Azad edilmiş ərazilərdə 7000-dən artıq LED işıqlandırma qurğusu quraşdırılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azad edilmiş ərazilərdə 7000-dən artıq LED işıqlandırma qurğusu quraşdırılıb

Qafar Ağayev11:00 - 06 / 01 / 2026
Azad edilmiş ərazilərdə 7000-dən artıq LED işıqlandırma qurğusu quraşdırılıb

Azərbaycanın azad edilmiş ərazilərində 7 mindən artıq LED işıqlandırma qurğusu quraşdırılıb.

Bu barədə 1news.az-a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin "Yaşıl Enerji Zonası" kimi inkişafına dair siyasətinə uyğun olaraq, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan enerjidən istifadənin genişləndirilməsi ilə yanaşı, enerji səmərəliliyini təmin edən müasir texnologiyaların tətbiqi də ardıcıl şəkildə həyata keçirilir.

Bu çərçivədə ənənəvi işıqlandırma sistemləri ilə müqayisədə az enerji sərfiyyatı, uzun istismar müddəti və aşağı texniki xidmət xərcləri ilə seçilən LED texnologiyaları "yaşıl enerji zona"larının dayanıqlı inkişafını təmin edən əsas amillərdən biridir. Müasir şəhərsalma və yaşayış məntəqələrinin infrastrukturunun tərkib hissəsi kimi LED əsaslı və günəş enerjisi ilə çalışan hibrid işıqlandırma sistemləri hazırda azad edilmiş ərazilərdə geniş şəkildə tətbiq olunur. İndiyədək bu ərazilərdə 7000-dən artıq LED əsaslı işıqlandırma qurğusu quraşdırılıb.

Bunun təqribən 40 %-i, yəni 3 000 ədədi günəş enerjisi ilə işləyən hibrid sistemlərdir. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Şuşa, Xocalı, Laçın, Ağdərə və digər şəhər və rayonlarda yeni salınan küçə və avtomobil yollarının işıqlandırılmasında əsasən LED texnologiyalarından istifadə edilir. Bir sıra yaşayış məntəqələrində isə monokristal günəş panelləri ilə təchiz edilmiş, avtonom rejimdə çalışan işıq dirəkləri quraşdırılıb ki, bu da mərkəzləşdirilmiş elektrik şəbəkəsindən asılılığın minimuma endirilməsinə imkan yaradır. Bərpa və yenidənqurma işlərinin mərhələli şəkildə davam etdirilməsi fonunda, bu göstəricilərin növbəti illərdə daha da artacağı gözlənilir.

Beynəlxalq təcrübəyə əsasən, yaşayış məntəqələrində küçə işıqlandırması ümumi elektrik enerjisi istehlakının təxminən 2-5 %-ini təşkil edir. Son illərdə bir sıra ölkələrdə LED və günəş enerjisi əsaslı sistemlərə keçid nəticəsində bu göstərici 2 dəfə azalıb.

Paylaş:
162

Son xəbərlər

Bütün xəbərlər