1news.az

Bu məkanlarda qoruyucu tibbi maskaların istifadəsi məcburi oldu - SİYAHI

29 May saat 16:18 ~ 2 dəqiqəlik oxu 5200
Bu məkanlarda qoruyucu tibbi maskaların istifadəsi məcburi oldu - SİYAHI

Nazirlər Kabineti Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə yeni qərar verib.

1news.az xəbər verir ki, Nazirlər Kabinetinin verdiyi qərara görə, aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir:

1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.);

1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla);

1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə;

1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində;

1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində;

1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə;

1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə;

1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda.

2. Tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir.

3. Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Qafar Ağayev

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net