İstanbulda “Kəlbəcər” tankerində vəziyyət nəzarət altındadır - ASCO-dan açıqlama - YENİLƏNİB
İstanbulun Florya sahillərində Kiçikçəkməcə lövbər rayonunda müşahidə olunan küləkli hava şəraiti səbəbindən “Kəlbəcər” tankerinin lövbər zənciri yaxınlıqdakı Türkiyə bayraqlı “Alatepe” tankerinin pərinə ilişib.
ASCO-dan 1news.az-a verilən xəbərə görə, hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib.
Mövcud təlimata uyğun olaraq, liman müfəttişliyinin heyəti əraziyə cəlb olunub.
Hazırda xidmət əməkdaşları tərəfindən hər iki gəmidə müvafiq texniki işlər aparılır və lövbər zəncirinin təhlükəsiz şəkildə buraxılması istiqamətində tədbirlər davam etdirilir.
Hadisə zamanı gəmidə yük olmayıb.
Vəziyyət nəzarət altındadır, heyətin təhlükəsizliyi ilə bağlı hər hansı narahatlıq yoxdur.
Xilasetmə işlərinin gedişatı ilə bağlı ətraflı məlumat veriləcək.
***
Saat
13:52
İstanbulun Florya sahillərində “həyəcan siqnalı” alınıb. Azərbaycan və Türkiyə bayrağı altında üzən iki tanker arasında təmas baş verib.
1news.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb. Nazirlik hadisə yerinə xilasetmə qruplarının göndərildiyini açıqlayıb. Hazırda ərazidə təxliyə işləri davam etdirilir.












