Azərbaycan BMT-nin Hökumətlərarası İşçi Qrupunda həmsədr seçilib - FOTO
Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Assambleyasının "Hər kəs üçün Münasib Mənzil" 2023-cü ildə qəbul edilmiş müvafiq qətnaməsi ilə yaradılmış Açıq Hökumətlərarası İşçi Qrupun BMT-nin Məskunlaşma Proqramının (“UN-Habitat”) Keniyanın paytaxtı Nayrobidə yerləşən qərargahında keçirilən 2-ci sessiyası (“OEWG-H2”) çərçivəsində Azərbaycan həmin İşçi Qrupun bürosunun həmsədri vəzifəsinə seçilib.
üronun digər həmsədri vəzifəsinə isə Somali seçilib. Həmsədrlik 2025-2026-cı illəri əhatə edəcək. Bundan öncə, büroya həmsədrlik Keniya və Fransa tərəfindən həyata keçirilib.
Hər kəs üçün Münasib Mənzil Təminatı üzrə Hökumətlərarası İşçi Qrup əhalinin təhlükəsiz, dayanıqlı və əlçatan mənzil ilə təmin olunması məqsədilə qlobal siyasətin formalaşması və icrasının sürətlənməsi üzrə BMT-nin Məskunlaşma Assambleyasının katibliyi rolunu oynayır, tövsiyələr hazırlayır, üzv ölkələrin bu istiqamətdə fəaliyyətini əlaqələndirir.
İşçi Qrupun bürosuna həmsədrlik Azərbaycanın qlobal şəhərsalma proseslərində iştirakının davamlığına, dünyada mənzil təminatı məsələlərinin həllinə daha böyük töfhə verməsinə xidmət edəcək. Bununla yanaşı, bu yüksək vəzifə 17-22 may 2026-cı il tarixlərində Bakıda “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (“WUF13”) nəticələri və təşəbbüslərinin önə çıxarılması üçün mühüm platforma olacaq.
Dayanıqlı şəhərsalma və insan məskənləri sahəsində ixtisaslaşmış “UN-Habitat” və Azərbaycan arasında əməkdaşlıq son illərdə dinamik inkişaf edir. “WUF13”-ə ev sahibliyi ilə bərabər, ölkəmiz “UN-Habitat” İcraiyyə Şurasının üzvüdür. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ADA Universitetinin ekspertləri “UN-Habitat” tərəfindən hazırlanan “İnsan-mərkəzli Ağıllı Şəhərlər üzrə Beynəlxalq Qaydalar”ı hazırlayan İşçi Qrupun üzvüdür. 2023-cü ildə “UN-Habitat”ın Ümumdünya Məskunlaşma Günü (“WHD23”) Azərbaycanda keçirilib. 2022, 2023 və 2025-ci illərdə baş tutan Azərbaycanın Milli Şəhərsalma forumlarına “UN-Habitat” fəal dəstək verib.














