Sənədsiz evlər üçün “əmlak amnistiyası” nə vəd edir? - Emin Hacıyevdən ŞƏRH | 1news.az | Xəbərlər
İqtisadiyyat

Sənədsiz evlər üçün “əmlak amnistiyası” nə vəd edir? - Emin Hacıyevdən ŞƏRH

12:19 - Bu gün
Sənədsiz evlər üçün “əmlak amnistiyası” nə vəd edir? - Emin Hacıyevdən ŞƏRH

“Azərbaycanda uzun illərdir mövcud olan və cəmiyyətin ən mürəkkəb sosial-iqtisadi problemlərindən birinə çevrilmiş sənədsiz və plansız tikililər məsələsi 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan olunması fonunda yenidən gündəmə gəlib”.

Bunu 1news.az-a açıqlamasında iqtisad elmləri namizədi Emin Hacıyev deyib.

O, bildirib ki, bu mövzuya artıq yalnız hüquqi və urbanistik problem kimi deyil, eyni zamanda böyük iqtisadi potensiala malik struktur islahatı prizmasından baxılır.

“ Sənədsiz evlərin leqallaşdırılması təkcə vətəndaşların mülkiyyət hüquqlarının tanınması deyil, həm də kölgə iqtisadiyyatının daraldılması, vergi bazasının genişləndirilməsi və dövlət büdcəsi üçün uzunmüddətli, dayanıqlı gəlir mənbələrinin formalaşdırılması deməkdir”.

Ekspertin sözlərinə görə, mütəxəssislərin hesablamaları Azərbaycanda 500 mindən çox çıxarışsız yaşayış evinin sənədləşdirilməsinin real olduğunu göstərir.

“Bu, faktiki olaraq yüz minlərlə daşınmaz əmlak obyektinin qeyri-rəsmi dövriyyədən çıxaraq hüquqi-iqtisadi sistemə daxil olması anlamına gəlir. Hər bir sənədləşdirilmiş ev avtomatik olaraq vergi uçotuna düşür və bu da əmlak və torpaq vergisi, gələcək alqı-satqılar zamanı dövlət rüsumları və notariat haqları hesabına büdcə üçün davamlı maliyyə axını yaradır. Ən önəmlisi isə odur ki, bu gəlirlər birdəfəlik deyil, uzunmüddətli fiskal baza formalaşdırır”.

Emin Hacıyev

Emin Hacıyev dünya təcrübəsinə də diqqət çəkərək bildirib ki, bu problem bir çox ölkələrdə oxşar mexanizmlərlə həll olunub.

“Türkiyədə tətbiq edilən ‘imar barışı’ proqramları nəticəsində milyonlarla qeyri-qanuni tikili leqallaşdırılıb və dövlət büdcəsinə milyardlarla lirə əlavə gəlir əldə olunub. Eyni zamanda daşınmaz əmlak bazarında şəffaflıq artıb, ipoteka və kreditləşmə genişlənib. İtaliya, Yunanıstan və İspaniyada da oxşar yanaşmalar iqtisadi aktivliyin artmasına səbəb olub”.

Ekspert qeyd edib ki, Azərbaycanda əsas çətinliklərdən biri sənədsiz evlərin qeyri-yaşayış təyinatlı torpaqlarda tikilməsidir, lakin bu problem də hüquqi mexanizmlərlə həll edilə bilər.

“Beynəlxalq praktika göstərir ki, torpaq təyinatının dəyişdirilməsi və ya xüsusi hüquqi mexanizmlər vasitəsilə bu məsələni həll etmək mümkündür. Əmlak amnistiyası bu baxımdan ən effektiv alətlərdən biridir. Bu yanaşma həm vətəndaşın sosial problemini həll edir, həm də dövlətin inzibati xərclərini azaldaraq real iqtisadi dövriyyəni genişləndirir”.

Onun sözlərinə görə, sənədləşmə həmin evlərin bazar dəyərinə də birbaşa təsir edir.

“Çıxarışsız evlər bazarda riskli hesab olunur və real dəyərindən ucuz satılır. Sənədləşmədən sonra isə bu evlər rəsmi əmlaka çevrilir, qiymətləri yüksəlir, banklar üçün girov predmeti olur. Vətəndaş kredit ala, investisiya qoya, biznes qura bilir. Bu isə təkcə fərdi rifah deyil, ümumilikdə daxili bazarın canlanması deməkdir”.

Emin Hacıyev vurğulayıb ki, sənədsiz evlərin leqallaşdırılması kirayə bazarına da müsbət təsir göstərəcək.

“Hazırda sənədsiz evlərin böyük hissəsi qeyri-rəsmi kirayə verilir və bu dövriyyədən büdcəyə faktiki olaraq vəsait daxil olmur. Gəlir vergisinin 10 faizə endirilməsi isə kirayə bazarının leqallaşdırılması üçün ciddi stimuldur. Bu, həm hüquqi münasibətləri tənzimləyir, həm də büdcəyə stabil və uzunmüddətli gəlirlər yaradır”.

Ekspert təhlükəsizlik məsələlərinin xüsusi diqqətdə saxlanılmasının vacibliyini də qeyd edib.

“Əmlak amnistiyası selektiv şəkildə həyata keçirilməlidir. Neft hasilatı aparılan ərazilər, yüksək gərginlikli elektrik xətləri, magistral qaz kəmərləri, sel və sürüşmə riskli zonalar, eləcə də strateji təyinatlı torpaqlarda yerləşən tikililərə amnistiya verilməsi yolverilməzdir. Bu məhdudiyyətlər ictimai təhlükəsizlik və dövlət maraqları baxımından zəruridir”.

O əlavə edib ki, bu proses gələcəkdə oxşar problemlərin yaranmaması üçün institusional məsuliyyətlə müşayiət olunmalıdır.

“Əmlak amnistiyası yalnız vətəndaşlara güzəşt kimi deyil, eyni zamanda nəzarət mexanizmlərinin gücləndirilməsi ilə paralel aparılmalıdır. Əks halda, bu, yeni qanunsuz tikintilər üçün presedent yarada bilər”.

Sonda Emin Hacıyev bildirib ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” çərçivəsində bu məsələ ölkənin uzunmüddətli inkişaf strategiyası ilə üst-üstə düşür.

“Sənədsiz evlərin leqallaşdırılması vətəndaşın illərlə yaşadığı hüquqi qeyri-müəyyənliyə son qoyur və onu iqtisadi inkişafın fəal subyektinə çevirir. Mülkiyyət hüququnun tanındığı, sosial təhlükəsizliyin təmin olunduğu bu model güclü dövlət–güclü cəmiyyət vəhdətinin ən aydın təzahürüdür”.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər