Samir Məmmədov: Azərbaycanda süni intellektdən etik və məsuliyyətli istifadəni təmin etmək üçün normativ baza formalaşdırılır
“Ölkəmizdə süni intellektin inkişafını təmin edəcək hüquqi-normativ baza və konseptual çərçivəni müəyyən edən Süni İntellekt Strategiyası artıq təsdiqlənib”.
1news.az xəbər verir ki, bu barədə ASAN xidmətin ASAN Süni İntellekt Mərkəzinin (ASAN AI HUB) açılış mərasimində çıxış edən Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Samir Məmmədov məlumat verib.
Nazir müavini bildirib ki, strategiyanın əsas istiqamətləri süni intellektin idarə edilməsinin inkişafı və təkmilləşdirilməsi, məlumat (data) bazalarının və infrastrukturun yaradılması, süni intellekt sahəsində istedad və bacarıqların artırılması, eləcə də əlverişli biznes mühitinin formalaşdırılmasını əhatə edir:
"Süni intellektdən etik prinsiplərə uyğun və məsuliyyətli şəkildə istifadəni təmin etmək üçün normativ-hüquqi baza hazırlanır. Bu tənzimləmələr insan hüquqları və məlumatların məxfiliyinə xüsusi önəm verərək, süni intellektdən istifadə proseslərini optimallaşdıracaq. Qeyd edilməlidir ki, formalaşdırılan hüquqi çərçivə süni intellektin inkişafını məhdudlaşdırmaq məqsədi daşımır, əksinə ölkədə rəqəmsallaşma proseslərini daha da gücləndirməyə xidmət edir".
O əlavə edib ki, cari ildə Azərbaycanda süni intellekt sahəsində ilk dövlət standartlarının qəbuluna başlanılıb.
"Yeni standartlar süni intellekt texnologiyalarının tətbiqi zamanı risklərin idarə olunmasını, etik qaydalara əməl edilməsini və şəffaflığın təmin olunmasını nəzərdə tutur. Bundan başqa, süni intellekt sistemlərinin qurulması, tətbiqi, saxlanması və davamlı olaraq təkmilləşdirilməsinə dair ən müasir alqoritm və yanaşmaları özündə birləşdirir", — deyə nazir müavini qeyd edib.
Bu istiqamətdə aparılan işlər ölkəmizdə süni intellekt ekosisteminin daha dayanıqlı və effektiv şəkildə formalaşmasına zəmin yaradır.












