İsmayıllıda ağır qəza: sürücü öldü, iki nəfər yaralandı
İsmayıllıda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
1news.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, oktyabrın 16-da saat 15:00 radələrində rayonun Balik kəndi ərazisində Göyçay rayon sakini Yasər Mustafayevin idarə etdiyi “VAZ” markalı avtomobil qəzaya uğrayıb.
İlkin ehtimala görə, avtomobilin təkər sistemində yaranan nasazlıq səbəbindən sürücü idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə qarşıdan gələn “DAF” markalı yük maşınına, daha sonra isə “Lada” markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində sürücü hadisə yerində ölüb, sərnişinlər Tural Alışov və Orxan Həsənov ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə avtomobillərin texniki vəziyyətinə mütəmadi nəzarət etməyi, nasaz və texniki təhlükəsizlik tələblərinə cavab verməyən nəqliyyat vasitələri ilə yola çıxmamağı tövsiyə edib. İdarə bu cür nasazlıqların dəfələrlə ağır yol-nəqliyyat hadisələrinə səbəb olduğunu xatırladıb.












