Səfirlikdən İranın Azərbaycanla sərhədə hərbi təlimlər keçirmə iddialarına cavab: Əsassız iddialardır

İranın Azərbaycanla sərhədinə hərbi texnika və raketlər yerləşdirməsi, eləcə də Xudafərin körpüsünün mümkün hədəfə çevrilə biləcəyi ilə bağlı mediada və sosial şəbəkələrdə müxtəlif görüntülər və məlumatlar yayılıb.
İranşünas erməni Vardan Voskanyan da sosial şəbəkə hesabında İranın potensial hədəfləri sırasında Azərbaycanla sərhəddə yerləşən Xudafərin körpüsünün ola biləcəyini iddia edib.
Onun sözlərinə görə, mümkün hədəflər arasında Azərbaycan-İran sərhədində yerləşən, yaxınlığında “Yaşa Azərbaycan” yazısının göründüyü strateji əhəmiyyətli yol da var.
Voskanyan bu ehtimalı İranın Ali lideri Müctəba Xameneinin cavab zərbələrinin coğrafi məhdudiyyət olmadan həyata keçiriləcəyi barədə açıqlaması ilə əlaqələndirib.
O hesab edir ki, bəyanatda nəzərdə tutulan istiqamətlərdən biri də Azərbaycanla sərhəd ərazilər ola bilər.
Erməni iranşünas iddialarını İranın sosial şəbəkə seqmentində, xüsusilə “Telegram” kanallarında yayılan görüntülərlə əsaslandırmağa çalışıb. Kadrlarda Xameneinin “coğrafi məhdudiyyət olmadan” ifadəsi xatırladılır, Xudafərin körpüsü və yaxınlığındakı “Yaşa Azərbaycan” yazısı olan yol isə mümkün hədəflər kimi təqdim edilir.
Qeyd edək ki, Voskanyanın səsləndirdiyi fikirlər iddia xarakteri daşıyır və həmin ərazilərin İran tərəfindən hədəf seçildiyini təsdiqləyən rəsmi məlumat yoxdur.
1news.az məsələ ilə bağlı İranın Azərbaycandakı səfirliyinə sorğu ünvanlayıb.
Səfirlikdən sorğumuza cavab olaraq bildiriblər ki, iddialar əsassızdır.
“Biz belə əsassız iddiaları cavablandırmağa ehtiyac görmürük”.












