İranın Bakıdakı səfiri azərbaycanlıların etiraz etmələrinin səbəbini açıqladı | 1news.az | Xəbərlər
Siyasət

İranın Bakıdakı səfiri azərbaycanlıların etiraz etmələrinin səbəbini açıqladı

11:10 - 17 / 11 / 2015
İranın Bakıdakı səfiri azərbaycanlıların etiraz etmələrinin səbəbini açıqladı

“İran televiziyasında efirə gedən verilişdə hazırlanan yumor və deyilən sözlər xoş deyildi”.

1news.az APA-ya istinadla verdiyi xəbərinə görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin İran televiziyasında efirə gedən verilişdə azərbaycanlıların təhqir olunması və İrandakı azərbaycanlıların buna etirazına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu, qəsdən edilməyib, “Fitilə” proqramında səhvə yol verilib:

“Bu proqram 10 ildir, nümayiş olunur, yeniyetmələr və uşaqlar üçün nəzərdə tutulub. Veriliş heç bir halda İranda yaşayan etniklərə, o cümlədən azərbaycanlılara hörmətsizlik etmək fikrində olmayıb. Hətta proqramı hazırlayan və efirə verən də Azərbaycan dillidir. Verilişdən sonra o, İran televiziyasında Azərbaycan dilində çıxış edərək azərbaycanlılardan üzr istəyib. İranın radio və televiziya təşkilatının sədri də bu hadisəyə görə üzrxahlıq edib. Televiziyada olan digər məsul şəxslər üzr istəyərək bildiriblər ki, bu, qəsdən edilməyib, səhvən olub. Bu hadisə başqa ölkədə də baş verə bilər.

Təəssüfləndirici hal bundan ibarətdir ki, üçüncü qüvvələrə bağlı olan qruplar bu hadisədən istifadə edib iki ölkə arasındakı münasibətləri korlamağa çalışdı və separatçı şüarlar səsləndirdi. Hətta bu gün də 30 nəfərlik kiçik qrup səfirliyin qarşısında etiraz aksiyası keçirməyə cəhd etdi, separatçı şüarlar dilə gətirdi. İran azərbaycanlılarının sayı 30 milyondan çoxdur. Onlar da bu verilişə görə narahatlıqlarını bildirdilər.

Onlar heç zaman icazə verməzlər ki, hansısa qruplar bu məsələdən istifadə edib ambisiyalar irəli sürsün, İrana qarşı hər hansı separatçılıq iddiaları səsləndirilsin. Mən Azərbaycanın məntiqli, ziyalı və müdrik xalqına təşəkkür edirəm ki, kiçik qrupların elədiyi bu səs-küyə uymayıb, onların iddialarını heçə saydı”. 

1news.az

 

Paylaş:
579

Son xəbərlər

Bütün xəbərlər