Qarabağ Dirçəliş Fondu “AIREX 2026” sərgisində iştirak edir - FOTO

Bakıda ilk dəfə Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi (AIREX 2026) keçirilir.
“PASHA Property Management” şirkətinin təşkilatçılığı ilə keçirilən Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisində 47 yerli, 14 xarici olmaqla ümumilikdə 61 şirkət iştirak edir.
Noyabrın 6-dək davam edəcək sərginin rəsmi açılış mərasimində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və “PAŞA Property Management” şirkətinin baş icraçı direktoru Tural Əliyev çıxış ediblər.
Qeyd edək ki, “AIREX 2026” ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunduğu dövrə təsadüf edir. Bakının gələcək inkişafı, eləcə də Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlərin yenidən qurulması fonunda sərgi Azərbaycanda həyata keçirilən layihələrin yerli və beynəlxalq auditoriyaya təqdim olunması baxımından mühüm platforma rolunu oynayır. Sərginin açılış gününün işgüzar proqramında da Azərbaycanın şəhərsalma təcrübəsi və yenidənqurma işləri əsas yer tutur.
Üç gün ərzində sərgini 20 min nəfərin ziyarət edəcəyi gözlənilir. Tədbir həm ilk mənzilini almaq istəyənlər, həm də yeni bazarları və əməkdaşlıq imkanlarını araşdıran investorlar üçün geniş imkanlar yaradır.
Xüsusən qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva noyabrın 4-də Bakı Ekspo Mərkəzində keçirilən “AIREX 2026” - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə tanış olublar.
Dövlət başçısı, birinci xanım və qızları sərgidə nümayiş olunan müxtəlif stendlərlə tanış olublar.
Qarabağ Dirçəliş Fondunun stendində baxış zamanı Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev məlumat verib ki, Fond işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasına maliyyə dəstəyi göstərir, investisiya cəlb edir, dövlət-özəl tərəfdaşlığını təşviq edir və maarifləndirmə layihələri həyata keçirir. Fondun sərgidə iştirakının məqsədi onun fəaliyyət istiqamətləri və işğaldan azad edilmiş ərazilərdə aparılan irimiqyaslı bərpa-quruculuq işləri barədə ictimaiyyətin məlumatlılığının artırılması, ianəçilik mədəniyyətinin təbliğidir.
İdarə Heyətinin sədri eyni zamanda Fondun sifarişi ilə hazırlanmış, Qarabağ həqiqətləri və Azərbaycan Respublikasının Prezidentinin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərini əks etdirən “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” innovativ kitab layihəsi ilə bağlı da məlumat verib.
Daha sonra Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev “AIREX 2026” – Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi çərçivəsində keçirilən “Yenidənqurma və yeni baxış: Azərbaycanın şəhərsalma konsepsiyası” adlı paneldə məruzəçi qismində çıxış edib. İdarə Heyətinin sədri bildirib ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası yalnız yaşayış binalarının və infrastrukturun yenidən qurulması ilə məhdudlaşmır. Əsas məqsəd insanların bu ərazilərə daimi yaşamaq və fəaliyyət göstərmək üçün qayıtmasını təmin etməkdir. Bu baxımdan dayanıqlı məskunlaşmanın formalaşdırılması əsas çağırışlardan biridir.
Rəhman Hacıyevin sözlərinə görə, daşınmaz əmlak anlayışına yaşayış evləri ilə yanaşı, hotellər, logistika və biznes mərkəzləri, yeni iş yerlərinin yaradılmasına xidmət edən digər obyektlər də daxildir. Tarixi məkanlar, abidələr və muzeylər isə həm daşınmaz əmlakın, həm də tarixi yaddaşın mühüm tərkib hissəsidir.
“McKinsey & Company” şirkətinin tərəfdaşı Uğur Cem Yiğitin moderatorluğu ilə keçən panel görüşündə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyevlə yanaşı, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov, “Chapman Taylor” şirkətlər qrupunun Direktorlar Şurasının üzvü Marselina Zielinska və “Modon Real Estate” şirkətinin dizayn üzrə icraçı direktoru Dryu Kent iştirak ediblər.
Qarabağ Dirçəliş Fondu 4-6 noyabr 2026-cı il tarixlərində keçirilən sərginin qonaqlarını Fondun stendini ziyarət etməyə dəvət edir.




















