Deputat Özbəkistan-Azərbaycan parlamentlərarası forumunda qadın və gənclərin sahibkarlığının inkişafından danışıb | 1news.az | Xəbərlər
Siyasət

Deputat Özbəkistan-Azərbaycan parlamentlərarası forumunda qadın və gənclərin sahibkarlığının inkişafından danışıb

18:34 - 02 / 07 / 2025
Deputat Özbəkistan-Azərbaycan parlamentlərarası forumunda qadın və gənclərin sahibkarlığının inkişafından danışıb

“Qadınlar və gənclər iqtisadi artıma, sosial tərəqqiyə və siyasi sabitliyə töhfə verərək, cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynayırlar, onların potensialından tam istifadə edilməlidir. Qadınları və texnologiyaya çevik uyğunlaşma qabiliyyətinə malik olan gənc innovatorları aktivləşdirməklə unikal perskpektivlər əldə etmək mümkündür”.

Milli Məclisin deputatı Nigar Məmmədova birinci Özbəkistan-Azərbaycan parlamentlərarası forumu çərçivəsində keçirilən panel iclasda “Qadın və gənclərin sahibkarlığı üçün inklüziv hüquqi mühitin yaradılması, həmçinin qadınların və gənclərin STEM və İT peşələrinə çıxış imkanlarının genişləndirilməsi” mövzusunda çıxışı zamanı bu fikirləri səsləndirib. Deputat bildirib ki, qadınlar çox vaxt ailələrdə, icmalarda və iqtisadiyyatda əsas iştirakçı, gənclər isə yenilik və dinamizm gətirərək gələcəyin hərəkətverici qüvvəsidir. Onların fəal iştirakı və səlahiyyətlərinin artırılması davamlı, inklüziv inkişaf üçün vacibdir. Bu sahədə yatırılan investisiya həm də sosial ədaləti və inkişafı təşviq edir, gender bərabərsizliyini aradan qaldırır”.
Bu sahədə Azərbaycan təcrübəsinə toxunan N.Məmmədova diqqətə çatdırıb ki, uğurlu qadın siyasətinin davam etdirilməsi sayəsində Azərbaycan qadınları önəmli dövlət qurumlarında təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir: “Mövcud olan təkmil qanunvericilik bazası bütün sahələrdə gender bərabərliyinə həssas yanaşmanın tətbiqini nəzərdə tutur. Xüsusi olaraq STEM sahələrinin inkişafı, rəqəmsal bacarıqların təbliği, qadın və gənclərin startap təşəbbüslərində iştirakının dəstəklənməsi diqqət mərkəzindədir. Azərbaycan Respublikasının 2025-2028-ci illəri əhatə edən Süni İntellekt Strategiyasında da texnoloji inkişafı sürətləndirmək, rəqəmsal iqtisadiyyata keçidi təmin etmək, bu sahədə ixtisaslı işçi qüvvəsinin hazırlanması əsas hədəflərdən biridir. Bu strategiya, süni intellektin tətbiqini müxtəlif sahələrdə genişləndirməklə yanaşı, həm də innovativ həllər vasitəsilə iqtisadiyyatın səmərəliliyini artıracaq. Eyni zamanda artıq 7 ildir fəaliyyət göstərən “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi”də Azərbaycanda rəqəmsal hökumət və rəqəmsal cəmiyyətin qurulmasını, İKT sektorunun davamlı inkişafını təşviq edərək bu sahədə təhsil və karyera imkanlarının əlçatanlığını təmin edir”.

Dünyada yeni biznes-strukturların 25 faizdən çoxunu qadınların yaratdığını bildirən N.Məmmədova Azərbaycanda da qadınların ildən-ilə kiçik və orta sahibkarlıqda geniş təmsil olunduğunu vurğulayıb. Qeyd edib ki, bu sosial-iqtisadi inkişafın, o cümlədən, məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir: “Yeri gəlmişkən, Ermənistan işğalından azad etdiyimiz ərazilərdə də yerli əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, qadınlar və gənclərin də daxil olduğu sahibkarlıq fəaliyyəti həyata keçirənlər üçün sosial sığorta güzəştlərinin tətbiqi bu sahədə yüksək nəticələr əldə etməyə imkan verir”.

N.Məmmədova sahibkarlıq fəaliyyətində inklüziv təşəbbüslərə də diqqəti yönəldib. Deputat bu xüsusda Azərbaycan təcrübəsinə istinad edərək bildirib ki, inklüziv sahibkarlıq həm də müxtəlif biznes ekosisteminə töhfə verir, daha böyük innovasiyalara, iqtisadi dayanıqlığa səbəb olur. Burada həmçinin həssas əhali qrupunun da sosial maraqları nəzərə alınır: “Azərbaycanda bu sahədə qanunvericilik bazası təkmilləşdirilir və çoxsaylı proqramlar həyata keçirilir. Belə ki, nümunə olaraq həssas qrupun sosial rifahının yaxılaşmasına yönələn, əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi və onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsini əhatə edən qanunu qeyd edə bilərəm. Sözügedən qanuna əsasən, əlilliyi olan şəxslərin özünü məşğulluğunun stimullaşdırılması üçün hərtərəfli dəstəyin verilməsi, habelə onların istehsal etdiyi məhsullar üçün müvafiq satış şəbəkələrinin yaradılması da mühüm addımlardandır.”

N.Məmmədova eyni zamanda əlilliyi olan şəxslərin məşğulluğunun da daim prioritet olduğunu vurğulayıb: “Əlilliyi olan şəxslərin əmək fəaliyyəti ilə məşğul olması onların cəmiyyətdə sosial-iqtisadi münasibətlərə inteqrasiyasının əsas vasitələrindəndir. Bu, eyni zamanda sosial sahibkarlıq fəaliyyətini təşviq etməklə yanaşı, həm də əlilliyi olan insanlara yaradıcılıq potensialını üzə çıxarmağa kömək edir. Yeri gəlmişkən, Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşan proqramlar bu sahənin inkişafına xüsusi töhfə verir.”

Qardaş Özbəkistanın da bu istiqamətdə eyni dərəcədə ardıcıl və məqsədyönlü addımlar atdığını, inklüziv cəmiyyətin qurulmasına sadiqliyini əyani şəkildə nümayiş etdirdiyini bildirən deputat həmçinin qadınların və gənclərin dövlətin və cəmiyyətin inkişafında rolunun Parlament perspektivinin əhəmiyyətini qeyd edib, bəzi təklif və tövsiyyələrini səsləndirib.

Paylaş:
107

Son xəbərlər

Bütün xəbərlər