M6 nömrəli ekspres marşrutun hərəkət sxemi dəyişdirilir - XƏRİTƏ
M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik ediləcək.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, vətəndaş müraciətləri və aparılan təhlillər nəzərə alınaraq, metronun “Elmlər Akademiyası” və “Gənclik” stansiyaları arasında fəaliyyət göstərən M6 nömrəli ekspres marşrutunun hərəkət sxemi dəyişdiriləcək.
Belə ki, metronun “Koroğlu” stansiyasından “Elmlər Akademiyası” və “Nizami” stansiyaları istiqamətində sərnişin tələbatının qarşılanması məqsədilə avqustun 24-dən M6 nömrəli ekspres avtobuslar “Nizami” metrostansiyasından keçəcək və burada aralıq dayanacaq edəcək.
Bununla yanaşı, ekspres marşrutun xətti uzadılacaq və son dayanacaq məntəqəsi “Koroğlu” metrostansiyası olacaq.
Beləliklə, M6 nömrəli ekspres marşrut “Koroğlu”, “Gənclik”, “Nizami” və “Elmlər Akademiyası” metrostansiyalarını əlaqələndirəcək.













