Nasaz avtomobil 2 gəncin həyatına son qoydu – BDYPİ-dən xəbərdarlıq

Bakı-Yevlax avtomobil yolunda baş verən qəza nəticəsində iki nəfər həyatını itirib.
1news.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, oktyabrın 27-də saat 14:00 radələrində yolun Yevlax rayonunun Qaraoğlan kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
İlkin ehtimala görə, Yevlax şəhər sakini, 24 yaşlı Oruc Məmmədovun idarə etdiyi “BMW” markalı avtomobil yüksək sürət və təkər sistemində yaranan nasazlıq səbəbindən idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində ağır xəsarətlər alan sürücü və onun həmyerlisi, 30 yaşlı sərnişin Emil Paşayev xəstəxanaya çatdırılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb.
Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan səbəblərdən dəfələrlə ağır yol-nəqliyyat hadisələrinin baş verdiyini xatırladaraq sürücülərə müraciət edib.
İdarə sürücüləri avtomobillərinin texniki sazlığına mütəmadi nəzarət etməyə, nasaz və texniki təhlükəsizlik baxımından normativ tələblərə cavab verməyən nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə çağırıb.
Həmçinin sürət amilinə xüsusi diqqət yetirməyin vacibliyi vurğulanıb. BDYPİ sürücülərə yol hərəkəti qaydalarına əməl etməyi və təhlükəsizliyi hər zaman ön planda saxlamağı tövsiyə edib.












