Milli Məclisin deputatı AŞPA komitəsinin iclasında iştirak edəcək
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının miqrasiya komitəsinin iclasında iştirak etmək üçün dekabrın 13-dən 17-dək Fransada səfərdə olacaq.
Parlamentin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Parisdə keçiriləcək toplantıda cari məsələlərlə yanaşı, miqrantlara qarşı zorakılığın aradan qaldırılması, onların sığınacaq problemləri, təşkil edilmiş cinayətlər və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.
Komitənin iclasından sonra Fransa Milli Assambleyasında “Avropada miqrant və qaçqın böhranına humanitar və siyasi münasibət” mövzusunda konfrans keçiriləcək. Milli Məclisin deputatı konfransda iştirak edəcək, müzakirə olunacaq məsələlərə münasibətini bildirəcək.