“Narkotiklər məktəblərə qədər daxil olub” – Ekspertdən ciddi xəbərdarlıq | 1news.az | Xəbərlər
Cəmiyyət

“Narkotiklər məktəblərə qədər daxil olub” – Ekspertdən ciddi xəbərdarlıq

Ayşən Salehli13:00 - Bu gün
“Narkotiklər məktəblərə qədər daxil olub” – Ekspertdən ciddi xəbərdarlıq

Son illərdə gənclər arasında narkotik istifadəsi narahatedici səviyyədə artıb.

Bu problem təkcə ayrı-ayrı ailələr üçün deyil, bütövlükdə cəmiyyət üçün ciddi təhdidə çevrilib. Xüsusilə uşaq və yeniyetmələrin bu təhlükə ilə erkən yaşlarda qarşılaşması məsələyə daha həssas və məsuliyyətli yanaşmanı zəruri edir. Bəs Azərbaycanda narkomaniya ilə bağlı mövcud vəziyyət nə yerdədir? Son illərdə hansı dəyişikliklər müşahidə olunur? Gənclər arasında narkotik istifadəsinə marağın artmasının əsas səbəbləri nələrdir? Cəmiyyətin narkomaniya ilə mübarizədə ən böyük boşluğu nədədir?

1news.az-ın suallarını cavablandıran psixoloq, narkomaniya üzrə təlimçi, ekspert Büllur Cavadqızı məsələ ilə bağlı son zamanlarda ölkəmizdə vəziyyətin olduqca acınacaqlı olduğunu söyləyib:

“Bu, cəmiyyətimizi ciddi şəkildə narahat edən sosial problemlərdən biridir. Xüsusən də, bunu vurğulayım ki, sintetik narkotik vasitələrin sayı artıb. Demək olar ki, narkotiklərin çox hissəsi sintetikdir. Ümumiyyətlə, təbii narkotik demək olar ki, sıfıra yaxındır. Ölkəmizdəki narkotiklərin 90 faizdən çoxu sintetikdir. Ən narahatedici məqam isə bu bəlanın gənclər və yeniyetmələr arasında sürətlə yayılmasıdır. Əvvəllər narkomanların yaşı 30-dan yuxarı idi, indi isə yaş həddi aşağı düşüb. Bu isə çox ciddi bir problemdir. Sintetik narkotik daha ucuz olduğu üçün daha asan əldə olunur. “Bir dəfə sınamaqla heç nə olmaz” düşüncəsi ilə insanlar arasında narkotiki yayırlar. Sosial şəbəkədən onlayn satışlar edirlər. Narkotikin onlayn əldə olunması çox təhlükəlidir.

Narkotik istifadəsi həm də cinayət və zorakılığın artmasına gətirib çıxarır. Çünki narkotik istifadə edən şəxs özündə olmur. Bu insanlar rahat şəkildə zorakılıq edə, cinayət törədə bilərlər. Narkomanın istifadə saatı çatıbsa, yenidən əldə etmək üçün hər bir cinayətə əl ata bilər. Ən təhlükəli dəyişikliklərdən biri də budur ki, narkotik yalnız bir mühitin problemi deyil. Məktəblərə, universitet və əyləncə məkanlarına qədər hər yerə daxil olub. Buna görə də biz narkotikdən qorunmaq məcburiyyətindəyik”.

Psixoloq qeyd edib ki, gənclər arasında narkotik istifadəsinin artmasının əsas səbəbləri psixoloji və sosialdır

“Stress, depressiya, özünü dəyərsiz hiss etmə, ailədaxili konflikt, travmalar psixoloji səbəblərdir. Sosial səbəblər isə dost əhatəsinin təsiri, “hamı istifadə edir” düşüncəsi, əyləncə və klub mühiti, həmçinin sosial şəbəkədə bunu normallaşdırma hallarıdır. İqdisadi və mənəvi səbəblər içərisində işsizlik, boş vaxtın səmərəli keçirilməməsi, məqsədsizlik və gələcəyə ümidsizlik dayanır. Hər şey gənclərin “bir dəfə sınayacam” düşüncəsi ilə başlayır və bu çox təhlükəlidir. Asılılıq məhz bir dəfə ilə başlayır. Ümumiyyətlə, narkomaniya asılılıq ilə başlayır. Buna görə də narkotik istifadəçilərinə xəstə deyirlər. Ən böyük problemlərdən biri də valideyn-övlad münasibətlərinin azalmasıdır. Yanlış dost seçimi insanı asanlıqla narkotikə yönləndirə bilir”.

O, narkotik istifadəsinin əlamətlərini vurğulayaraq valideyn və müəllimlərə çağırış etməyi unutmadı:

“İlkin əlamətlərə çox diqqətlə yanaşmaq lazımdır. İstifadəyə başlayan insanın davranışında mütləq şəkildə dəyişiklik baş verir. Əsəbilik, aqressiya, ailə və dostlardan uzaqlaşma, dərs göstəricilərinin zəifləməsi, gecə həyatının artması, yuxu rejiminin pozulması, gözlərinin qızarması, göz bəbəklərinin böyüməsi, halsızlıq, arıqlama, əllərdə titrəmə kimi bir çox əlamətlər var. Valideynlərin fikir verməli olduğu digər nüanslar isə övladın evdən tez-tez pul istəməsi, evdən əşyaların itməsi, evdə pulların əskilməsidir. Müəllimlərin diqqət etməli olduğu məqamlar şagirdin dərsə marağının azalması, davamiyyətin pozulması, diqqət yayınmasıdır.

Psixoloqun sözlərinə görə, cəmiyyətin narkomaniya ilə mübarizədə ən böyük boşluğu profilaktika və maarifləndirmənin gec başlamasıdır.

“Bu proses bütün Azərbaycanı əhatə etməlidir. Hər bir şagird və tələbə maarifləndirilməlidir. Narkotik istifadəçilərindən niyə bunu etdiyini soruşanda çox vaxt deyirlər ki, mənim narkotiklə bağlı heç bir məlumatım yox idi. Vaxtında bunları bilsəydim, istifadə etməzdim. Ona görə də mütləq şəkildə problem yaranmazdan öncə maarifləndirmə edilməlidir. Elə bir şəxs qalmamalıdır ki, bu barədə məlumatı olmasın. Məktəblərdə psixoloji dəstək xidmətləri olmalıdır. Ailə institutları gücləndirilməli, gənclər üçün sağlam sosial mühit yaradılmalıdır. Biz gənclərə yalnız deyirik ki, narkotik istifadə etmə. Amma yalnız bu kifayət etmir. Biz onlara həyatlarının dəyərini, məqsədini başa salmalıyıq. Çünki boşluğa düşənləri narkomanlar daha tez yoldan çıxartmağı bacarırlar. Beynəlxalq təcrübəni öyrənmək və bu sahədə dünyanın uğurlu modellərini götürüb ölkəmizdə tətbiq etmək son dərəcədə önəmlidir”.

Büllur Cavadqızı son olaraq asılılıqdan xilas olan şəxslərin cəmiyyətə inteqrasiyasından bəhs edib:

“İnsanlar narkotiki asılılıq xəstəliyi kimi yox, ayıb kimi görürlər. Cəmiyyətimiz hələ də onları xəstəlik kimi qəbul etmirlər. Asılılıqdan qurtulan şəxsləri yenidən həyata qaytarmaq üçün psixoloji reabilitasiya proqramları, peşə hazırlığı və iş imkanları, ailə və sosial dəstək, cəmiyyət tərəfindən damğalanmamanın təmin olunması çox vacibdir. Biz həmin insanlara ikinci şans verməli və cəmiyyətdən təcrid etməməliyik. Cəmiyyət sağalmış şəxslərdən qorxur və onlardan uzaq qaçmağa çalışır. Amma sağalmış şəxslər üçün fərdi və qrup terapiyaları olmalı, işlə təmin edilməlidirlər. Ailə üzvləri də bu prosesə cəlb olunmalıdır. Çünki mühit çox önəmlidir. Ailə övladına inam və etibarını göstərməlidir”.

1news.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov problemin ciddiliyini dilə gətirib:

“Bu hər birimizi ciddi formada narahat edən məsələdir. Nə qədər mübarizə aparılsa da, ölkəmizdə narkomaniya ilə bağlı proseslər gedir. Gənclər narkotik vasitələrə meyil göstərirlər. Rəsmi statistikada narkotik istifadəçilərinin sayı 40 min göstərilir. Əslində bu kifayət qədər böyük və narahatedici bir rəqəmdir. Bu məsələyə biganə qalmamalıyıq”.

“Hesab edirəm ki, marağın artmasının səbəblərindən biri də aparılan təbliğatdır”, - deyə fikrinə davam edən deputat həll yollarından danışıb:

“Burada müəllimlər və valideynlər çox diqqətli olmalıdır. Maarifləndirmə işləri daha intensiv, sistemli və geniş aparılmalıdır. İnteqrasiya məsələsində boşluqlarımız var. Cəmiyyət belə insanları yenidən qəbul etmək istəmir. Bu da birmənalı olaraq prosesə öz mənfi təsirini göstərməkdədir”.

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər