“İnstaqramda onsuz da çılpaqsınız”: “Karabakh Fitness”də qadın soyunub-geyinmə otağı qalmaqalı | 1news.az | Xəbərlər
Mövqe

“İnstaqramda onsuz da çılpaqsınız”: “Karabakh Fitness”də qadın soyunub-geyinmə otağı qalmaqalı

Cəmilə Sücədinova17:42 - Bu gün
“İnstaqramda onsuz da çılpaqsınız”: “Karabakh Fitness”də qadın soyunub-geyinmə otağı qalmaqalı

Uşağa qayğı göstərmək zərurəti ilə başqalarının şəxsi məkan hüququ arasında sərhəd harada başlayır?

Bu sərhədi kim müəyyən etməlidir – valideynlər, ziyarətçilər, yoxsa xidmət göstərən müəssisə? Bəs bir şəxs şəxsi sərhədlərinə hörmət edilməsini xahiş etmək üçün müəssisə rəhbərliyinə müraciət etdikdə, bunun müqabilində nəinki problemin həlli ilə bağlı tədbir görülmədiyini, hətta şəxsi məsələlərin müzakirəyə çıxarıldığını iddia edirsə, bu halda məsələ necə qiymətləndirilməlidir?

1news.az xəbər verir ki, Bakının Ağ Şəhər ərazisində yerləşən “Karabakh Fitness” fitnes klubunun ziyarətçisi D.A. azyaşlı oğlan uşağının qadın soyunub-geyinmə otağında və duş bölməsində olması ilə bağlı klub rəhbərliyi ilə arasında yaranan münaqişədən danışıb.

Mövcud məlumata görə, söhbət 7 yaşlı və 2-ci sinfə keçmiş uşaqdan gedir.

D.A.-nın sözlərinə görə, o, üç ay ərzində məsələni birbaşa müəssisə daxilində həll etməyə çalışıb və bununla bağlı klub əməkdaşlarına dəfələrlə müraciət edib. Müraciət edən şəxsin iddiasına görə, onun şikayətləri vəziyyətin dəyişməsinə səbəb olmayıb.

Onun sözlərinə görə, növbəti müraciətindən sonra isə abunəliyi əvvəlcədən xəbərdarlıq edilmədən ləğv edilib.

Müraciətçinin sözlərinə görə, söhbət anası ilə birlikdə mütəmadi olaraq kluba gələn və onunla birlikdə qadın soyunub-geyinmə otağına və duş bölməsinə daxil olan oğlan uşağından gedir. Xanımın iddiasına görə, qadınların paltarlarını dəyişdirdiyi vaxtlarda həmin uşağı orada dəfələrlə görüb.

Onun sözlərinə görə, üç ay ərzində məsələ ilə bağlı müxtəlif administratorlara müraciət edib. Hər dəfə ona vəziyyətin araşdırılacağı bildirilsə də, oğlan uşağı qadın soyunub-geyinmə otağında görünməkdə davam edib.

Növbəti xoşagəlməz hadisə onun soyunub-geyinmə otağında alt paltarında olduğu zaman baş verib. Bu zaman həmin otağa başqa bir qadın da oğlu ilə birlikdə daxil olub. Bundan sonra o, yenidən administratora müraciət edib.

Lakin əməkdaş ona “Axı o, balacadır” cavabını verib. Daha sonra administratorla birlikdə uşağın anasını tapmaq və onunla danışmaq üçün soyunub-geyinmə otağına gedib, lakin qadını orada tapa bilməyiblər.

Daha sonra xanım məsələni yenidən klub rəhbərliyinin qarşısında qaldırıb. Bu dəfə o, müəssisəyə azyaşlı qızı ilə birlikdə gəlib və oğlan uşağının qadın soyunub-geyinmə otağında olmasını şəxsi sərhədlərinin pozulması hesab etməsinin səbəbini izah edib.

“Bu gün zala gəlmişdim, qızım da mənimlə idi. Mən ona öyrədirəm ki, heç kimin sənin paltarını dəyişdiyini görməyə haqqı yoxdur, xüsusilə də kişi cinsindən olan şəxslərin”, – deyə o yazıb.

Bundan əlavə, xanımın iddiasına görə, onun qızının yanında alt paltarının çimərlik geyimi ilə müqayisə edilməsi də səsləndirilib.

“Alt paltarında olmağınızın nəyi pisdir ki? Axı çimərlikdə də eyni şəkildə çimərlik geyimində gəzirsiniz”, – deyə o, klub rəhbərinin sözlərini sitat gətirib.

Bundan sonra ona uşağın anasının oğlanı soyunub-geyinmə otağının daha uzaq hissəsində geyindirə biləcəyi və bununla da onun digər qadınlarla təmasını minimuma endirməyin mümkün olduğu bildirilib. Xanımın sözlərinə görə, problemin həllinin mümkün olmadığı təqdirdə, ödənilmiş vəsaitin bir hissəsinin geri qaytarılması məsələsi də müzakirə olunub.

O bildirib ki, uşağın məşqlərinin dayandırılmasını tələb etməyib və məsələnin kompromis yolu ilə həllinə çalışıb. Xüsusilə, uşağın paltarını dəyişməsi üçün ayrıca otaqdan istifadə edilməsini təklif edib.

Onun sözlərinə görə, klubda VIP otaqlar mövcuddur və həmin otaqlardan uşağın geyindirilməsi üçün anası istifadə edə bilərdi. Digər variant kimi isə uşağın soyunub-geyinmə otağının daha uzaq hissəsində geyindirilməsini təklif edib.

“Dedim ki, əgər belə alınıbsa və sizin böyüklər üçün nəzərdə tutulmuş idman zalında uşaqlar, xüsusilə də oğlanlar üçün məşqləriniz varsa, belə hallar üçün ayrıca bir otaq ayırmaq niyə mümkün deyil?” – deyə o, 1news.az-a bildirib.

Xanımın sözlərinə görə, rəhbərlik ona konkret həll yolu təklif etməyib. Bununla yanaşı, ödənilmiş vəsaitin geri qaytarılması məsələsi də gündəmə gəlib. Müraciətçinin iddiasına görə, o, yalnız klub problemin həllini təmin edə bilmədiyi təqdirdə ödənişin geri qaytarılmasını istəyib. Onun sözlərinə görə, abunəliyinin müddəti oktyabrın 5-də başa çatmalı idi.

Xanım bildirir ki, rəhbərlik əvvəlcə klubun daxili qaydalarına əsasən ödənişin geri qaytarılmasının mümkün olmadığını deyib. Daha sonra isə ona 100 manat nağd şəkildə ödənilməsi təklif olunub. (Redaksiyanın araşdırmasına görə, abunəliyin qiyməti 300 manat olub.) O, bu təklifdən imtina edərək vəsaitin ödənişin həyata keçirildiyi bank kartına qaytarılmasını istəyib.

Müraciətçi abunəliyinin “öz xahişi ilə” ləğv edilməsi ilə də razı deyil.

“Mən dedim ki, əgər bu vəziyyəti heç cür həll etmək mümkün deyilsə, o zaman abunəliyin pulunu mənə qaytarın. Bu, sadəcə abunəliyin ləğv edilməsi ilə bağlı xahiş deyildi. Mən istəyirdim ki, problem həll olunsun”, – deyə o izah edib.

Öz sosial şəbəkə hesabında peylaşım edən xanım klubun sahibi Yusif Nurullayevi qeyd edib.

Onun sözlərinə görə, Yusif Nurullayev onunla əlaqə saxlayıb və bir neçə səsli mesaj göndərib. (1news.az redaksiyası müraciətçinin təqdim etdiyi səs yazısına malikdir.)

Klubun qaydaları və uşaqların soyunub-geyinmə otağında olması məsələsini müzakirə etmək əvəzinə, səs yazısına əsasən, klub sahibi xanımın “Instagram” səhifəsi, xarici görünüşü və çimərlik geyimində çəkdirdiyi fotoları barədə şərhlər səsləndirib.

“...Sizin səhifənizdə onsuz da çılpaqsınız, dənizə gedirsiniz, “Mercedes”lərdə, büstqalterdə dayanırsınız, uzanırsınız, günəşlənirsiniz, orada nə qədər yetkin kişi yanınızdan keçir. Özünüz ayaqlarınızı açaraq uzanırsınız, hamı budlarınızı görür. Bu, normaldır?..” – redaksiyaya təqdim edilmiş səs yazısında deyilir.

Səs yazısının digər hissəsində kişi xanımın fotolarını yadda saxlayaraq onun paylaşımının məzmunu ilə birlikdə dərc etmək niyyətindən danışır.

“...İndi sizin fotolarınızı yükləyəcəyəm. Yazdığınız hər şeyi paylaşacağam. Görəcəyəm, kim reaksiya verəcək. Gəlin, bunu edək. Problem yoxdur. İndi hər şeyi toplayacağam”, – deyə səs yazısında bildirilir.

Müraciətçi bu ifadələri fotolarının yayılması ilə bağlı təhdid və şikayəti ilə əlaqədar ona təzyiq göstərilməsi kimi qiymətləndirib.

Açıq profildə fotoların paylaşılması faktının klub qarşısında qaldırılan məsələ ilə əlaqəsi yoxdur. Söhbət insanların paltarlarını dəyişdirdiyi və ziyarətçilərin şəxsi məkan hesab etdiyi məkanda məxfiliyin qorunmasından gedir. Bununla belə, xanımın sözlərinə görə, mübahisə zamanı klub sahibinin onun şəxsi həyatı və xarici görünüşü barədə danışması əsas məsələdən kənara çıxıb.

Mübahisənin digər tərəfi uşağın yaşı ilə bağlı olub. Xanımın sözlərinə görə, klub nümayəndələri oğlanın beş yaşında olduğunu bildiriblər. Lakin açıq mənbələrdə və mövcud məlumatlarda onun 2019-cu ildə doğulduğu və ikinci sinifdə oxuduğu qeyd edilir.

Uşağın yaşı geyinib-soyunarkən valideyn köməyinə ehtiyac baxımından da əhəmiyyət daşıyır.

Peşəkar rəy almaq üçün 1news.az psixoloq Oktay Məmmədliyə müraciət edib.

Onun sözlərinə görə, təxminən 5-6 yaşadək uşaqlara geyinib-soyunarkən valideynlərinin köməyi həqiqətən lazım ola bilər. Buna görə həmin yaşda uşağın valideyni ilə birlikdə soyunub-geyinmə otağında olması məqbul sayıla bilər.

“Lakin artıq tədricən uşaqda şəxsi sərhədlər və öz bədəninə hörmət barədə anlayış formalaşdırmaq vacibdir”, – deyə mütəxəssis qeyd edib.

Psixoloqun sözlərinə görə, təxminən altı yaşdan etibarən uşağa daha çox şəxsi məkan verilməsi arzuolunandır.

“Bu yaşda uşaqlar şəxsi həyatın məxfiliyini daha güclü şəkildə dərk etməyə başlayır və belə vəziyyətlərdə narahatlıq keçirə bilərlər. Bundan əlavə, uşaqda bədənə və cinslər arasındakı fərqlərə təbii maraq yarana bilər. Müəyyən yaşda bədənə marağın özü təbii haldır, lakin bu, ətrafdakı insanların şəxsi sərhədlərinin olmaması demək deyil”, – deyə Oktay Məmmədli izah edib.

O, həmçinin qeyd edib ki, uşaq böyüdükcə ona ayrıca şəxsi məkanın təmin edilməsi ilə bağlı valideynlərin məsuliyyəti də artır.

Vəziyyətin digər aspekti istehlakçı hüquqları ilə bağlıdır. İstehlakçıların Hüquqlarının Müdafiəsi Birliyinin nümayəndəsi Eyyub Hüseynov hesab edir ki, bu cür məsələlər müəssisənin aydın və əvvəlcədən müəyyən edilmiş qaydaları ilə tənzimlənməlidir.

“Valideynlərin uşağın yaşından asılı olmayaraq onu cinsinə uyğun olmayan yerlərə, hamamlara və bu kimi məkanlara aparması düzgün deyil”, – deyə o bildirib.

Hüseynovun sözlərinə görə, belə vəziyyətlərdə xidmətin istifadə olunmamış müddəti üçün ödənilmiş vəsaitin geri qaytarılması məsələsi də ortaya çıxır.

O hesab edir ki, fitnes klubları daxili qaydaları barədə müştəriləri əvvəlcədən məlumatlandırmalıdır.

“Belə müəssisələrin daxili qaydalarını divarda yerləşdirməsi çox yaxşı olardı ki, istehlakçılar müraciət etdikdə həmin qaydalarla tanış ola bilsinlər”, – deyə İstehlakçıların Hüquqlarının Müdafiəsi Birliyinin nümayəndəsi qeyd edib.

O, belə hallarda istehlakçılara Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 012-599-76-00 nömrəsi ilə müraciət etməyi tövsiyə edir.

Beləliklə, münaqişənin mərkəzində yalnız uşağın qadın soyunub-geyinmə otağında olmasının mümkünlüyü məsələsi dayanmayıb. Digər müştərilərin şəxsi məkan hüquqları ilə bir ziyarətçinin maraqları toqquşduğu halda fitnes klubunun belə vəziyyətlərə necə reaksiya verməli olduğu məsələsi də diqqət çəkir.

Çünki bu hekayədə əsas mübahisə uşağın soyunub-geyinmə otağında olması ilə bağlı olsa da, sonrakı mərhələdə söhbət qadının xarici görünüşü və sosial şəbəkələrdə paylaşdığı fotolara keçib.

Qadının çimərlik geyimində foto çəkdirməsi onun soyunub-geyinmə otağında tanımadığı insanların qarşısında paltarını dəyişməyə razı olması demək deyil. Eyni şəkildə, şəxsin öz bədəninin fotolarını paylaşması başqasına həmin fotoları onun iradəsinə zidd şəkildə mübahisə və ya təzyiq vasitəsinə çevirmək hüququ vermir.

Başqa sözlə, insanın ictimai məkanda və ya sosial şəbəkədə özünü necə təqdim etməsi onun başqa bir məkanda şəxsi sərhədlərinin qorunması hüququnu aradan qaldırmır.

Qadın çimərlikdə çimərlik geyimində ola, alt paltarında foto çəkdirə, ayaqlarının fotolarını paylaşa, qısa yubka geyinə və ya idmanla məşğul ola bilər. Eyni zamanda, paltarını dəyişdirdiyi zaman tanımadığı kişinin və ya oğlan uşağının yanında olmasını istəməyə də bilər. Bu hüquqlardan biri digərini ləğv etmir.

Xüsusilə diqqət çəkən məqam odur ki, klub sahibi konkret şikayətə cavab vermək əvəzinə qadının xarici görünüşü və sosial şəbəkələrdə paylaşdığı fotolar barədə danışıb. Bu isə münaqişənin əsas mövzusundan kənara çıxaraq müraciətçinin şəxsi həyatının müzakirə olunmasına səbəb olub.

Və bütün bu hekayənin əsas problemlərindən biri də məhz budur. Xanım üç ay ərzində məsələni klub daxilində həll etməyə çalışdığını bildirir. O, administratorlara müraciət edib, müxtəlif variantlar təklif edib, ayrıca otaqdan istifadə edilməsini və uşağın soyunub-geyinmə otağının daha uzaq hissəsində geyindirilməsini təklif edib.

Lakin nəticədə mübahisə uşağın soyunub-geyinmə otağında olması məsələsindən çıxaraq müraciətçinin xarici görünüşünün və sosial şəbəkələrdə paylaşdığı fotoların müzakirəsinə qədər gedib.

1news.az vəziyyət, klubun qaydaları, uşağın qadın soyunub-geyinmə otağında olması, abunəliyin ləğv edilməsi və səs yazısının məzmunu ilə bağlı münasibət öyrənmək üçün “Karabakh Fitness” klubunun nümayəndələrinə müraciət edib.

Lakin material dərc olunanadək redaksiya fitnes klubundan cavab almayıb.

Paylaş:
120

Son xəbərlər

Bütün xəbərlər