Komitə sədri: Məqsəd milli kimliyinə bağlı, müasir dünyagörüşlü gənclər yetişdirməkdir | 1news.az | Xəbərlər
Cəmiyyət

Komitə sədri: Məqsəd milli kimliyinə bağlı, müasir dünyagörüşlü gənclər yetişdirməkdir

Qafar Ağayev11:22 - Bu gün
Komitə sədri: Məqsəd milli kimliyinə bağlı, müasir dünyagörüşlü gənclər yetişdirməkdir

Gənclərin milli-mənəvi dəyərlər, dini savadlılıq və düşüncə təhlükəsizliyi sahəsində maarifləndirilməsi üçün birgə proqramların həyata keçirilməsi təklif olunur.

1news.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakıda keçirilən "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda konfransda deyib.

O bildirib ki, Gənclər və İdman Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında bu istiqamətdə sistemli əməkdaşlıq üçün geniş imkanlar var.

R.Məmmədovun sözlərinə görə, birgə fəaliyyət çərçivəsində maarifləndirici proqramların, sosial media üçün müasir məzmunların və dini savadlılıqla media savadlılığını birləşdirən təlimlərin hazırlanması mümkündür.

"Biz bu əməkdaşlığı ayrı-ayrı tədbirlərlə məhdudlaşdırmamalı, davamlı və ölçülə bilən mexanizmlər üzərində qurmalıyıq. Gənc yalnız dini məlumatı deyil, həmin məlumatın mənbəyini, etibarlılığını və kontekstini də qiymətləndirməyi bacarmalıdır. Xüsusilə gənclərin özlərinin məzmun istehsalçısı kimi iştirak etdiyi layihələr daha effektiv ola bilər", - deyə Komitə sədri bildirib.

O, həmçinin dini icmaların və din xadimlərinin gənclərlə iş imkanlarının genişləndirilməsini, milli-mənəvi dəyərlərlə bağlı layihə və müsabiqələrin təşkilini, görülən işlərin nəticələrinin qiymətləndirilməsi üçün monitorinq mexanizmlərinin yaradılmasını təklif edib.

R.Məmmədov qeyd edib ki, əsas məqsəd milli kimliyinə bağlı, müasir dünyagörüşlü, bilikli və dövlətçilik məsuliyyətini dərk edən Azərbaycan gəncinin formalaşmasına töhfə verməkdir.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər