Leonid meteor yağışı başlayır: Azərbaycanda nə vaxt müşahidə etmək mümkün olacaq? | 1news.az | Xəbərlər
Cəmiyyət

Leonid meteor yağışı başlayır: Azərbaycanda nə vaxt müşahidə etmək mümkün olacaq?

1news Redaksiyası11:22 - Bu gün
Leonid meteor yağışı başlayır: Azərbaycanda nə vaxt müşahidə etmək mümkün olacaq?

Noyabrın 6-dan 30-dək Azərbaycanda Leonid meteor yağışını müşahidə etmək mümkün olacaq.

1news.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, meteor yağışının maksimum aktivliyi noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Həmin vaxt saatda təxminən 15 meteorun müşahidə olunacağı proqnozlaşdırılır.

Bildirilib ki, Azərbaycanda Leonidləri izləmək üçün ən əlverişli vaxt noyabrın 17-dən 18-nə keçən gecə saat 02:00-dan sübhədək olan müddətdir. Maksimum aktivliyə yaxın saatlarda Ayın batması zəif meteorların da görünməsi üçün nisbətən əlverişli şərait yaradacaq.

Leonid meteor yağışı Yer kürəsinin “55P/Tempel–Tuttle” kometinin orbiti boyunca buraxdığı toz və xırda hissəciklər axınından keçməsi nəticəsində yaranır. Təxminən 33,2 ilə Günəş ətrafında bir dövr edən komet 1865-ci ildə alman astronomu Vilhelm Tempel, 1866-cı ildə isə amerikalı astronom Horas Tattl tərəfindən müstəqil şəkildə kəşf edilib.

Leonidlər yüksək sürətləri ilə seçilir. Onların Yer atmosferinə daxilolma sürəti saniyədə təxminən 71 kilometrə, saatda isə 255 min kilometrə çatır. Atmosferlə qarşılıqlı təsir nəticəsində meteor hissəcikləri qızaraq parçalanır və hərəkət trayektoriyası boyunca parlaq qaz izləri yaradır. Bu hadisə Yer səthindən səmada sürətlə hərəkət edən işıq zolaqları kimi görünür.

Meteor yağışının radiantı, yəni meteorların səmada zahirən çıxdığı nöqtə Şir (Leo) bürcündə yerləşir. Leonid adı da məhz bu bürclə əlaqədardır. Bununla belə, meteorları səmanın müxtəlif istiqamətlərində müşahidə etmək mümkündür.

Qeyd edək ki, Leonidlər astronomiya tarixində güclü meteor fırtınaları ilə də tanınır. 1833, 1866, 1966 və 1999–2002-ci illərdə qeydə alınan intensiv meteor yağışları böyük elmi marağa səbəb olub. Belə fırtınalar Yer kürəsinin kometin orbitindəki daha sıx hissəcik axınlarından keçməsi zamanı yaranır.

Lakin 2026-cı ildə Leonidlərdən güclü meteor fırtınası gözlənilmir.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər