra aidiyyəti qurumlar arasında koordinasiyanın güclənməsi xidmət keyfiyyətinin daha da yüksəlməsinə səbəb olacaq:
“Kadr potensialı, etik davranış standartlarının qorunması və düzgün insan resursları siyasəti xidmət səviyyəsinə birbaşa təsir göstərəcək”.
Nigar Məmmədova sonda vurğulayıb ki, yeni qanun layihəsi dövlət xidmətlərində peşəkarlıq, hesabatlılıq, keyfiyyət və sosial ədalət prinsiplərini möhkəmləndirəcək:
“Uzun növbələr və kağız dövrü artıq geridə qalıb. Yeni nəsil yanaşmalar və rəqəmsal transformasiya dövlətlə vətəndaş arasında etimadı daha da gücləndirəcək”.