1news.az

Azərbaycanda tədqiqat və innovasiya üçün Aİ maliyyəsini necə almaq olar?

9 Oktyabr saat 10:08 ~ 7 dəqiqəlik oxu 202
Azərbaycanda tədqiqat və innovasiya üçün Aİ maliyyəsini necə almaq olar?

Maraqlı tədqiqat ideyam var. Aİ-dən maliyyə dəstəyi əldə edə bilərəm?

Bəli, əlbəttə. Azərbaycanda fəaliyyət göstərən təşkilatlar Aİ-nin"Horizon 2020" (H2020) proqramına müraciət etmək imkanına malikdir. Bu, Avropa İttifaqının bu günə qədər ən böyük tədqiqat və innovasiya proqramıdır və 2018-2020-ci illəri əhatə edən dövrdə dünya üzrə təxminən 30 milyard avro dəyərində büdcəsi var.

Azərbaycan Aİ-yə üzv deyil, ancaq "Horizon 2020" proqramı bütün dünyada çalışan alimlər və tədqiqatçıların üzünə açıqdır. Bu isə o deməkdir ki, siz Aİ-yə üzv olan ölkələrdən və ya H2020-yə qoşulmuş ölkələrdən olan universitetlər və ya institutlar ilə əməkdaşlıq edə və layihələrdə iştirak edə bilərsiniz.

Əla səslənir, amma mən bilmirəm nədən başlayım, hara baxım... Necə müraciət edə bilərəm?

Deməli, siz neçə il universitetdə oxumusunuz, Fəlsəfə elmləri doktoru dərəcəniz var, amma müraciət etməkdə çətinlik çəkirsiniz?

Narahat olmayın, çünki siz tək deyilsiniz! İlk növbədə, "Horizon 2020" şəbəkəsinin Azərbaycanda aşağıdakı xidmətləri təklif edə bilən Milli əlaqə mərkəzlərinə müraciət etməlisiniz: 

  1. Müvafiq "H2020" mövzularını və fəaliyyət növlərini seçmək üçün təlimatlandırma
  2. İnzibati prosedurlar və müqavilə ilə bağlı məsələlərə dair tövsiyələr
  3. Layihə tərtibatı ilə bağlı təlim və kömək
  4. Sənədlərin paylanması (formalar, metodiki tövsiyələr, təlimatlar və s.)
  5. Tərəfdaş axtarışında kömək

Azərbaycanda fəaliyyət göstərən Milli əlaqə mərkəzlərinin tam siyahısını buradan tapa bilərsiniz. Siz həmçinin tədbirlər, imkanlar, seminar və təlimlərə dair məlumatlar almaq üçün həmin mərkəzlərin Facebook səhifəsinə baş çəkə bilərsiniz.

Əla səslənir, amma ərizə formasını doldurmaq asan deyil, elə deyilmi?

Şübhəniz olmasın. Ərizənin doldurulması prosesini ciddi qəbul etməlisiniz. Bu prosesdə sizə kömək lazımdır.

Birincisi, bəzi iştirak imkanlarının fərdi şəxslər üçün açıq olduğunu, əksər layihələrin isə birgə (əməkdaşlıq çərçivəsində) həyata keçirildiyini bilməlisiniz. Buna görə xaricdə tərəfdaşlıq əlaqəsi yaratmağınız üçün universitetiniz və ya hər hansı yerli qurum ilə birgə işləməlisiniz. Azərbaycan Aİ-yə üzv dövlət və "Horizon 2020" proqramına qoşulan ölkə olmadığı üçün azı üç müxtəlif Aİ ölkəsi və ya proqrama qoşulan ölkədə fəaliyyət göstərən təşkilatlarla komanda şəklində çalışmalısınız.

Milli əlaqə mərkəzləri ərizə formasının doldurulmasında sizə kömək edəcəklər, ancaq münasib ərizə qəbulunun və tərəfdaşın tapılmasında, idarəetmə, ödənişlər və auditin təqdim olunması kimi məsələlərə aydınlıq gətirən iştirakçılar üçün hərtərəfli onlayn istifadə təlimatını nəzərdən keçirməlisiniz.

Bundan başqa, Rus dilində ərizə formasında ideyanın təsvir olunmasına dair beş mərhələdən ibarət praktiki metodiki vəsait mövcuddur.

Fərdi şəxslər üçün hər hansı maliyyə dəstəyi mövcuddur?

Xaricdə işləyərək çalışdığınız ixtisas üzrə irəli getmək istəyirsinizsə, fərdi təqaüd ("H2020" Marie Skłodowska-Curie Actions (MSCA) çərçivəsində) üçün müraciət edə bilərsiniz . Müraciət etmək üçün Fəlsəfə elmləri doktoru dərəcəsinə və ya azı dörd il əyani tədqiqat təcrübəsinə malik olmaq tələb olunur. Fizika, dilçilik, səhiyyədən tutmuş riyazi modelləşdirməyə qədər bütün fənlər üzrə araşdırmalar maliyyələşdirilə bilər. Maksimum iki il müddətinə verilən qrantlar çərçivəsində yaşayış, yol və ailə ilə bağlı xərclər ödənilir və Aİ təlim, şəbəkə və tədqiqat xərclərini, həmçinin layihənin idarə olunması ilə bağlı dolayı xərcləri qarşılayır (ətraflı məlumat üçün ərizəçilər üçün metodiki vəsaitə baxın). Qrant adətən qəbul edən təşkilata, yəni universitet, tədqiqat mərkəzi və ya Avropadakı hər hansı şirkətə verilir.

MSCA-da həmçinin bütün dünyada tədris, sənaye və kommersiya xarakterli təşkilatlar arasında işçi heyətinin qısamüddətli mübadiləsini maliyyələşdirən Tədqiqat və İnnovasiya üzrə İşçi Heyəti Mübadiləsi (RISE) mövcuddur. İstənilən milliyyətə mənsub və karyerasının istənilən mərhələsində olan tədqiqat heyəti, yəni Fəlsəfə elmləri doktoru dərəcəsinə hazırlıqdan tutmuş təcrübəli tədqiqatçılara qədər hər kəs, eləcə də rəhbər, texniki və ya inzibati vəzifələrdə çalışan heyət üzvləri iştirak edə bilərlər.

 Avropa Tədqiqat Şurası (ATŞ) həmçinin Avropada tədqiqatla məşğul olmaq istəyən istənilən milliyyətdən olan savadlı tədqiqatçıları maliyyə dəstəyi ilə təmin edir. Karyerasına yeni başlayan tədqiqatçılar beş illik tədqiqatları üçün ERC Başlanğıc Qrant vasitəsilə 1,5 milyon avroya qədər maliyyə dəstəyi əldə edə bilərlər. Aparıcı və daha təcrübəli tədqiqatçılar üçün daha cəlbedici qrantlar mövcuddur.

Azərbaycanlı alimlər və tədqiqatçılar qrant almaq üçün hansı şanslara malikdirlər?

Digərlərinin malik olduğu qədər şansları var! Doğrudur, Azərbaycandan olan iştirak səviyyəsi çox aşağıdır, amma buna səbəb ölkədəki istedadlı şəxslərin və innovasiya səviyyəsinin aşağı olması deyil, ərizəçilərin sayının az olmasıdır. 2018-ci ilin sentyabr ayına olan məlumata əsasən, "H2020" layihələrində Azərbaycandan yeddi iştirak qeydə alınmışdır. Eyni zamanda, 2018-ci ilin sonuna kimi 16 fərdi Azərbaycanlı tədqiqatçı "MSCA Actions"-in son mərhələsi çərçivəsində (2014-2020) maliyyə dəstəyi əldə etmişdir.

Ümumiyyətlə, "Horizon 2020"-nin sadəcə maddi dəstək təmin etmədiyini yadda saxlamaq lazımdır. Layihələr Azərbaycan alimləri və onların beynəlxalq həmkarları, o cümlədən Aİ və dünyanın istənilən yerindən olan biznes tərəfdaşları arasında daha yaxşı əməkdaşlıq üçün qapılar açır.

Məsələn, 2019-cu ilin yanvar ayından etibarən Şamaxı Astrofizika Rəsədxanasının tədqiqatçı qrupu 10 müxtəlif ölkədən olan rəsədxanalarla əməkdaşlıq edərək "son dərəcə böyük ulduzlar" və onların qalaktikaların və bütövlükdə kainatın təkamülündə oynadığı rolu araşdırıb. “POEM layihəsi” (Son dərəcə böyük ulduzların fizikası layihəsi) çərçivəsində iştirakçı rəsədxanalar arasında çoxlu sayda mübadilə səfərləri nəzərdə tutulub: “Bütün bu elmi əlaqələr gənc astronomların yetişməsində mühüm rol oynayır", - deyə dos. Professor, Dr. Canməmməd Rüstəmov bildirir. “Gənclər bu layihədə prioritetə çevrilirlər... Gənclərin bu fəaliyyətlərdə lider olması vacibdir. Bu onları tədqiqat və təhsil sahəsindəki gələcək karyeraları üçün lazımi bacarıqlarla təmin edəcək".

Biznesdə innovasiyalar üzrə hər hansı maliyyə dəstəyi əldə etmək mümkündür?

"Horizon 2020" biznesdə innovasiyalara dair dəstək təmin edir, lakin bu, yalnız Aİ-yə üzv dövlətlər və proqrama qoşulmuş ölkələr üçün əlçatandır. Buna baxmayaraq, Azərbaycan müəssisələri və hətta KOM-ları layihələrdə tərəfdaş qismində iştirak edə bilərlər, çünki maliyyələşdirilən bir çox texnologiyaların tətbiqində həqiqətən aparıcı rol oynayırlar və buna görə də onların iştirakı arzu olunandır. Ümumilikdə, İctimai problemlər Sənaye texnologiyalarında liderlik sahələrində həyata keçirilən layihələrin ümumi birləşdirilmiş büdcəsinin 20%-nin KOM-ların payına düşəcəyi gözlənilir. Bu isə Aİ-nin Tədqiqat və innovasiya fəaliyyətlərinə ayırdığı 8 milyard avrodan çox maliyyə dəstəyinin birbaşa KOM-lara yönəldiləcəyini göstərir. KOM-ların əksəriyyəti Aİ-nin birgə Tədqiqat və innovasiya layihələrində iştirak edən konsorsiumların bir hissəsidir.

İnnovasiyaların maliyyələşdirilməsi üzrə başqa Avropa proqramları var?

Bəli, var! "Horizon 2020"-dən başqa, innovasiyaların və tədqiqatların maliyyələşdirilməsi üçün başqa Aİ mənbələri var:

Hər hansı müəssisəni təmsil edirsinizsə, EU4Business təşəbbüsü çərçivəsində müxtəlif maliyyələşmə və dəstəkdən yararlanmaq üçün müraciət edə bilərsiniz.

Professor və ya tələbəsinizsə: Erasmus+ bütün sahələrdə və bütün səviyyələr üçün olduqca geniş miqyaslı tədqiqat və mübadilə imkanları təklif edir. Təfərrüatları ilə bağlı Erasmus+ proqramının Azərbaycan ofisinə baş çəkin.

Mədəniyyət sahəsində çalışırsınızsa: Azərbaycanda fəaliyyət göstərən təşkilatlar lazımi qədər münasib tərəfdaşların cəlb olunduğu konsorsium çərçivəsində Aİ-nin "Creative Europe" proqramında iştirak edə bilərlər.

Aİ-nin tədqiqat və innovasiyalara dəstəyinə dair xəbərlər, tədbirlər və iştirak imkanlarından xəbərdar olmaq üçün EU4Innovation səhifəsini tab siyahınıza əlavə edin.

EU Neighbours

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net