Martda Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzində xidmət səviyyəsi 90 faizi keçib
Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzində mart ayı ərzində məhkəmə qərarlarının icrası, notariat, qeydiyyat, penitensiar sahə, bələdiyyələrin fəaliyyəti, məhkəmə ekspertizası, probasiya və digər aidiyyəti sahələr üzrə daxil olan 16 min 52 müraciətdən 15 min 818-si cavablandırılıb. Vətəndaşlara göstərilən xidmət səviyyəsi (daxil olan zənglərin 30 saniyə ərzində cavablandırmaya qəbul faizi) 90.57 faiz olub, vətəndaş müraciətləri ilə bağlı orta xidmət müddəti 1 dəqiqə 47 saniyə təşkil edib.
Bu barədə 1news.az-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Çağrı Mərkəzində müraciətlərin birbaşa cavablandırılması ilə yanaşı, ən son innovativ həlləri əks etdirən proqram təminatı vasitəsilə interaktiv səsli menyu, “geriyə zəng” və “zəng sifarişi” xidmətləri göstərilib, qeyri-iş günlərində müraciət edən 891 vətəndaşın sualları cavablandırılıb.
Qeyd edək ki, “881” Çağrı Mərkəzi müraciətlərin obyektiv araşdırılması və cavablandırılması, fəaliyyətin təkmilləşdirilməsi üçün təhlillərin aparılması və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir. Çağrı Mərkəzi iş vaxtı ərzində fasiləsiz olaraq Ədliyyə Nazirliyinin bütün fəaliyyət sahələri üzrə vətəndaşların müraciətlərinin cavablandırılmasını və yönləndirilməsini həyata keçirir.
Xidmət keyfiyyətinin dəyərləndirilməsi məqsədilə zəng bitdikdən sonra Çağrı Mərkəzi tərəfindən vətəndaşlara SMS göndərilir. Vətəndaşlar həmin SMS-dəki linkə daxil olub qısa sualları cavablandıraraq və əlavə şərh yazaraq göstərilən xidməti qiymətləndirə bilərlər.
Ədliyyə Nazirliyi Çağrı Mərkəzinin inkişaf etdirilməsi, qanunvericiliyin tələblərinə və müasir standartlara uyğun təşkili, vətəndaş məmnunluğunun, operativliyin və göstərilən xidmətin keyfiyyətinin artırılması üçün davamlı olaraq tədbirlər həyata keçirir.












