1news.az

AŞPA-da anti-Azərbaycan şəbəkəsi kimlərin maraqlarına xidmət edir?

20 Fevral saat 10:56 ~ 13 dəqiqəlik oxu 1950
AŞPA-da anti-Azərbaycan şəbəkəsi kimlərin maraqlarına xidmət edir?

Artıq neçə illərdir ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) qərəzli, ədalətsiz, ikili standartlar təşkilatı kimi öz statusunu qoruyub saxlayır.

Bu status AŞPA-nı Azərbaycan və Türkiyəni öz kiçik maraqlarının və çirkli siyasi oyunlarının obyekti seçən lobbi qruplarının və vicdansız dairələrin əlində rahat alətə çevrilməsinə şərait yaradır.

Fevralın 5-də Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev AŞPA-nın iki qardaş dövlətə qarşı qərəzli olduğunu açıq, sərt və qəti şəkildə səsləndirdi.

Dövlət başçısı qeyd edib ki, 20 il ərzində bu təşkilat Azərbaycanı hədəf seçib, Türkiyəni isə daha uzun müddət ərzində: “Bir daha demək istəyirəm ki, bu gün bu təşkilat əfsuslar olsun, heç bir nüfuza malik deyil, onların qəbul etdiyi qərarlar bizim üçün tamamilə əhəmiyyətsizdir. Azərbaycanla bağlı qəbul edilmiş son qətnamə bizim üçün heç bir əhəmiyyət kəsb etmir və bu qətnamənin bizim üçün dəyəri bir kağız parçasından artıq deyil. Orada səslənən uydurma ittihamların heç birini biz qəbul etmirik və onların heç bir dırnaqarası tələbini icra etməyəcəyik”.

Həqiqətən, AŞPA-nı bir qayda olaraq, Azərbaycanla bağlı qətnamələr qəbul edərkən saxtalaşdırılmış məlumatlara güvənən, baxılan məsələnin zəruriliyini anlamayan və ya mahiyyətini dərk etməyən siyasi ikiüzlü adlandırmaq olar.

Bu ilin yanvarında qəbul edilmiş 2322-ci (2020) son qətnamə, “Azərbaycanda siyasi məhbuslarla bağlı görülən işlər barədə verilmiş məlumat” artıq Azərbaycanda qondarma “siyasi məhbus” məsələsinə toxunulan sayca on üçüncüdür.

Qəribədir ki, AŞPA-da “siyasi məhbus” termini faktiki olaraq yalnız Azərbaycana qarşı tətbiq edilir. Bununla yanaşı, AŞPA istər erməni ekspert cəmiyyətinin, istərsə də beynəlxalq QHT nümayəndələri tərəfindən dəfələrlə qaldırılan Ermənistandakı siyasi məhbus probleminə məhəl qoymur. Bu ölkədəki siyasi məhbuslarla bağlı vəziyyətin ciddiliyini ABŞ Dövlət Departamentinin illik hesabatları da sübut edir.

Doğrudur, 2008-2009-cu illərdə AŞPA Ermənistanla bağlı siyasi qətllərin araşdırılmasına və “ittihamları siyasi əsaslandırıla biləcək” şəxslərin sərbəst buraxılmasına çağıran üç qətnamə qəbul etdi. Lakin Ermənistanda çoxsaylı siyasi motivli həbslər və təqib faktlarına baxmayaraq, sanki AŞPA “siyasi məhbus” terminini bu ölkəylə münasibətdə açıq şəkildə istifadə edilməsindən çəkinərək qaldırmadı.

Son vaxtlar Yerevanda “Adekvat” fəallarının həbsləri kimi bu qədər parlaq faktlara baxmayaraq, hələ də AŞPA Ermənistandakı siyasi motivli həbs probleminə diqqət yetirmək istəmir.

Açıq-aşkar görünür ki, AŞPA konkret olaraq Azərbaycana təzyiq göstərmək üçün “siyasi məhbuslar” mövzusunda manipulyasiya aparır və bu vasitədən imtina etmək niyyətində deyil. Bütün bunlar AŞPA-da anti-Azərbaycan şəbəkənin çoxillik aktiv fəaliyyət problemi haqqında ciddi fikirləşməyə vadar edir.

Bu nəzəriyyəni dəstəkləyən bir çox sübut var və üstəlik, bu faktlar Avropa təşkilatı tərəfindən dəqiq açıqlanır. Söhbət Brüsseldə yerləşən Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzindən (ESISC - European Strategic Intelligence and Security Center) gedir. 2002-ci ildən bəri fəaliyyət göstərən ESISC özünü terrorizm və təhlükəsizlik problemləri ilə məşğul olan ciddi bir analitik mərkəz kimi göstərdi.

2017-ci ilin martında ESISC, “Erməni əlaqələri: beynəlxalq hüquq pozuntularını ört-basdır etmək məqsədi ilə 2012-ci ildən AŞPA-da bir qrup deputat və QHT nümayəndələri tərəfindən gizli şəbəkənin yaradılması haqqında” ətraflı hesabat yayımladı.

Sənəddə qeyd olunur ki, Avropa Şurasında Azərbaycana edilən əsassız hücumların əsasında gizli siyasi gündəm - Dağlıq Qarabağın Ermənistan tərəfindən qanunsuz işğalından qorumaq və əsaslandırmaq, həmçinin Avropa Şurasının Mərkəzi və Şərqi Avropadakı fəaliyyətlərini "insan hüquqlarını qorumaq" adı altında öz maraqlarına xidmət edən kiçik bir qrupun nəzarəti altına qoymaq dayanır.

Beləliklə, 2012-ci ildən başlayaraq, antiazərbaycançı və ermənipərəst siyasətçilər, bəzi elementlərin Avropa Şurasının hüdudlarından kənara çıxan vahid lobbi şəbəkəsində birləşməyə başladılar. Minimum-proqram olaraq, bu "şəbəkə" ölkədə qeyri-sabitliyə nail olmaq üçün Azərbaycana qarşı böhtan və iftira siyasətinin güclənməsini, maksimum-proqram kimi isə – Azərbaycan ərazilərinin erməni işğalına haqq qazandırmağı qoyur.

“Erməni əlaqələri...” hesabatında deputatların və böyük QHT-lərin təmsil olunduğu qrupdan gələn ciddi təhlükənin vurğulandığı və bunun Avropa Şurasında qəbuledilməz olduğu qeyd edilir:  “Avropa Şurası BMT Təhlükəsizlik Şurasının qınadığı qanunsuz işğalın bəraətinə nail olan şəbəkəni öz strukturunda fəaliyyət göstərməsinə necə icazə verə bilər? Əslində bütün bunlar Avropa Şurasının əsasları və dəyərləri üçün ciddi təhlükə yaradır”.

Lobbi şəbəkəsinin əlaqələrini izləyən hesabat müəllifləri maraqlı bir qanunauyğunluq – anti-Azərbaycan kampaniyasında iştirak edən siyasətçilər və QHT-lərin hamısı bu və ya dolayısıyla amerikalı maliyyəçi Corc Soros və onun strukturları ilə əlaqəli olduğunu görürlər. 

Bu şəbəkədəki ən böyük həlqələrdən birini - 2012-ci ildə European Stability Initiative QHT-nin məlum “Kürü diplomatiyası” nəşrini götürək. Məlum oldu ki, bu təşkilat Açıq Cəmiyyət İnstitutundan maliyyə alır.

European Stability Initiative-in təsisçisi Qerald Knaus (təşkilat və onun rəhbərliyi məsələsinə yenidən qayıdacağıq) anti-Azərbaycan xəttini aparmaqda Ermənistanın böyük dostu – demokratiya və insan haqları ilə bağlı səslənən gurultulu bəyanatların arxasında, həqiqətən də erməni lobbisi şəbəkəsinə möhkəm yerləşmiş AŞPA-nın keçmiş üzvü Kristof Ştrasserlə yaxından əməkdaşlıq edir.

Deputat Ştrasser əsas missiyasını AŞPA-da tələsik qəbul edilən anti-Azərbaycan qətnamələrinin, xüsusilə də "siyasi məhbuslar"ın fəal şəkildə təbliğində görür. O, hər fürsətdə Azərbaycanda guya insan hüquqlarının pozulduğu iddiası ilə Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsini boykot etməyə çağırırdı. Mənasız fikir uğursuz oldu: Azərbaycan paytaxtında Avropa mahnı müsabiqəsi ən yüksək səviyyədə keçirildi.

Həmçinin o, 2015-ci ilin aprelində Yerevanda qondarma “erməni soyqırımı”nın yüz illiyinə həsr olunmuş tədbirdə iştirak edən Almaniyadan olan yeganə rəsmi şəxs idi.

Holland deputat Piter Omsiq və onun alman həmkarı Frank Şvabe də AŞPA-dakı fanatik anti-Azərbaycan fəaliyyətləri ilə də yadda qaldılar. Onların hər ikisi Ermənistanın siyasi elitası ilə sıx bağlı idi və həm AŞPA-da, həm də onun hüdudlarında bu ölkənin maraqlarını müdafiə edirdilər.

Beləliklə, Şvabe israrla "erməni soyqırımı"nın Bundestaqda tanınmasını istədi, Omsiq isə Hollandiyadakı erməni diasporunun maraqlarını fəal şəkildə təbliğ etdi. Yeri gəlmişkən, Omsiq sonuncunun deputat seçilməsində mühüm rol oynayır.

Yeri gəlmişkən, yuxarıda göstərilən European Stability Initiative-nin rəhbəri Qerald Knaus “Kürü diplomatiyası” adlı böhtan dolu təhlilində məhz bu iki deputata istinad edir.

Fotoda: Kristofer Ştrasser, Frank Şvabe, Piter Omsiq

Bu anti-Azərbaycan sövdələşməsində daha bir məqam diqqəti çəkir: AŞPA 2012-ci ilin oktyabrında "siyasi məhbus" anlayışını formalaşdırmadan çox əvvəl – 12 ildən çox, bu məsələ ilə bağlı iddia və qətnamələr nədənsə yalnız Azərbaycana şamil olunurdu. Eyni zamanda, AŞPA-ya təqdim olunan sənədlərdən heç birində Ermənistanda və bir sıra digər ölkələrdə "siyasi məhbus" a dair heç bir ciddi addım atılmadı.

2009-cu ildə AŞPA-nın Hüquqi məsələlər üzrə Komitəsi “siyasi məhbus” terminin təyin etmək qərarına gəlir. Bunun üzərində çalışmaq həmin K.Ştrasserə həvalə olunur. Elə həmin il o,  Azərbaycanda qondarma “siyasi məhbus” vəziyyətini nəzarət etmək üçün məruzəçi təyin edildi. Bu yanaşmanın nə qədər etik olmasını dırnaq arasında saxlayaq – hər halda nəticə etibarilə qərar verildi.

Gözlədiyimiz kimi, Ştrasser AŞPA-nın 2012-ci ilin oktyabrı və 2013-cü ilin yanvarındakı iclaslarında baxılması üçün təqdim olunan son dərəcə qərəzli hesabat hazırladı. 2013-cü ilin yanvarında sənəd çox səs çoxluğu ilə rədd edildi. Azərbaycan əleyhinə olan qüvvələr bu uğursuzluqla barışa bilmədi, gündəmə gətirmək üçün bütün səyləri göstərərək, artıq 2014-cü ildə Hüquqi məsələlər üzrə Komitənin “Azərbaycanın Avropa Şurasına sədrliyi: İnsan hüquqları sahəsində nə edilməlidir?” hesabatını gətirdi.

Lakin bu dəfə də yanıldılar – məruzəçi Alen Desteks bu məsələdə dürüst, müstəqil və prinsipial mövqe göstərdi. Buna görə də anti-Azərbaycan şəbəkəsi Desteksin məruzəçi vəzifəsindən istefa verməyə məcbur etmək üçün əlindən gələni etdi.

Fotoda: Alen Desteks

Demokratik səsvermə ilə istədiklərinə nail ola bilməyən Azərbaycana düşmən olan dairələr yeni taktika seçdi - Azərbaycana qarşı qərəzsiz və müstəqil mövqe nümayiş etdirənlərin cəzalandırılmasına nail olmaq üçün AŞPA üzvlərinə böhtan atdılar. Beləliklə, AŞPA katibliyinin köməyi ilə Ştrasserin məruzəsinə qarşı səs verən deputatları Azərbaycanla “korrupsiya əlaqələri” yaratmaqda ittiham etdilər.

Qerald Knausun rəhbərlik etdiyi European Stability Initiative QHT AŞPA-dakı korrupsiya problemi ilə bağlı bir neçə məruzə hazırladı, nəticədə gündəliyə korrupsiya iddialarını araşdırmaq üçün İstintaq orqanının yaradılması məsələsi daxil edildi. Əslində bütün bu işlər yalnız Ştrasserin anti-Azərbaycan hesabatına yenidən baxılması məqsədi daşıyırdı.

Lakin İstintaq orqanı öz hesabatında Ştrasserin məruzəsində səsvermə zamanı deputatların rüşvət almasına dair heç bir sübutun olmadığını etiraf etdi və səsvermənin nəticələrinə heç bir təsir olmadığı qənaətinə gəldi. Buna baxmayaraq, holland deputat Piter Omsiq Azərbaycanda "siyasi məhbus" barədə hesabatın hazırlanması ilə bağlı qətnamə layihəsini yenidən AŞPA-ya təqdim etdi və bu da onun ölkəmizə qarşı qərəzli olduğunu əyani şəkildə göstərir.

Yeri gəlmişkən, AŞPA-nın İstintaq orqanının yekun hesabatında Soros Fondu ilə əlaqəsi olan European Stability Initiative QHT beynəlxalq QHT kimi göstərilib. Lakin Avropa Parlamentində bu təşkilat lobbi təşkilatı olaraq qeydiyyatdan keçib. Xüsusilə anti-Azərbaycan məruzələrin hazırlanması daxil olan Avropa Şurasındakı fəaliyyəti dövründə bu QHT Soros Fondundan 2012-2018-ci illərdə yüz minlərlə dollar pul alıb.

Fotoda: Piter Omsiq

İndi isə qızğın anti-Azərbaycan və antitürk mövqeyi ilə yadda qalan AŞPA-da Fransadan olan ermənipərəst şəbəkəyə diqqətimizi yönəldək. Burada ilk növbədə "Fransa-Qarabağ” dostluq dairəsinin sədri Fransua Roşbluan və Fransa-erməni dostluğu parlament qrupunun sədri Rene Rukeni qeyd etmək lazımdır.

Fransua Roşbluan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfərləri etmiş, buna görə də adı 2015-ci ildə Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən “qara siyahı”ya salınması ilə deyil, həmçinin oraya fransız turistlərin səfərlərini təşkil etməklə də “məşhurdur”.

Məhz onun müşayiətilə, 2018-ci ildə Fransanın Sent-Etyen şəhərinin meri Qael Perdrio separatçı rejimlə öz şəhəri və Şuşa arasında qanunsuz "dostluq bəyannaməsi" imzalayaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etdi. Öz növbəsində də, Fransa XİN rəsmi Parisin nə bu “sənədi” nə də qondarma “DQR”i tanımadığını bəyan etdi.

Roşbluan, eyni zamanda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsi üzərində hava məkanının açılmasının zəruriliyi ilə bağlı iyrənc bəyanatları ilə də tanınır.  Onun rəhbərlik etdiyi “Dostluq dairəsi”ndən danışarkən qeyd etmək lazımdır ki, 2018-ci ildə bu təşkilat Parisi saxta rejimi ilə “açıq, birbaşa və konstruktiv dialoqa” başlamağa çağırırdı.

Hələ bundan əvvəl, 2016-cı ildə, Roşbluan həmişə "Fransada Qarabağın maraqlarını təmsil edəcəyinə” sadiq qalaraq separatçı rejimə təntənəli şəkildə andı içdi.

Analoji çıxışları və qeyri-qanuni ziyarətləri ilə, buna görə də, adı 2010-cu ildə Azərbaycan Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxsləri siyahısına daxil edilən "Konyak diplomatiyasının" digər qurbanı Rene Ruk da fərqləndi. Bir vaxtlar o, Ermənistana göstərilən yardımın "Qarabağa mümkün qədər faydalı olmasına" razılaşdı. Mövqeyini açıq şəkildə nümayiş etdirən Ruke, Azərbaycanın işğal olunmuş ərazilərinin Avropa qurumlarında "Ermənistan ərazisi" və "müstəqil ölkə" məsələsinin tanınmasını fəal şəkildə təbliğ etdi.

AŞPA Bürosunun 2014-cü ildə Assambleya komitələrinin iki il ərzində Bakıda keçiriləcək iclaslarını ləğv etmək barədə qalmaqallı qərarı da məhz bu şəxsin adı ilə əlaqələndirilir.

Xatırladaq ki, işğal olunmuş Azərbaycan ərazilərinin Rukenin qanunsuz səfəri və adının Xarici İşlər Nazirliyinin “qara siyahısı”na daxil edilməsi ilə əlaqədar olaraq, Azərbaycan tərəfi AŞPA Bürosunun və Daimi Komitəsinin paytaxtda keçiriləcək iclasında iştirak etməməsi üçün viza verməkdən imtina etdi.

Lakin AŞPA Bürosu, Assambleyada anti-Azərbaycan şəbəkəsinin təqdimatı ilə viza verməkdən imtinanın Avropa qanunlarının pozulduğuna hesab edərək Rukenin  müdafiəsinə “ayağa qalxdı. AŞPA Rukenin qanunsuz səfərlərinə və Azərbaycan ərazilərinin işğalının beynəlxalq hüquq normalarını dəstəkləyən bəyanatlarına göz yummağa qərar verdi.

Fransua Roşbluan və Rene Rukenin erməniliyə bu cür “vicdanlı xidməti” əlbəttə ki, Yerevan tərəfindən “layiqincə” qiymətləndirildi. Onların hər ikisi baş nazir Nikol Paşinyanın əlindən Ermənistan respublikasının pasportunu aldı.

Fotoda: Nikol Paşinyan Fransua Roşbluan və Rene Ruke ilə

Soros tərəfindən maliyyələşdirilən gizli anti-Azərbaycan şəbəkəsinin AŞPA-dakı fəaliyyətinə dair jurnalist araşdırması, əsas fiqurlarından birini – latviyalı Nil Muyjnieksin adını qeyd etmədən tamamlanmazdı. O, 2012-2018-ci illərdə Avropa Şurasının İnsan hüquqları üzrə komissarı olub.

Həmin “Erməni əlaqələri” hesabatına əsasən, Muyjnieksin Avropa komissarı çalışdığı illər ərzində Assambleyanın bir neçə deputatı, eləcə də Soros Fondu ilə əlaqəli QHT-lər AŞPA plenar iclasları ilə paralel olaraq Ermənistanın maraqlarına dəstək olan bir sıra tədbirlər təşkil etdilər.

Fotoda:  Nil Muyjnieks

 Bu tədbirlərdə, Sorosun köməkçiləri özlərinini məhkəmə mantiyasında sınamağa və Avropa Şurası üzvləri üçün “qiymət” təyin etməyə başladılar. Aydın məsələdir ki, ilk zərbəni Azərbaycan və Türkiyə aldı.

Ermənistana gəlincə, o “nümunəvi ölkə” kimi təqdim edildi. Bu cür hərəkətlər nəinki AŞPA deputatının etik normalarına zidd deyil, həmçinin BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi dörd qətnaməni nəzərə alaraq, ESISC tərəfindən hazırlanan "Erməni əlaqəsi" hesabatında vurğulananan beynəlxalq hüququn birbaşa pozulmasıdır.

Göründüyü kimi, 2012-ci ildən başlayaraq AŞPA-da Soros Fonduna birbaşa tabe olan və onun sifarişlərini yerinə yetirən, o cümlədən Avropa Şurasında və onun strukturlarında Ermənistan və dünya ermənilərinin siyasi maraqlarını lobbiçilik edən gizli şəbəkə yaradıldı.

Beləliklə, seçici, ədalətsiz və qərəzli yanaşma ən qədim və ən böyük beynəlxalq təşkilatlardan birinin “simasızlaşmasına” gətirib çıxardı. Kənardan gələn təzyiqlərə tab gətirməklə və kiminsə çirkli əllərində alətə çevrilməməklə bunun qarşısını almaq mümkün olardı.

1news.az

 

 

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net