Hikmət Rəhimov: “Səkkiz” geri qayıtdı və yayımı bərpa olundu
“Səkkiz” serialının yayımı yenidən bərpa olunub.
1news.az xəbər verir ki, bu barədə serialın quruluşçu rejissoru və baş rol ifaçısı, aktyor Hikmət Rəhimov sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, serialın 2-ci bölümü yanvarın 24-də, saat 23:00-da ARB kanalında yayımlanacaq.
“Şükürlər olsun ki, “Səkkiz” geri qayıtdı və yayımı bərpa olundu. Dövlət həm yaradıcı heyətin fəaliyyətinə, həm də tamaşaçıların maraq və istəyinə müsbət yanaşdı. Buna görə həm öz adımdan, həm də yaradıcı heyət adından təşəkkürümüzü bildiririk. Ədalətli qərar verən, Azərbaycan kino və serial sənayesinin inkişafını dəstəkləyən hər kəsə dərin minnətdarlığımızı ifadə edirik. Senzura qadağaları incəsənətin inkişafına maneə yaradan amillərdəndir. Bununla belə, biz bütün qanunlara hörmətlə yanaşırıq”, – deyə aktyor qeyd edib.
Xatırladaq ki, bir neçə gün əvvəl serialın ilk bölümündə qeyri-etik ifadələrin yer alması səbəbindən ARB kanalının yayımı 3 saat müddətinə dayandırılmışdı. Daha sonra serialın həm “YouTube” platformasında, həm televiziya, həm də kinoteatrda nümayişinin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul olunmuşdu.
Qeyd edək ki, “Səkkiz” serialı psixoloji triller janrında çəkilib və 12 seriyadan ibarətdir.








