“15 dəqiqəlik şəhər”: Xırdalan dörd Azərbaycan şəhəri arasında öndədir | 1news.az | Xəbərlər
Cəmiyyət

“15 dəqiqəlik şəhər”: Xırdalan dörd Azərbaycan şəhəri arasında öndədir

1news Redaksiyası12:21 - Bu gün
“15 dəqiqəlik şəhər”: Xırdalan dörd Azərbaycan şəhəri arasında öndədir

Gündəlik getdiyimiz ünvanlara çatmaq üçün 15 dəqiqə kifayət edirmi?

Friendly City Index (FCI — şəhərlərdə həyat keyfiyyəti indeksi) sakinlərin gündəlik təcrübəsinə əsaslanan beynəlxalq araşdırmadır. Layihə çərçivəsində sorğu Bolt-un tərəfdaşlığı ilə “Syno International” şirkəti tərəfindən aparılıb. Layihə nəqliyyatın və xidmətlərin əlçatanlığından maliyyə rifahı və psixoloji sağlamlığadək müxtəlif mövzuları əhatə edir. Məqsəd sakinlərin qarşılaşdığı çətinlikləri və şəhər həyatında nəyin yaxşılaşdırılmasına ehtiyac olduğunu müəyyənləşdirməkdir.

Bəs “15 dəqiqəlik şəhər” nə deməkdir? Konsepsiyanın əsas ideyası iş, təhsil, alış-veriş, səhiyyə və istirahət imkanlarının evə yaxın yerləşməsi və gündəlik ehtiyacları qarşılamaq üçün uzun səfərlərə ehtiyacın azalmasıdır. Konsepsiyanın müəllifi, urbanist Karlos Moreno C40-a (iqlim dəyişikliyinə qarşı birgə fəaliyyət göstərən şəhər merlərinin qlobal şəbəkəsi) verdiyi müsahibədə bunu “məsafələrin qısa olduğu yığcam və dayanıqlı şəhər” kimi təsvir edib.

2025-ci ildə araşdırma doqquz ölkənin 54 şəhərini əhatə edib. 2026-cı ildə isə layihənin əhatəsi 11 ölkə və 62 şəhərə genişlənib. Bu il Azərbaycandan Bakı, Sumqayıt, Xırdalan və Gəncə ilk dəfə araşdırmaya daxil edilib.

İndeksin reytinqlərindən biri sakinlərin gündəlik üz tutduqları ünvanlara 15 dəqiqə ərzində çata bilməsini qiymətləndirir. Bu göstərici üzrə sorğuda iştirak edən dörd Azərbaycan şəhəri arasında Xırdalan öndədir: burada respondentlərin 27%-i həmin müddətdə ünvanlarına çata bildiyini bildirib. Bakıda bu göstərici 14%, Sumqayıt və Gəncədə isə 13% təşkil edir.

Beynəlxalq müqayisədə Xorvatiyanın Pula və Latviyanın Oqre şəhərləri öndədir: hər iki şəhərdə respondentlərin 60%-i gündəlik üz tutduqları ünvanlara 15 dəqiqə ərzində çata bildiyini qeyd edib. Estoniyanın Kohtla-Yarve şəhəri isə 56%-lik göstərici ilə onları izləyir.

Azərbaycanda dörd şəhər üzrə respondentlərin ən çox qeyd etdiyi səfər müddəti 30 dəqiqədir — iştirakçıların 40%-i bu cavabı seçib. Ümumilikdə, respondentlərin 14,6%-i gündəlik ünvanlarına 15 dəqiqə ərzində çatdığını, təxminən hər on nəfərdən biri isə yolda 45–60 dəqiqə keçirdiyini bildirib.

Nəticələr yaş və məşğulluq vəziyyətinə görə də fərqlənir. 18–24 yaşlı respondentlərin hər beşindən biri gündəlik ünvanlarına 15 dəqiqə ərzində çatır. Bu, yaş qrupları arasında ən yüksək göstəricidir. Tam ştatla çalışanların, tələbələrin və müstəqil çalışanların təxminən 42–45%-i səfərlərinə adətən 30 dəqiqə sərf edir.

Ailə vəziyyəti üzrə də fərqlər müşahidə olunur. Uşağı olan respondentlərin 24,7%-i gündəlik ünvanlarına 15 dəqiqə ərzində çatdığını bildirib. Subay respondentlərdə bu göstərici 14,4%, evli və ya partnyoru ilə yaşayanlar qrupunda isə 9,4% olub.

“Reytinqlərimiz sadə və şəffafdır: hər reytinqdə şəhərlər sakinlərin eyni suala verdiyi cavablar əsasında sıralanır. Məqsədimiz sakinlərin səsini daha geniş auditoriyaya çatdırmaqdır. Medianı, ekspertləri və şəhər rəhbərlərini vaxtaşırı bu nəticələrə müraciət etməyə və şəhər həyatı ilə bağlı müzakirələrdə onlardan istifadə etməyə dəvət edirik”, — Bolt-un Azərbaycandakı ictimaiyyətlə əlaqələr üzrə meneceri Nigar Kazımova bildirib.

Vebsayta keçid

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər