Qalibaf: Müharibənin qarşısını almaq üçün növbəti addım ABŞ-dən asılıdır | 1news.az | Xəbərlər
Cəmiyyət

Qalibaf: Müharibənin qarşısını almaq üçün növbəti addım ABŞ-dən asılıdır

1news Redaksiyası14:24 - Bu gün
Qalibaf: Müharibənin qarşısını almaq üçün növbəti addım ABŞ-dən asılıdır

İran ABŞ-nin mümkün hücumuna qarşı hərbi və strateji cavabının əvvəlcədən proqnozlaşdırıla bilməyəcəyini bəyan edib.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf parlamentin mətbuata açıq iclasında çıxışı zamanı deyib.

O, ABŞ ilə Qətər və Pakistan arasında aparılan mesaj mübadiləsini, eləcə də İsrail və ABŞ tərəfindən İrana qarşı davam edən hücum təhdidlərini şərh edib.

Qalibaf bildirib ki, İranın ali rəhbəri Ayətullah Müctəba Xamenei mümkün hücumlara qarşı hərbi strategiyanı müəyyənləşdirib.

“Buna uyğun olaraq, düşmənin istənilən yanlış hesablamasına qarşı hərbi və strateji cavabımız proqnozlaşdırıla bilməyəcək. Coğrafi məhdudiyyətləri nəzərə almadan, onların yanlış hesablamalarını bütün imkanları ilə birlikdə məhv edəcəyik”, – deyə o bildirib.

Parlament sədri ABŞ ilə Qətər və Pakistan arasında aparılan mesaj mübadiləsinə də toxunub. Onun sözlərinə görə, region ölkələri İranın barmağı tətikdə, müharibəyə hazır vəziyyətdə olduğunu, eyni zamanda ABŞ tərəfinə güclü və rasional cavab verdiyini bilməlidir.

Qalibaf qeyd edib ki, hazırda müharibənin qarşısının alınması üçün növbəti addım atmaq məsuliyyəti ABŞ-nin üzərinə düşür.

“Vaşinqton yenidən strateji səhvə yol verərsə, bu dəfə yeni müharibə meydanı ilə üzləşəcəyini və çıxış yolu axtararkən indiki vəziyyətlə müqayisədə daha çıxılmaz durumda qalacağını bilməlidir”, – deyə Qalibaf vurğulayıb.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər