Bakıda Azərbaycan - Misir mədəni əlaqələrinə həsr olunan tədbir keçirilib
Heydər Əliyev adına Müasir Təhsil Kompleksində “Azərbaycan və Misir mədəni əlaqələrinin dünəni, bu günü və gələcəyi”nə həsr olunmuş tədbir keçirilib.
1news.az-ın verdiyi xəbərə görə, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Misirin Bakıdakı Mədəniyyət Mərkəzi və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin birgə təşkilatçılığı ilə reallaşıb.
Misir Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə qonaqlar Misirin turizm potensialını özündə əks etdirən, eləcə də ölkə tarixinin və mədəniyyətinin müxtəlif dövrlərinə aid olan eksponatlardan ibarət sərgi ilə tanış olublar.
Müasir Təhsil Kompleksi direktoru, pedaqogika üzrə elmlər doktoru Nasim Abışov qonaqları salamlayaraq kompleksdə fəaliyyət göstərən müxtəlif dərnəklər, məktəblilərin dərsdənkənar fəaliyyətinin səmərəli təşkili ilə bağlı həyata keçirilən tədbirlər barədə müxtəlif məzmunlu məlumatlar verib. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, məktəbdə ingilis, fransız və digər dillər üzrə siniflər fəaliyyət göstərir, müntəzəm olaraq yerli Azərbaycan və xarici ölkə ziyalılarının, alimlərinin məktəbdə görüşləri təşkil edilir.
Bakıdakı Misir Mədəniyyət Mərkəzinin direktoru, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi Əhməd Sami əl-Aydi ölkələr arasında qurulan dostluq münasibətlərindən və birgə həyata keçən müştərək layihələrdən söz açıb.
Sonra Bilik Fondunun baş məsləhətçisi Sərxanbəy Xuduyev çıxış edərək fondun yarandığı dövrdən etibarən elmin müxtəlif sahələri üzrə apardığı maarifçilik tədbirləri barədə məlumat verərək, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi ilə birgə tədbirlərinin davamlı olacağına əminliyini ifadə edib.
Tədbirin bədii hissəsində, kompleksdə ərəb dili üzrə təhsil alan məktəblilərin ifasında konsert proqramı təqdim olunub.
1news.az