İcbari tibbi sığorta üzrə ən çox istifadə edilən xidmətlər və əsas xəstəlik qrupları açıqlanıb
“İcbari tibbi sığorta çərçivəsində vətəndaşların ən çox müraciət etdiyi tibbi xidmətlər və aparıcı xəstəlik qrupları məlum olub”.
1news.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 2025-ci ilin yekunları və hədəfləri mövzusunda keçirilən mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
O bildirib ki, vətəndaşların icbari tibbi sığorta çərçivəsində ən çox üz tutduğu xidmətlər ixtisaslı həkim müayinələri, radioloji və USM xidmətləri, eləcə də ginekoloji xidmətlərdir.
Diaqnoz qrupları üzrə statistikaya toxunan Zaur Əliyev qeyd edib ki, ən çox göstərilən tibbi xidmətlər əsasən xroniki və həyat keyfiyyətinə birbaşa təsir edən xəstəliklərlə bağlıdır.
“Ən çox yayılan xəstəliklər arasında qan dövranı, endokrin, tənəffüs və həzm sistemi xəstəlikləri ön sıralarda yer alır”.
Agentlik sədri vurğulayıb ki, həm TƏBİB tabeli dövlət tibb müəssisələrində, həm də özəl tibb müəssisələrində aparıcı diaqnoz qrupları üzrə oxşar tendensiya müşahidə olunur.
“Belə ki, TƏBİB tabeli tibb müəssisələrində əsas maliyyə yükü qan dövranı, həzm və endokrin sistemi xəstəliklərinin payına düşür.”
Onun sözlərinə görə, özəl tibb müəssisələrinə yönəldilən ödənişlərdə isə qan dövranı sistemi, göz və gözün əlavə aparatının xəstəlikləri, eləcə də sümük-əzələ sistemi xəstəlikləri üstünlük təşkil edir.












