İranda etirazlar: Ölənlərin sayı artır, 19 minədək insan saxlanıldı
ABŞ mərkəzli İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) İranda baş verən hadisələrlə bağlı növbəti hesabatını yayıb.
1news.az xəbər verir ki, HRANA-nın məlumatına görə, ölkənin müxtəlif bölgələrində baş verən etiraz aksiyaları və qarşıdurmalar nəticəsində 2 600-dən çox insan yaralanıb, 19 097 nəfər isə saxlanılıb.
Hesabatda qeyd olunur ki, etirazlar zamanı baş verən hadisələr nəticəsində 2 677 nəfər həyatını itirib.
İran rəsmiləri isə indiyədək etiraz aksiyaları zamanı ölən və yaralananların ümumi sayı ilə bağlı rəsmi açıqlama verməyib.
Qeyd edək ki, ABŞ-ın Virciniya ştatı mərkəzli HRANA təşkilatı bir gün əvvəl yaydığı yenilənmiş məlumatda ölənlərin sayının 2 615 nəfərə çatdığını bildirmişdi.
İranda etiraz aksiyaları
Xatırladaq ki, İranda 28 dekabr 2025-ci ildə milli valyutanın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi və iqtisadi problemlər səbəbindən Tehranın Böyük Bazarında başlayan etirazlar qısa müddətdə ölkənin bir çox şəhərinə yayılıb.
Yanvarın 8-də Tehranda etirazların şiddətlənməsindən sonra baş verən qarşıdurmalar fonunda ölkə rəhbərliyi internetə çıxışı məhdudlaşdırıb.











