Xankəndiyə köçən keçmiş məcburi köçkünlərə evlərinin açarları təqdim olunub - YENİLƏNİB 1 | 1news.az | Xəbərlər
Cəmiyyət

Xankəndiyə köçən keçmiş məcburi köçkünlərə evlərinin açarları təqdim olunub - YENİLƏNİB 1

14:59 - Bu gün
Xankəndiyə köçən keçmiş məcburi köçkünlərə evlərinin açarları təqdim olunub - YENİLƏNİB 1

Yanvarın 21-də Xankəndi şəhərinə ilk köç prosesi reallaşıb.

1news.az AZƏRTAC-a istinadəm xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış Xankəndi şəhərindən olan keçmiş məcburi köçkünlərdən ibarət 36 ailə (162 nəfər) doğma yurduna qayıdıb. Onların 35 ildən sonra Xankəndiyə qayıdışı böyük coşqu ilə qarşılanıb.

Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin ruhu ehtiramla yad olunub. Sakinlərə yeni mənzillərinin açarlarını təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Bu ərazilər qısa müddət ərzində yenidən dirçəldilir, müasir yaşayış məkanları, sosial infrastruktur obyektləri, yollar, məktəblər, səhiyyə və mədəniyyət müəssisələri bərpa və inşa olunur.

S.Qəhrəmanov vurğulayıb ki, “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma torpaqlarına qayıdışı təmin edilir və bu proses dövlətin daim diqqət mərkəzindədir. O qeyd edib ki, əsas məqsəd insanların təhlükəsiz, rahat və layiqli yaşayış şəraiti ilə təmin olunması, eyni zamanda, bölgədə dayanıqlı iqtisadi və sosial həyatın formalaşdırılmasıdır.

Şəhid atası Kamran Nəsirov bu tarixi anlardan, torpağa qovuşmağın xoşbəxtliyindən danışıb. Digər Xankəndi sakini Nadir Rəşidov da bu anı illərlə gözlədiyini, bu günləri yaşadan qəhrəman oğullarımız qarşısında baş əydiklərini deyib.

ANAMA-nın mütəxəssisləri sakinlərlə maarifləndirici söhbətlər aparıb, şübhəli əşyalar gördükdə onlardan uzaq durmalarını tövsiyə ediblər.

Qeyd edək ki, Xankəndi şəhərinə ilk köç bölgədə həyatın bərpası və dayanıqlı məskunlaşmanın təmin olunması istiqamətində mühüm mərhələ hesab olunur.

Xatırladaq ki, Xankəndi şəhəri və Kərkicahan qəsəbəsi 1991-ci ildə işğala məruz qalıb. 2023-cü il 19–20 sentyabr tarixlərində keçirilən lokal xarakterli antiterror əməliyyatı nəticəsində Azərbaycan əsgəri şəhərə nəzarəti bərpa edib.

13:43

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Yanvarın 21-də Xankəndi şəhərinə yola düşən ilk köç karvanı ünvana çatıb.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, ilk mərhələdə Xankəndi şəhərinə 36 ailə - 162 nəfər köçürülüb.

Xankəndi şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

***

09:39

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Xankəndi şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə Xankəndi şəhərinə 36 ailə - 162 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Paylaş:
285

Son xəbərlər

Bütün xəbərlər