Bolqarıstanda iki kütləvi yol qəzası baş verib, 5 nəfər ölüb və 10 nəfər xəsarət alıb

Bolqarıstandakı "Trakiya" avtomagistralında onlarla avtomobilin iştirak etdiyi iki kütləvi yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, daha 10 nəfər ağır xəsarət alıb.
Bu barədə 1news.az BGNES-ə istinadən xəbər verir.
Bildirilib ki, toqquşmalarda minik avtomobilləri, mikroavtobuslar, avtobuslar və yük maşınları iştirak edib.
Hadisə yerinə polis əməkdaşları, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları göndərilib. Xilasetmə işlərinə hərbi qulluqçular da cəlb edilib.
Qəza barədə ilk məlumat yerli vaxtla saat 07:10 radələrində (Bakı vaxtı ilə 09:10 - red.) daxil olub. Kütləvi toqquşma avtomagistralın 289-cu kilometrliyində, Burqas istiqamətində baş verib. Bir neçə dəqiqə sonra Sofiya istiqamətindəki hərəkət hissəsində ikinci yol-nəqliyyat hadisəsi baş verib.
Qəzaların ehtimal edilən səbəbi kimi görmə məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdıran qatı duman göstərilir.












