Qeyri-formal işləyənlər icbari tibbi sığortadan hələki əvvəlki qaydada yararlanacaq - Açıqlama
“Tibbi sığorta haqqında” Qanuna edilən dəyişikliklər icbari tibbi sığorta sistemində qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslərin iştirak mexanizmini tənzimləyəcək.
1news.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “2025-ci ilin yekunları və hədəflər” mövzusunda keçirilən mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
O bildirib ki, icbari tibbi sığorta 2021-ci ildən etibarən ölkə üzrə tətbiq olunur və bu müddət ərzində sistemin formalaşması və dayanıqlılığının təmin edilməsi məqsədilə dövlət müəyyən əhali qruplarını sığortahaqqı ödəməkdən azad edib. Dövlət beş il ərzində həmin vətəndaşların tibbi xidmət xərclərini öz üzərinə götürüb.
Zaur Əliyevin sözlərinə görə, növbəti mərhələdə məqsədyönlü maliyyələşmə modelinə keçid nəzərdə tutulur.
“Qanuna edilən dəyişikliklərdən biri də sığortaolunan şəxslərin əhatə dairəsinin dəqiqləşdirilməsinə və qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslərin icbari tibbi sığorta sistemində iştirak mexanizminin tənzimlənməsinə yönəlib.
Qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər icbari tibbi sığorta üzrə özləri ödəyici kimi çıxış edəcəklər, digər şəxslər üzrə isə sığortahaqqının ödənilməsi mexanizmi dəyişməyəcək”.
Rəsmi işləyənlərin sığortahaqlarını maaşlarından ödədiyini xatırladan Zaur Əliyev bildirib ki, qeyri-formal fəaliyyət göstərən şəxslərin də eyni prinsiplə sistemdə iştirak etməsi ədalətli bölgünü təmin edəcək və icbari tibbi sığorta sisteminin maliyyə sabitliyinə töhfə verəcək.
Onun sözlərinə görə, bu mexanizmin tətbiqi Nazirlər Kabinetinin müvafiq qaydası qüvvəyə mindikdən sonra mümkün olacaq.
“Qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslərin konkret siyahısı təsdiqlənənədək isə həmin şəxslər icbari tibbi sığortadan əvvəlki qaydada istifadə etməyə davam edəcəklər”.












