Avtomobildə telefondan istifadə edən sürücülər kameralara düşəcək – cərimə tətbiq olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Avtomobildə telefondan istifadə edən sürücülər kameralara düşəcək – cərimə tətbiq olunacaq

1news Redaksiyası13:40 - Bu gün
Avtomobildə telefondan istifadə edən sürücülər kameralara düşəcək – cərimə tətbiq olunacaq

Telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq.

1news.az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Hazıra bəzi inzibati xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilə bilir və bu zaman icraatın aparılması qaydası ənənəvi icraatın aparılmasından fərqli qaydada həyata keçirilir. Yeni qanun layihəsində İnzibati Xətalar Məcəlləsinin 342.6-cı (nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsi) və 428.5-ci (müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılması) maddələrinin də həmin hallar sırasına daxil edilməsi təklif edilir.

Qeyd edək ki, nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə əlli manat məbləğində cərimə edilir. Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə fiziki şəxslər əlli manat cərimə olunur.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər