Bu gün tanınmış tarzən Qurban Pirimovun doğum günüdür
Bu gün Azərbaycanın Xalq artisti, tanınmış musiqiçi, tarzən Qurban Pirimovun doğum günüdür.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, anadan olmasının 145-ci ildönümü tamam olan görkəmli sənətkarın Azərbaycan musiqisi tarixində özünəməxsus yeri var.
1905-ci il Gəncə toylarının birində Cabbar Qaryağdıoğlu onun ifasını bəyənib və İslam Abdullayevin razılığı ilə gənci özü ilə Bakıya gətirib. Məşhur xanəndələri müşayiət edən tarzən onların arasında ən çox Xan Şuşinskiyə bağlanır. Şuşinski xatirələrində onu belə yad edir: “Mən Qurban Pirimovu sonuncu dəfə 1965-ci il avqustun 10-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında çıxış edərkən görmüşəm. Konsertdə gənc ifaçılarla bərabər, 85 yaşlı qocaman tarzən də iştirak edirdi. O, “Rahab” ifa edirdi. Sənət yollarında saç ağartmış tarzən öz sədəfli tarını sinəsinə, barmaqlarını simlərə gənclik ehtirası ilə toxundurduqca tellərdən qopan xoş səda dinləyicilərin ruhunu oxşayırdı. Tarzən “Rahab”ı 23 dəqiqə çaldı. Dinləyicilər hərarətli təbrik sədaları altında qocaman tarzəni üç dəfə səhnəyə dəvət etdilər”. Bəli, onda özünəməxsus çalğı ştrixləri olub. Bunlar onun öz tapıntısı, ürəyinin hərarəti idi. Q.Pirimovu tanıyanlar onun həm də çox zarafatcıl bir insan olduğunu xatırlayırlar. Həmişə zarafatla tarzənlərə deyərmiş ki, birdən yolla gedəndə sizə daş atarlar, tez əllərinizi gizlədin. Bircə əllərinizi qoruyun. Qurban Pirimov haqlı idi. Bizləri heyrətə salan, möcüzələr yaradan məhz həmin əllər idi. Həmin əllərin sehrindən süzülən musiqi hər kəsin qəlbini fəth edə bilirdi.
Xalq artisti, xanəndə Canəli Əkbərovun ustad tarzənlə bağlı xatirələrindən biri də belə idi: "50-ci illər olardı. Erməni tarzəni Bala Merkomyanla onun sənət yarışması olub. Bu yarış üçün erməni tarzəni xüsusi tar bağladıb. O, "Mahur"u, Qurban əmi isə "Bayatı Şiraz"ı çalıb. Qurbanın çalğısına sinə gərmək hər tarzənə qismət olmayıb. O, elə aydın, səlis, yumşaq, şirin çalıb ki, həmkarı tarı qoyub, səhnəni tərk edib".
Tarzənlər bu gün böyük sənətkarın yolunu davam etdirərək öz sələflərini unutmağa qoymurlar. Ancaq Qurban Pirimovun öz sözləri ilə desək, “Öyrənmək ustad olmaqda ümdə şərtdir. Amma gərək hər bir ustadın öz barmaqları olsun”.
Sənətkar 1931-ci ildə Xalq artisti adına layiq görülüb. Ona verilən ən böyük qiymət isə xalq məhəbbətidir. 70 ildən çox köksünə sıxıb dilləndirdiyi tar Qurbansız qalsa da, Azərbaycan tar sənəti Qurbansız deyil və olmayacaq, ulu tarımız əbədi yaşayacaq.
Deyirlər ki, insanı özündən sonra üç amil yaşadır: əməlləri, əsərləri və övladları. Bu mənada Qurban Pirimov çox xoşbəxt insan olub ki, bu deyilən amillər onu bu günə qədər yaşadıb və bu yaşantı əbədidir. Sənətkar 1965-ci il avqustun 29-da dünyasını dəyişib.
Qurban Pirimovun nəvəsi, bəstəkar, Xalq artisti, professor Sevda İbrahimova babası haqqında deyib: "Bizim ailə poeziya və musiqi ilə sıx əlaqədar olub. Babam ustad tarzən Qurban Pirimov, atam görkəmli yazıçı Mirzə İbrahimov və anam - ilk pianoçu qadın Sara xanım. Əlbəttə, belə bir mühitdə böyümək təbii ki, xoşbəxtlikdir. Amma bir xoşbəxtlik də onda oldu ki, mən də ruhən musiqi dünyasına bağlandım. Elə bu hisslərimi də duyanlardan birincisi məhz Qurban baba oldu. Hələ mən uşaq idim, birinci, ikinci sinifdə oxuyardım o, tarda məxsusən mənim üçün muğamlar ifa edərdi. Təbii ki, mən böyüdükcə babamın ustadlığını daha dərindən dərk edirdim. O da mənim musiqi qabiliyyətimə çox ciddi yanaşmağa başladı. Pianoda ifalarımdan babam çox məmnun qalardı. Artıq ailəmizdə belə bir ənənə yaranmışdı. Nə isə bir ailə tədbiri olanda mütləq babam tarda ifa edər, mən də onu fortepianoda müşayiət edərdim. O vaxtlar istirahət günləri radioda "Muğamat konserti" veriləndə Qurban baba, atam, anam və biz uşaqlar sanki konsert salonunda olduğu kimi həmin proqramı diqqətlə dinləyərdik".
Xatırladaq ki, tarın hazırlanması və tar ifaçılıq sənəti 2012-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu hadisə Prezident İlham Əliyevin xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısı, həmçinin Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təşviqi məqsədilə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsləri və dəstəyi ilə həyata keçirilən silsilə tədbirlər nəticəsində mümkün olub.









