QDF-in maliyyə dəstəyi ilə Laçının “Bəylik Bağları”nda ağacəkmə aksiyası keçirildi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

QDF-in maliyyə dəstəyi ilə Laçının “Bəylik Bağları”nda ağacəkmə aksiyası keçirildi - FOTO

1news Redaksiyası11:12 - Bu gün
QDF-in maliyyə dəstəyi ilə Laçının “Bəylik Bağları”nda ağacəkmə aksiyası keçirildi - FOTO

 

5 noyabr 2026-cı il tarixində Zəfər Gününün altıncı ildönümü münasibətilə Laçın rayonunun Bəylik kəndində yerləşən “Bəylik Bağları” ərazisində növbəti ağacəkmə aksiyası keçirilib.

Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və maliyyə dəstəyi, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-nin təşkilati dəstəyi ilə keçirilən aksiyada Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, o cümlədən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 12 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin və Azərbaycan Respublikasının Qaragöl Dövlət Təbiət Qoruğunun əməkdaşları, ərazidə fəaliyyət göstərən digər dövlət qurumlarının rəhbər heyəti, ekoaktivistlər və rayon sakinləri iştirak ediblər.

Tədbir Vətənin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Zəfər Gününün Azərbaycan xalqının tarixində müstəsna əhəmiyyət daşıdığını, bu tarixi qələbənin dövlətimizin gücünün, xalqımızın birliyinin və milli iradəsinin təntənəsi olduğunu bildirib. O, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Zəfərin ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün bərpasını təmin etməklə yanaşı, işğaldan azad edilmiş ərazilərdə yeni inkişaf mərhələsinin əsasını qoyduğunu vurğulayıb.

Məsim Məmmədov qeyd edib ki, Zəfər Günü münasibətilə Laçında keçirilən ağacəkmə aksiyası tarixi qələbəmizə və şəhidlərimizin əziz xatirəsinə ehtiramın ifadəsidir. Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri ilə yanaşı, təbii sərvətlərin qorunması, ekoloji tarazlığın bərpası və yaşıllıq sahələrinin genişləndirilməsi də mühüm əhəmiyyət daşıyır. Bu təşəbbüslər Laçının təbiətinin qorunmasına və gələcək nəsillər üçün sağlam, dayanıqlı yaşayış mühitinin yaradılmasına xidmət edir.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxışında Zəfər Gününün xalqımızın qəhrəmanlığını, birliyini və milli həmrəyliyini təcəssüm etdirən əlamətdar tarix olduğunu qeyd edib.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin daim ehtiramla yad edilməsinin hər birimizin mənəvi borcu olduğunu vurğulayan İdarə Heyətinin sədri bildirib ki, əldə edilmiş tarixi Zəfərin nəticələri bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri ilə yanaşı, həmin ərazilərdə ekoloji tarazlığın bərpasında və yaşıllıq sahələrinin artırılmasında öz əksini tapır.

Fondun fəaliyyətində Qarabağın dirçəlişinə, ətraf mühitin qorunmasına və dayanıqlı inkişafına dəstəyin mühüm yer tutduğunu vurğulayan Rəhman Hacıyev bildirib ki, Zəfər Günü münasibətilə Laçında keçirilən ağacəkmə aksiyası çərçivəsində əkilən hər bir ağac azad edilmiş torpaqların gələcəyinə, daha sağlam ekoloji mühitin formalaşmasına və Qarabağın yaşıl gələcəyinə verilən töhfədir.

Çıxışlardan sonra ağacəkmə aksiyasına start verilib. Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə icra edilən bu layihə çərçivəsində müasir damcı suvarma sistemi çəkilən 2,8 hektarlıq ərazidə Laçının təbii mühitinin zənginləşdirilməsi, yaşıllıq zolaqlarının genişləndirilməsi və ərazinin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə ümumilikdə 1280 meyvə ağacı və 400 üzüm tingi əkilib.

Xatırladaq ki, 11 aprel 2026-cı il tarixində layihənin birinci mərhələsi çərçivəsində keçirilən ağacəkmə aksiyası zamanı Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, o cümlədən ərazidə fəaliyyət göstərən dövlət qurumlarının rəhbər heyəti, ekoaktivistlər və yerli sakinlərin iştirakı ilə 700 meyvə ağacı əkilib. 

Layihənin məqsədi Laçının zəngin təbiətinin və tarixi bağçılıq ənənələrinin bərpasına dəstək olmaq, ərazidə yaşıllıq sahələrini genişləndirmək, ekoloji tarazlığın qorunmasına töhfə vermək və “Bəylik Bağları”nı yenidən abad, yaşıllıqla zəngin məkana çevirməkdir.

Məlumat üçün bildirək ki, Laçın rayonunun Zabux kənd inzibati ərazi dairəsinə daxil olan Bəylik kəndi tarixən öz münbit torpağı və müxtəlif növ meyvə ağaclarından ibarət məşhur “Bəylik bağları” ilə tanınıb. 30 illik işğal dövründə bu ərazilər ekoloji terrora məruz qalıb, kəndin tarixi yaşıllıq örtüyü tamamilə məhv edilib.

2020-ci il 1 dekabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad ediləndən sonra kənd tamamilə yenidən qurulub, müasir standartlara uyğun yaşayış infrastrukturu yaradılıb. Burada fərdi yaşayış evləri, daxili yollar, elektrik, su, qaz və rabitə xətləri çəkilib, sosial obyektlərin tikintisi təmin edilib. Tikinti-quruculuq işləri başa çatdırdan sonra Bəylik kəndinə əhalinin mərhələli şəkildə köçürülməsinə başlanıb.

Qeyd olunmalıdır ki, 2025-ci il mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonuna səfəri çərçivəsində Bəylik kəndinə köçən sakinlərlə görüşərək, onlara evlərin açarlarını təqdim edib. Həmin vaxt kəndə 38 ailə (153 nəfər) köçürülüb. Hazırda isə Bəylik kəndində 89 ailə (363 nəfər) yaşamaqdadır.

 

 

Paylaş:
154

Son xəbərlər

Bütün xəbərlər