Nazirlər Kabineti dövlətə məxsus səhmdar cəmiyyətlərin korporativ idarəetmə qaydalarına dəyişiklik edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlər Kabineti dövlətə məxsus səhmdar cəmiyyətlərin korporativ idarəetmə qaydalarına dəyişiklik edib

1news Redaksiyası10:53 - Bu gün
Nazirlər Kabineti dövlətə məxsus səhmdar cəmiyyətlərin korporativ idarəetmə qaydalarına dəyişiklik edib

Azərbaycan Respublikasının Nazirlər Kabineti 2026-cı il noyabrın 3-də 2019-cu il 4 iyun tarixli 257 nömrəli qərarında dəyişiklik edib.

1news.az xəbər verir ki, dəyişikliyə əsasən, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərində korporativ idarəetmə qaydalarında 2016-cı il 30 dekabr tarixli 534 nömrəli qərarla yaradılmış komissiyaya edilən istinad Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə istinadla əvəz olunub.

367 nömrəli qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərar Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.

Dəyişikliklər “Nizamnamə kapitalında dövlətə məxsus payın (səhmlərin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarına edilib. Həmin qərarın 1-ci hissəsi ləğv olunub.

Komissiyaya istinadın Maliyyə Nazirliyinə istinadla əvəz edilməsi qərara 2 nömrəli əlavə olan “Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərində korporativ idarəetmə qaydaları və standartları” sənədinin 10.1.2-ci yarımbəndində nəzərdə tutulub.

Bununla yanaşı, qərara 3 nömrəli əlavə olan “Nizamnamə kapitalında dövlətə məxsus payın (səhmlərin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin nəticələrinə əsaslanan ödəniş sisteminə uyğun olaraq idarəetmə orqanlarının üzvlərinə bonusların verilməsi Qaydası”nda da dəyişikliklər edilib.

Belə ki, həmin qaydanın 2.1.4-cü yarımbəndindən “və hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi qaydalarına” sözləri, 4.1-ci bəndinin birinci cümləsindən “hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi əsasında” sözləri, 4.4-cü bəndindən isə “hüquqi şəxsin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsinin nəticələrinə və” sözləri çıxarılıb.

Qaydanın 5.7-ci bəndi isə ləğv edilib.

Paylaş:
111

Son xəbərlər

Bütün xəbərlər