Sükan arxasında telefondan istifadə edənlərə kamera ilə cəza - Bu necə olacaq? - ŞƏRH | 1news.az | Xəbərlər
Cəmiyyət

Sükan arxasında telefondan istifadə edənlərə kamera ilə cəza - Bu necə olacaq? - ŞƏRH

1news Redaksiyası13:03 - Bu gün
Sükan arxasında telefondan istifadə edənlərə kamera ilə cəza - Bu necə olacaq? - ŞƏRH

Avtomobildə hərəkət zamanı telefondan istifadə edən sürücülərə tətbiq olunan cərimələrin kameralar vasitəsilə qeydə alınaraq elektron qərarla rəsmiləşdirilməsi təklif olunur.

1news.az xəbər verir ki, bu təklif Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dünən keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik müzakirə edilərkən irəli sürülüb.

Təklif qəbul olunarsa, sürücünün hərəkət zamanı telefonu əlində saxlayaraq istifadə etməsi nəzarət kameraları vasitəsilə qeydə alına və bu qayda pozuntusuna görə elektron qərar əsasında cərimə tətbiq edilə bilər.

Məsələ ilə bağlı şərh verən nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib ki, layihə hələ dərc edilməsə də, İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində elektron qərarla rəsmiləşdirilə bilən xətalar sırasına Məcəllənin 342.6-cı maddəsində nəzərdə tutulan xətanın da əlavə edilməsindən söhbət gedir.

Onun sözlərinə görə, təklif qəbul olunarsa, qanunvericilik prosedurları nəzərə alınmaqla, təxminən 2027-ci ilin ilk aylarından bu qayda pozuntusuna görə də sürücülərə nəzarət kameraları vasitəsilə cərimə tətbiq etmək mümkün olacaq.

“Telefondan istifadə hallarının kamera ilə qeydə alınaraq elektron qərarla rəsmiləşdirilməsi asan olmayacaq. Söhbət hərəkət vaxtı avtomobilin salonunda telefonu əldə tutaraq istifadə edən sürücünün görüntüsünü qeydə almaqdan gedir. Qanunun tələbinə əsasən, bunu edəcək kamera telefonun əldə tutulmaqla istifadə edildiyini fiksə etməlidir. Bu da qırmızı işıqdan keçən avtomobili qeydə almaq kimi sadə bir iş deyil. Ona görə elektron nəzarət sistemi də təkmilləşdirilməli, elə edilməlidir ki, qayda pozuntusunu əks etdirən şübhəsiz və mötəbər görüntülər (sübutlar) əldə etmək mümkün olsun. Əks təqdirdə çoxlu mübahisələr qaçılmaz olacaq.

Sürücülərin hərəkət vaxtı telefondan (smartfondan) istifadə etməsi tək bizim ölkədə yox, dünyada yol hərəkəti təhlükəsizliyinin ən ciddi probleminə çevrilib. Yol hərəkəti təhlükəsizliyi ilə məşğul olan qlobal təşkilatlar sürücülərin hərəkət vaxtı telefondan (smartfondan) istifadə etməsini yol-nəqliyyat hadisələrinin ən geniş yayılmış səbəbi hesab edirlər.

Zəncirvari qəzaların və arxadan çırpılmaların əksəriyyəti, bəzən lüzumsuz asta sürətlə hərəkət edərək nəqliyyat axınını iflic etmə, bu kimi çoxlu təhlükəli məqamlar və sürücülərin yollarda gördüyümüz xeyli məntiqsiz davranışları hərəkət vaxtı telefondan istifadənin fəsadlarıdır.

Gələcəkdə bu qayda pozuntusunun elektron qərarla rəsmiləşdirilməsi yəqin ki, müəyyən çəkindirici rol oynayacaq. Amma əsas məqam sükan arxasında olan şəxsin bunu şüurlu dərk etməsidir. Hamı bilməlidir ki, hərəkət vaxtı yol şəraitinə 1-2 saniyə nəzarət etməmək də ağır faciələrə gətirib çıxara bilər. Məsələn, 90 km/saat sürətlə gedən avtomobil 2 saniyəyə 50 metr məsafə qət edir. Həmin məsafədə sürücünün heç nəyə baxmaması çox təhlükəlidir. Sadəlövhcəsinə “hər şeyi görürəm” kimi düşüncələr yanlışdır, çünki hər şeyi və hər zaman görmək üçün insan gözü kəsintisiz olaraq, özü də imkan daxilində 360 dərəcə panoramda yola və yolda olanlara nəzarət etməlidir.

Araşdırmalar nəticəsində müəyyən edilib ki, telefon sadəcə sürücü onun ekranına baxmaqla və ya əldə tutmaqla diqqət yayınmasına səbəb olmur. Telefonda bəzən sürücünün aldığı və ya ötürmək istədiyi elə informasiyalar olur ki, həmin informasiyaların sürücünün beynini məşğul etməsi səbəbindən onun gözləri yola baxsa da, əslində o, gördüklərini tam qavramır və bəzən reaksiyada gecikərək faciəli səhvlərə yol verir. Qanun layihəsi dərc olunanda detalları daha aydın görəcəyik”, - ekspert vurğulayıb.

Ərşad Hüseynov
Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər