Belqradda keçirilən anım mərasimində Ulu Öndərin zəngin siyasi fəaliyyətindən bəhs olunub | 1news.az | Xəbərlər
Siyasət

Belqradda keçirilən anım mərasimində Ulu Öndərin zəngin siyasi fəaliyyətindən bəhs olunub

23:15 - 12 / 12 / 2015
Belqradda keçirilən anım mərasimində Ulu Öndərin zəngin siyasi fəaliyyətindən bəhs olunub

Dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar Serbiyanın paytaxtı Belqradda anım mərasimi keçirilib.

Mərasimdə Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları ilə yanaşı, bu ölkənin parlamentinin üzvləri, dövlət rəsmiləri, Belqrad şəhər meriyasının təmsilçiləri, Serbiya ictimaiyyətinin və müsəlman icmasının nümayəndələri, bu şəhərdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Serbiyada fəaliyyət göstərən “AzVirt” şirkətinin rəhbərliyi, eləcə də burada işləyən və təhsil alan azərbaycanlılar iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə “Taşmaydan” parkına gələrək görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbir iştirakçıları, həmçinin bu parkda görkəmli serb yazıçısı Milorad Paviçin heykəli və 1999-cu ildə Belqrad şəhərinin bombalanması zamanı parkda həlak olmuş uşaqların xatirə lövhəsi önünə də güllər düzüblər.

Sonra səfirlikdə davam edən tədbirdə səfir Eldar Həsənov çıxış edərək ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycanın müstəqilliyinin qorunmasında, möhkəmləndirilməsində və ölkəmizdə sabitliyin bərqərar olunmasında əvəzsiz xidmətlərindən, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatların əsasını qoymasından və xilaskar rolundan bəhs edib. Vurğulayıb ki, ölkəmizdə azərbaycançılıq, milli birlik, sosial ədalət, əhalinin rifahı, Azərbaycanın ərazi bütövlüyü kimi ideyalara söykənən müstəqil, mütərəqqi və siyasi cəhətdən sabit inkişaf modelinin əsası məhz Ulu Öndər tərəfindən qoyulub. Bu siyasi kursu bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Səfir xalqımızın ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə göstərdikləri dərin hörmət və ehtirama görə minnətdarlığını bildirib.

Sonra vaxtilə Heydər Əliyevlə canlı olaraq görüşmüş tədbir iştirakçılarından bəziləri Ulu Öndər haqqında xoş xatirələrini bölüşüblər.

Daha sonra tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş fotosərgi və sənədli film nümayiş etdirilib.

Sonda tədbir iştirakçılarına səfirlik tərəfindən serb dilinə tərcümə olunaraq nəşr etdirilmiş “Görkəmli şəxsiyyətlərin həyatı” silsiləsindən Ulu Öndərə həsr olunmuş kitab və “Dünya liderləri Heydər Əliyev haqqında” nəşri paylanılıb.

AZƏRTAC

Paylaş:
890

Son xəbərlər

Bütün xəbərlər