Azərbaycanın vergi orqanlarına oktyabrda 45 minə yaxın müraciət daxil olub
Bu ilin oktyabr ayında Azərbaycandakı vergi orqanlarına ümumilikdə 44 757 müraciət daxil olub.
1news.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 16,3 % azdır.
Müraciətlərin 95,2 %-i ərizə, 4,7 %-i şikayət, 0,1 %-i təkliflərdən ibarət olub.
Daxil olmuş müraciətlərdən 66,9 %-nin baxılması hesabat dövründə başa çatdırılıb, 33,1 %-i isə hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərdən 69,5 %-i həll olunub, 29,2 %-i barədə müvafiq izahat verilib, digərləri ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.
Daxil olmuş faktiki şikayətlərdən 137-si həll edilib. Bunlar, əsasən, kameral vergi yoxlamaları, maliyyə sanksiyalarının silinməsi, vergi bəyannamələri, vergi ödəyicilərinin qeydiyyatı, operativ vergi nəzarəti tədbirləri, vergi orqanı əməkdaşlarının hərəkəti (və ya hərəkətsizliyi), şəxsi hesab vərəqələri və digər məsələlərlə bağlı olub.
Oktyabrda Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər ümumilikdə 48 vətəndaşı qəbul edib. Qəbul zamanı hər bir müraciətə fərdi yanaşılıb, vətəndaşların qanuni tələblərinin müsbət həlli üçün zəruri tədbirlər görülüb.












