ru

Siyasət

21 Avqust saat 17:00

“Böyük Avrasiya”: “sabitsizlik qövsü” və yeni təhlükəsizlik sistemi

“Böyük Avrasiya”: “sabitsizlik qövsü” və yeni təhlükəsizlik sistemi

Mütəxəssislər dünyada cərəyan edən geosiyasi proseslərə vahid nəzəri-elmi bucaq altında yanaşmaqla hansı qlobal trendlərin üstünlük təşkil etdiyini aydınlaşdırmağa çalışırlar.

Məsələyə, adəti üzrə, meydana gələn risklər və təhlükələr prizmasından nəzər salınır. Bu əsasda təhlükəsizlik sisteminin formalaşdırılması ilə əlaqədar müxtəlif təkliflər irəli sürülür. Onların sırasında "Böyük Avrasiya" ideyası da mövcuddur. Bu geniş məkanda yeni geosiyasi nizam yaratmaq və uyğun təhlükəsizlik sistemi formalaşdırmaq təklif olunur. Əlbəttə, maraqlı yanaşmadır. Prinsip etibarilə, müasir dünya nizamının yaradılması olduqca aktual məsələ sayılır. Ancaq onun necə reallaşması başqa mövzudur və konkret mexanizmlərin işlənməsini tələb edir.

Ziddiyyətlər: geosiyasi risk mənbələri

Ekspertlər qlobal geosiyasi mənzərə ilə bağlı maraqlı tezislər irəli sürürlər. Bütövlükdə geosiyasi dinamikada ciddi ziddiyyətlərin olduğu qəbul edilir. Həmin ziddiyyətlərin yaratdığı risklər prizmasından isə yeni münasibətlər sisteminin formalaşması imkanlarına nəzər salınır. Xüsusilə son zamanlar özünü göstərən bir sıra münaqişələr işığında geosiyasi mənzərə daha təhlükəli təsir bağışlayır.

Afrikadan başlayaraq Yaxın Şərqdən keçən və Asiyaya qədər uzanan böyük bir məkanda qeyri-müəyyənlik yaradan həmin münaqişələr doğrudan da qlobal sabitlik üçün ciddi təhlükə kəsb edir. Ekspertlər bu sırada Yəməndə baş verənlərə diqqət yetirirlər. Bu ölkə, faktiki olaraq, ikiyə parçalanır. Onun rəsmi hakimiyyətinin paytaxtı yoxdur. Sənanı husilər tutub, Adeni (şərti olaraq cənub paytaxtı) son günlərdə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi qüvvələr ələ keçirib. Ekspertlər bunu təhlükəli gedişat kimi qiymətləndirirlər.

Liviyada vəziyyətin mürəkkəbliyi ilə bağlı kifayət qədər geniş informasiyalar yayılıb. Orada da ikihakimiyyətlilik mövcuddur və qruplar arasında silahlı toqquşmalar davam edir. Feldmarşal Xəlifə Haftar kənardan aldığı yardımlarla paytaxt Tripolini tutmağa çalışır. Ekspertlərə görə, Liviyada tərəflərdən heç biri tam güclü olmadığından, proses uzun sürə bilər. Yəni Liviya regionda risk mənbəyi olaraq qalır.

Suriyada durumun nə dərəcədə təhlükəli olduğu haqqında daha çox yazılır. Orada artıq dünyanın böyük geosiyasi gücləri müxtəlif yollarla öz təsir dairələrini genişləndirmək uğrunda güzəştsiz mübarizə aparırlar. Hazırda İdlib ətrafında döyüşlər intensivləşib. Suriyanın siyasi gələcəyi ilə bağlı isə konkret bir nəticə yoxdur.

İran məsələsi də digərlərindən heç də az riskli deyil. Burada gərginliyin daha da yüksəlməsi gözlənilir. ABŞ son dövrlərdə İrana qarşı çox kəskin mövqe tutur. Vaşinqtonun sanksiyaları fonunda İranla neft sahəsində əməkdaşlıq etmək istəyənləri də hədələməsi münaqişənin daha geniş məkana yayılması anlamına gəlir. Məsələn, Amerika Yunanıstanı xəbərdar edib – İrandan Suriyaya neft daşıyan tankeri limanına qəbul etsə, iqtisadi və hüquqi tədbirlər görüləcək. Vaşinqton eyni məntiqlə regionun hər bir dövlətinə xəbərdarlıq edir.

Bundan başqa, İran ilə bağlı proseslərə Moskva və Pekin laqeyd qalmır. Vaşinqtondan hər hansı təzyiq olanda Rusiya və Çin İranın müdafiəsinə qalxır. Bu oyunun nə vaxta qədər davam edəcəyi məlum deyil. Həm də problem yalnız İranla məhdudlaşmır. Artıq ekspertlər Asiya qitəsində bir neçə təhlükəli münaqişə ocaqlarının yarandığını bildirirlər. Həmin sırada Əfqanıstan, Hindistan, Pakistan, Koreya, Yaponiya və Çini əhatə edən hadisələr daha çox narahatlıq doğurur.

Əfqanıstanda siyasi vəziyyət riskli olaraq alır. Hətta Yaxın Şərqdən sıxışdırılan terror qruplarının bu ölkəyə axışdığı haqqında kəşfiyyat məlumatlarının olduğundan bəhs edilir. Belə gözlənilir ki, Əfqanıstan istənilən an partlaya biləcək barıt çəlləyini xatırladır. Konkret ifadə edilərsə, ətraf regionlara bu ölkədən terror ixrac olunması ehtimalı az deyil.

Hindistanın rəhbərliyinin Pakistanla mübahisəli ərazi olan Cammu və Kəşmir əyalətləri ilə bağlı yeni siyasi-hüquqi qərar qəbul etməsi Pakistan-Hindistan münasibətlərini xeyli gərginləşdirib. Xaraktercə sərt siyasətçi kimi qəbul edilən Hindistanın baş naziri Narendra Modi və Pakistanın baş naziri İmran Xanın vəziyyəti normallaşdırmağa çalışacaqlarına inam azdır. Məsələ belədir ki, Hindistan Kəşmirin xüsusi statusunu ləğv edib. Orada çox məhdud funksiyalara malik olan yerli məclis qalıb. Bu, faktiki olaraq, Kəşmirin Hindistanın digər əyalətləri ilə eyni hüquqi çərçivəyə salınması deməkdir. Dehlinin bu addımı Kəşmirlə əlaqəli beynəlxalq aləmin qəbul etdiyi qərarların üstündən xətt çəkmək anlamına gəlir. İndi bu əsasda Pakistanla Hindistan arasındakı münaqişənin daha da alovlanmasından ehtiyat edilir.

Kəşmir məsələsinin digər tərəfi Çinlə əlaqəlidir. Çinlə Hindistan sərhəd problemini uzun illər həll edə bilmirdilər. İndi Kəşmirlə bağlı Dehlinin atdığı addımı Pekin qəbul etmir. Həmin əsasda Dehli-Pekin münasibətlərinin xeyli kəskinləşməsi gözləniləndir. Maraqlıdır ki, Çinlə Hindistanın qarşıdurması ABŞ-a sərf edir. Çünki regionun iki ən güclü və perspektivli dövləti arasında ziddiyyət güclənərsə, hər ikisinin inkişaf şansı azalmış olar.

Dünya və "Böyük Avrasiya": dayanıqlı təhlükəsizlik modeli mövcuddurmu?

Ümumiyyətlə, Çin ancaq Hindistanla bağlı qeyri-müəyyənlikdə deyil. Onun ətrafında Koreya, Yaponiya və Honkonq xüsusi inzibati bölgəsi ilə əlaqəli ziddiyyətlər də mövcuddur. Son olaraq Honkonqda etirazların baş qaldırması Pekini narahat edir. Çin bu hadisənin arxasında ABŞ-ın dayandığını iddia edir. Vaşinqton isə bunu təkzib edir. Hətta Honkonq məsələsinin dinc yolla həllini təklif edir. Pekinin cavabı mənfidir.

Bunun fonunda Koreya yarımadasında vəziyyət kifayət qədər gərgindir. Orada Şimali Koreya nüvə silahı proqramını davam etdirir. Yarımada üçün yeni ziddiyyət də yetişməkdədir. Yaponiya ilə Cənubi Koreya İkinci dünya müharibəsi ilə bağlı ziddiyyətli mövqedədirlər. Seul ilə Tokio həmin dövrün hadisələrinə fərqli yanaşırlar.

Burada bir məqamı vurğulamaq istərdik. Ekspertlər geosiyasi risklərdən danışanda, nədənsə, Cənubi Qafqazdakı təhlükəni unudurlar. Konkret olaraq, erməni terroru və separatizmi olduqca ciddi riskləri ortaya çıxarır. Ermənistan real olaraq dövlət terroru həyata keçirir. Qonşu ölkənin ərazisinin bir hissəsini havadarlarının köməyi ilə işğal edən Ermənistan dünyaya meydan oxumaqda davam edir. Bu baxımdan Cənubi Qafqazda geosiyasi sabitlik üçün ən böyük təhlükəni Ermənistanın yaratdığını etiraf edib onu aradan qaldırmaq gərəkdir.

Beləliklə, böyük bir geosiyasi məkanda "sabitsizlik qövsü" mövcuddur. Bunun fonunda "Böyük Avrasiya"nı necə yaratmaq olar? Bir sıra ekspertlər hesab edirlər ki, həmin vəzifəni Rusiya yerinə yetirməlidir. Yəni, Moskva obyektiv olmalı və başqalarının da hüququnu gözləməklə yeni bir təhlükəsizlik sistemi qurmalıdır (bax: məs., Фёдор Лукьянов. Выбирать не время. Направление "Большая Евразия" становится для России основным / "Российская газета", 13 avqust 2019).

Əslində, nəzəri olaraq yaxşı ideyadır. Ancaq məsələ ondan ibarətdir ki, Rusiyanın tam obyektiv mövqe tutaraq hamıya uyğun olan təhlükəsizlik sistemi yarada biləcəyinə inam azdır. Məsələn, Ermənistanla bağlı Moskva obyektiv olacaqmı? Sirr deyil ki, Ermənistan Rusiyanın Cənubi Qafqazda forpostudur. Bundan başqa, Abxaziya, Cənubi Osetiya, Donbas, Krım kimi məsələlər necə həll ediləcək? Digər məsələlər də var ki, hazırkı mərhələdə hansısa supergücün tam obyektiv, beynəlxalq hüquq normaları çərçivəsində onlara yanaşa biləcəyinə inam çox azdır.

Bir çox ekspertlər bu cür vəziyyətdən çıxış yolunu çoxqütblü təhlükəsizlik sisteminin yaradılmasında (çoxqütblü dünya nizamı əsasında) görürlər. Bu da sona qədər aydın olmayan bir mənzərədir. Çünki ekspertlər sırasında, ümumiyyətlə, çoxqütblülük modelinin artıq reallaşa bilmədiyinə inananlar az deyil. Bunun səbəbi kimi ABŞ-ın, faktiki olaraq, bütün dünyaya təzyiqlər etməsi və xüsusən ticarət müharibələri aparması göstərilir.

Yuxarıda vurğulananlardan belə çıxır ki, "Böyük Avrasiya" ideyasına qlobal geosiyasi proseslərdən kənarda baxmaq reallığa uyğun deyil. Avrasiya məkanı bütövlükdə dünya geosiyasi mənzərəsinin bir hissəsidir. Digər tərəfdən, müasir dünyada qloballaşma vüsət alıb. Ən uzaq regionları və dövlətləri belə bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. Transmilli şirkətlər, obrazlı desək, "dünyanı çox kiçildiblər". Bu səbəbdən dünyada ciddi geosiyasi, iqtisadi, maliyyə, hərbi, mədəni, dini ziddiyyətlər mövcud olduqca, hətta ən böyük geosiyasi məkanda qalıcı, dayanıqlı təhlükəsizlik sistemi qurmaq real görünmür. O cümlədən "Böyük Avrasiya" layihəsi hələlik ideya kimi mövcuddur, onun real təhlükəsiz geosiyasi obrazı dumanlıdır.

Newtimes.az

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur