Dövlət terrorizmi və soyqırımı siyasəti yürüdən Ermənistanın dinc azərbaycanlılara qarşı cinayətlərinə dünya birliyi 30 ildir göz yumur | 1news.az | Xəbərlər
Siyasət

Dövlət terrorizmi və soyqırımı siyasəti yürüdən Ermənistanın dinc azərbaycanlılara qarşı cinayətlərinə dünya birliyi 30 ildir göz yumur

12:41 - 29 / 10 / 2020
Dövlət terrorizmi və soyqırımı siyasəti yürüdən Ermənistanın dinc azərbaycanlılara qarşı cinayətlərinə dünya birliyi 30 ildir göz yumur

Ermənistanın hərbi təcavüzü nəticəsində 2020-ci il sentyabrın 27-dən keçən bir ay ərzində dinc əhaliyə qarşı törədilmiş beynəlxalq cinayətlər onu təsdiq edir ki, Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və dövlət terrorizmi siyasəti 30 ildən artıqdır ki, bütün dünyanın gözü qarşısında davam edir. Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində 60 nəfərə yaxın insan həlak olub, 300-dən çox mülki insan yaralanıb.

Bundan başqa, sentyabrın 11-də Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından xeyli kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını gecə saatlarında raket atəşinə tutması nəticəsində 5-i qadın olmaqla 10 nəfər həlak olub, 16 qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb (onlardan 10 nəfəri məktəblidir). Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn bütün prinsiplərini, o cümlədən 1949-cu il tarixli Cenevrə konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc azərbaycanlı mülki əhaliyə qarşı cinayət əməllərini törətməkdə davam edir. Oktyabrın 15-də təcavüzkar Ermənistanın silahlı qüvvələrinin Tərtərdə dəfn mərasimi zamanı qəbiristanlığı atəşə tutması nəticəsində 4 nəfər həlak olub, 4 nəfər xəsarət alıb. Oktyabrın 17-də gecə saat 1-də Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində 52 dinc sakin xəsarət alıb, 13 nəfər həlak olub ki, onların arasında 4-ü qadın, 3-ü azyaşlı uşaqdır. Ümumilikdə, Ermənistan ordusunun Gəncəyə oktyabrın 4-də, 11-də və 17-də raket və ağır artilleriya hücumları nəticəsində 10-u qadın, 6-sı uşaq olmaqla 26 nəfər həlak olub, 138 nəfər yaralanıb.

1news.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov deyib.

E.Əhmədov deyib ki, beynəlxalq birliyin cəzasızlığından istifadə edərək faşist ideologiyası yürüdən işğalçı Ermənistanın hərbi təcavüzü nəticəsində oktyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə rayonuna “Smerç” yaylım atəşli reaktiv sistemdən atılan raket atəşləri nəticəsində 5 nəfər mülki şəxs, o cümlədən azyaşlı uşaq həlak olub, uşaqlar və qadınlar da olmaqla 13 nəfər ciddi yaralanıb. Bunun ardınca oktyabrın 28-də Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx olduğu əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilməsi nəticəsində 21 nəfər həlak olub, 70-dən çox insan isə yaralanıb. Ümumilikdə, Ermənistan ordusunun Bərdəyə 2 gün ərzində “Smerç” yaylım atəşli reaktiv sistemdən atılan raket atəşləri nəticəsində 26 nəfər həlak olub, 80-dən çoxu yaralanıb.

Bütün dünyanın gözü qarşısında dövlət terrorizmi siyasəti həyata keçirən Ermənistanın hərbi təcavüzü nəticəsində sentyabrın 27-dən keçən bir ay ərzində mülki insanlardan 90 nəfərdən çoxu həlak olub, onlardan 30 nəfərdən çoxu uşaqlar və qadınlardır, 400 nəfərə yaxın, o cümlədən 100-dən çox qadın və 30-dan çox uşaq yaralanıb.

Ancaq biz nəyin şahidi oluruq? Otuz ildən artıqdır ki, erməni vandalizmi davam edir. Təcavüzkara qarşı heç bir təzyiq nəinki yoxdur, dünya birliyi Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini bütün dünyanın gözü qarşısında baş verən bu qanlı terror hadisələrinə seyrçi mövqedən yanaşır.

Otuz ilin tarixinə qısaca nəzər salaq: Hələ Dağlıq Qarabağ işğal edilməmişdən əvvəl Ermənistan ilk cinayətkar əməllərini 1990-cı il yanvar ayının 15-dən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirib. 1990-cı il yanvarın 18-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Kərki kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Kərki kəndinin işğalı XX əsrin sonlarında ermənilərin ilk işğalçılıq aktı kimi tarixə düşüb. Kənd hazırda işğal altındadır, dinc əhali öz doğma yurdlarından məcburən köçkün düşmüşdür.

Bunun ardınca 1990-cı il martın 24-də Ermənistanla sərhəd rayonu olan Qazax rayonunun Bağanis Ayrım kəndi erməni terrorçu dəstələrinin silahlı hücumuna məruz qalmış, ermənilər tərəfindən kəndin günahsız mülki əhalisinə qarşı görünməmiş vəhşiliklər edilmişdir. Erməni silahlı qruplarının bu genişmiqyaslı hücumu nəticəsində kənd işğal olunmuşdur. İşğal zamanı Bağanis Ayrım kəndində 100-dən çox ev talan edilmiş və yandırılmış, nəticədə 10 nəfər həlak olmuş, 15 nəfərdən çox insan yaralanmışdır. Xüsusi strateji əhəmiyyətli Bağanis Ayrım kəndi İcevan-Noyamberyan avtomobil yolu üzərində yerləşdiyindən ermənilər tərəfindən bu kəndin işğalı xüsusi plan əsasında həyata keçirilmişdir. Bununla da 600 nəfərdən çox əhalisi və Qazax rayonunun Aşağı Əskipara, Quşçu Ayrım, Xeyrimli və Məzəm kəndləri ilə həmsərhəd, eləcə də Dağlıq Qarabağdan xeyli kənarda yerləşən Bağanis Ayrım kəndi ermənilərin işğalçılıq siyasəti nəticəsində zəbt olunmuşdur.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, BMT-nin Baş Assambleyasının 44-cü sessiyasında 1989-cu il noyabrın 20-də qəbul edilmiş BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyanı Ermənistan ratifikasiya edib. Lakin buna baxmayaraq, uşaqlara qarşı zorakılıq əməlləri törətməkdən çəkinmir, istər müharibə, istərsə də atəşkəs zamanı öz çirkin niyyətlərini həyata keçirir. Ermənistanın Azərbaycanın mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqları və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında konvensiyaların ciddi şəkildə pozulmasıdır. Buna dünya ictimaiyyəti və BMT-nin üzv dövlətləri tərəfindən layiqli qiymət verilməlidir.

Qeyd etmək lazımdır ki, XX əsrin sonundan başlayaraq keçən dövr ərzində, xüsusilə 1988-1993-cü illərdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanda uşaqların qətlə yetirilməsi ilə bağlı kifayət qədər faktlar vardır.

1989-cu ildə Kərkicahanda 9 yaşlı Nicat və 11 yaşlı Nadir İbrahimov ermənilər tərəfindən güllələnmişdir. Müharibənin ilk illərində Kəlbəcərdə 8 uşaq - Sahil Məmmədov (10 yaş), Razim Salmanov (8 yaş), Anar Valehov (7 yaş), Cahid İbişov (10 yaş), Səxavət Dəmiroğlu (14 yaş), Natiq Əsgərov (14 yaş), Bəxtiyar Xəlilov (11 yaş) və Azər Orucov (7 yaş) vəhşicəsinə qətlə yetirilmişdir. Ermənistan ordusu tərəfindən 2011-ci ildə Ağdamda 9 yaşlı Fariz Bədəlov, Tovuzda isə 13 yaşlı Aygün Şahmalıyeva qətlə yetirilmişdir.

1991-ci il iyunun 27-28-də Xocavənd rayonunda ermənilərin “Qarabağ” terror təşkilatının üzvləri Qaradağlı kəndinə hücum edərək Vərəndəli fermasında 6 nəfər kənd sakinini (3 nəfər qadın olmaqla) diri-diri yandırmışdılar. Bunun ardınca isə, sentyabrın 8-də ermənilər Qaradağlı kəndində 3 nəfər kənd sakininin üzərinə dizel yanacağı tökərək yandırmış, 2 nəfərin isə başını kəsmişlər. 1992-ci il fevralın 13-17-də isə erməni silahlı dəstələrinin Xocavənd rayonunun Qaradağlı kəndinə silahlı hücumu zamanı 118 nəfər (uşaq, qadın, qoca) əsir götürülmüş, kəndin Bəylik bağı adlanan yerində 33 nəfər ermənilər tərəfindən güllələnmiş, eyni zamanda, öldürülən və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək basdırmışlar. Əsirlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülmüş və hamının gözü qarşısında güllələnmişdi. Daha sonra isə 2 nəfər Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində öldürüldü. Əsirlikdə olan 68 nəfər kənd sakininə ermənilər əzab və işgəncələr verərək onları amansızlıqla qətlə yetirdilər. Ümumilikdə, Qaradağlı kəndində qətlə yetirilənlərdən 20 nəfəri 10-12 yaşına qədər uşaq, yarıya qədəri isə qadınlar olmuşdur.

1992-ci il aprel ayının 7-dən 8-nə keçən gecə Ermənistan silahlı birləşmələri Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndini tamamilə yandırmış, 779 nəfər dinc sakininə amansız işgəncələr vermişdir. Ağdaban kəndində ermənilərin həyata keçirdikləri soyqırımı nəticəsində 39 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Onların arasında 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırılmış, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir.

Füzuli rayonunun işğalı zamanı Horadiz yolunda tutulmuş 40 nəfər mülki şəxsin 29 nəfəri, Gorazıllı kəndindən götürülmüş girovların 40 nəfəri, Kəlbəcər rayonunun Başlıbel kəndindən girov götürülmüş qoca, qadın və uşağın 29 nəfəri yerindəcə öldürülmüş, meyitlərə qarşı əxlaqsızlıq və vandalizm hərəkətlərinə yol verilmiş, Kəlbəcər rayonunun "Tunel" adlanan yerində güllələnən dinc sakinlər iz itirmək məqsədi ilə yük avtomobilinin üstünə yığılaraq maşınla birlikdə yandırılmışdır. Bu günahsız soyqırımı qurbanlarının az qala yarısı qadınlar və uşaqlar idi.

Qeyd etmək lazımdır ki, Xocalıda öldürülən 613 nəfərdən 63-ü uşaq idi. Bu kütləvi qırğın, vandalizm aktı zamanı 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilmiş, başları kəsilmiş, yaxud başlarının dərisi soyulmuş, gözləri çıxarılmış, hamilə qadınlar süngü ilə deşik-deşik edilmişdir. Xəsarət alanlardan 487 nəfəri şikəst olmuşdur ki, onlardan 76 nəfəri azyaşlıdır. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 56 nəfər diri-diri yandırılmışdır. Günahsız mülki əhalini özünə hədəf seçən Ermənistanın insanlıq əleyhinə törətdiyi bu cinayət əməli təsadüfi xarakter daşımır, belə əməllərin törədilməsi sistemli xarakter daşıyır və cinayətkar Ermənistan həm işğal zamanı, həm də işğalın davam etdiyi 30 ilə yaxın müddət ərzində mütəmadi olaraq cəbhəyanı ərazilərdə Azərbaycan vətəndaşı olan mülki əhalini, əsasən də qadınları və azyaşlı uşaqları xüsusi qəddarlıqla qətlə yetirmişdir.

1988-ci ildə azərbaycanlılar Ermənistan SSR-dəki doğma yurd yerlərindən zorla qovulan zaman 217 soydaşımız qətlə yetirilmişdir ki, onların da 57-si qadın, 23-ü uşaqdır. Ancaq şahidlərin sözlərinə görə öldürülən uşaqların sayının daha çox olması haqqında faktlar da vardır. Belə ki, 1988-ci il dekabrın 5-də ermənilər Hamamlı şəhərində (Spitak) 17 azyaşlı uşağı iri diametrli boruya dolduraraq hər iki tərəfini qaynaq ediblər. Borunu hündür uçurumdan dərəyə ataraq uşaqları qətlə yetirmişlər. Həmin ilin noyabrında Quqarkda (Qarakilsə-Pəmbək mahalı) 70-ə yaxın 5-12 yaşlarındakı uşağı yenə boruya dolduraraq hər iki tərəfini bağlamışlar. Qətliamın üstü yalnız 1988-ci ilin dekabrında baş verən zəlzələ zamanı köməyə gələn fransalı xilasedicilər tərəfindən açılmışdır.

Ümumilikdə, XX əsrin sonunda monoetnik Ermənistan yaratmağa nail olan ermənilər tərəfindən 217 azərbaycanlı qətlə yetirilmişdir. Bunlardan 49 nəfəri ermənilərin əlindən qaçarkən dağlarda donmuş, 41 nəfər qəddarlıqla döyülərək qətlə yetirilmiş, 35 nəfər işgəncələrlə qətlə yetirilmiş, 115 nəfər yandırılmış, 16-sı güllələnmiş, 10 nəfər əzab və işgəncələrə dözməyərək infarktdan ölmüş, 2 nəfər xəstəxanada həkimlər tərəfindən öldürülmüş, digərləri isə suda boğularaq, asılaraq, elektrik cərəyanına verilərək, başları kəsilərək qətlə yetirilmişdir. Bu illərdə 1154 nəfər yaralandı, yüzlərlə adama işgəncələr verildi.

Ermənistanın mülki əhalini, xüsusilə qadınları və körpə uşaqları qəddarcasına qətlə yetirməsinin qısa statistikası rəsmi İrəvanın cinayətkar hakimiyyətinin və ümumi ictimai həyatın faşizm ideologiyasına büründüyünü, terrorun dövlət siyasəti səviyyəsinə yüksəldiyini bütün qabarıqlığı ilə bir daha aşkara çıxarır. Ermənilərin qətlə yetirdiyi uşaqlar haqqında onu qeyd etmək vacibdir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 193 azərbaycanlı körpə erməni vandalları tərəfindən qətlə yetirilmiş, 61 uşaq itkin düşmüş, 27-si isə hələ də əsirlikdədir. 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, son dövrdə də 32 uşaq erməni terrorunun qurbanı olmuşdur ki, onlardan 13-ü həlak olmuş, 19-u isə yaralanmışdır.

Ermənistan işğalla bağlı beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin icra edilməməsini və onların kağız üzərində qalmasını görərək, beynəlxalq təşkilatlarda işğalçı ilə işğala məruz qalan arasında fərq qoyulmamasından və işğalçı siyasətinə görə ona qarşı heç bir sanksiyanın tətbiq edilməməsindən ruhlanaraq qanlı cinayətlər törətməkdə davam edir. Belə ki, 2017-ci il iyulun 4-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutmuş və bu təcavüz nəticəsində 2 yaşlı Quliyeva Zəhra və nənəsi həlak olmuşlar. 24 oktyabr 2017-ci ilə olan məlumata görə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müddətində 1440 nəfər əsir və girovluqdan azad edilmişdir ki, onların 278 nəfəri qadındır. Münaqişə nəticəsində 265 qadın itkin düşmüş, 98 qadın isə hələ girov kimi qeydiyyatdadır.

Qeyd etmək vacibdir ki, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının qəbul edilməsindən 30 ildən çox, BMT Təhlükəsizlik Şurasının 1325 saylı Qadınlar, Sülh və Təhlükəsizlik qətnaməsinin qəbul olunmasından 20 il keçir. Ancaq dünya birliyi, xüsusilə böyük güclər təcavüzkar Ermənistanı sülhə məcbur etmək üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr əsasında qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxması tələbini qoymurlar.

Bu baxımdan, dövlətimiz BMT-nin Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququ var və bundan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirir və BMT Təhlükəsizlik Şurasının 27 il yerinə yetirilməmiş qalan qətnamələrini özü icra edir.

Azərbaycan əks-hücum əməliyyatı həyata keçirərək işğal altında olan ərazilərini bir-birinin ardınca azad edir. Hərbi baxımdan məğlub olduğunu dərk edən Ermənistan və havadarları isə beynəlxalq hüquqdan, insan haqlarından, sülh danışıqlarının mühümlüyündən dəm vurmağa başlayıblar. Onu da qeyd etmək lazımdır ki, münaqişə ilə bağlı vasitəçilik edən dövlətlərin mövqeyi birmənalı şəkildə bəllidir. Xüsusilə tərəfsiz vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun mücərrəd və ənənəvi bəyanatları elə status-kvonu qoruyub saxlamağa çalışan Ermənistanı hər dəfə bir az daha da şirnikləndirir.

Bununla yanaşı, “azadlıq carçısı” olan bəzi beynəlxalq təşkilatların, xüsusilə beynəlxalq QHT-lərin, o cümlədən “Freedom House”, “Amnesty International”, “Human Rights Watch”, “Trensparency International”, “Free Press”, “Mercy Corps”, “Beynəlxalq Böhran Qrupu”, “Sərhədsiz Reportyorlar”, OCCRP və digər bu kimi qurumlar və bir sıra Qərb təşkilatlarının səssizliyi acı təəssüf doğurur.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev sentyabrın 27-dən bu günə qədər Ermənistanın hərbi potensialına sarsıdıcı zərbə vurulduğunu qeyd edərək demişdir: “...Biz döyüş meydanında tam üstünlüyü əldə etmişik və demək olar ki, Ermənistanın hərbi-texniki potensialını böyük dərəcədə sıradan çıxara bilmişik. Ancaq sual olunur: bu qədər silah, bu qədər texnika Ermənistanda haradandır? Ermənistanın hərbi büdcəsi bəlli, Ermənistanın dövlət büdcəsi də bəlli. Ermənistan bankrot ölkədir. Bu ölkənin xarici dövlət borcu ölkənin ümumi daxili məhsulunun 60-70 faizini təşkil edir. Bu ölkənin sərbəst valyuta ehtiyatları cəmi 1,5 milyard dollardır, bu da bank rezervləridir. Bu, yəni sərbəst vəsait deyil. Hansı pulla bu silah və texnikanı alır? Təkcə bu günə qədər məhv edilmiş və qənimət kimi götürülmüş texnikanın qiyməti aşağısı 2 milyard dollar səviyyəsindədir. Ancaq hələ də bunların texnikası qalıbdır. Hələ də həm işğal edilmiş torpaqlarda, eyni zamanda, Ermənistan ərazisində. Sual olunur, kim onları silahlandırır?”.

Azərbaycan Prezidenti demişdir: “Əgər beynəlxalq birlik Ermənistanı törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmirsə, - necə ki, Xocalı soyqırımına görə heç kim onları məsuliyyətə cəlb etməyib, - biz özümüz onları məsuliyyətə cəlb edəcəyik. Biz özümüz onların cəzasını verəcəyik, özümüz onları cəzalandıracağıq və bizim cəzamız ədalətli cəza olacaqdır. Onlar ən ağır cəzaya layiqdirlər. Ermənistanın hərbi-siyasi rəhbərliyi cinayətkarlardır və biz bu cinayətkarları cəzalandıracağıq”.

Dövlətimizin başçısı birmənalı olaraq bildirib ki, Azərbaycanın işi haqq işidir və Qarabağ Azərbaycandır!

1news.az

Paylaş:
383

Son xəbərlər

“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38
Bütün xəbərlər