Parlaq keçmiş daha parlaq gələcəyin yolunu işıqlandırır - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Parlaq keçmiş daha parlaq gələcəyin yolunu işıqlandırır - FOTO

23:50 - 28 / 12 / 2015
Parlaq keçmiş daha parlaq gələcəyin yolunu işıqlandırır - FOTO

Britaniyada nəşr olunmuş kitabda Azərbaycanın uğurlarından bəhs edilir

Azərbaycan qədim və gözəl ölkədir. 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra burada çiçəklənmə və sosial inkişaf dövrü başladı. Erkən çətinlik illərində ölkəyə rəhbərlik edən ümummilli lider Heydər Əliyev Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən müdrik siyasi kursun əsasını qoydu. Onun uzaqgörənliyi və liderliyi sayəsində Azərbaycan xalqı yüksək yaşayış standartlarına, mükəmməl iqtisadi perspektivlərə və parlaq gələcəyə malikdir. Ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə regional səhnədə təhlükəsizlik və əhalinin yaşayış səviyyəsində davamlı inkişaf qeydə alınıb. Onun fəaliyyəti müasir Azərbaycanın möhkəm təməlini qoyub.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin rəy və tövsiyələri əsasında Britaniyanın Brooklands New Media şirkəti ilə hazırlanmış “Celebrating The Vision And Leadership Of The President Of Azerbaijan His Excellency Ilham Aliyev And The Future Success Of The Republic Of Azerbaijan” (Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyevin uzaqgörənliyi və liderliyi, Azərbaycan Respublikasının gələcək uğurları) adlı kitabın ön sözündə yer alıb.

Kitabda müstəqillik illərində Azərbaycanın keçdiyi inkişaf yolundan, ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs olunur, müasir Azərbaycanın “bu dahi və cəsarətli şəxsiyyətin qərarlarının nəticəsi” olduğu vurğulanır. Qeyd olunur ki, 2003-cü ildən etibarən Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirir.

Nəşrdə vurğulanır: “Azərbaycan Prezidenti İlham Əliyev sosial-iqtisadi və siyasi sahələrdə böyük irəliləyişlərə nail olub, əhalinin yaşayış standartını və iş imkanlarını təkmilləşdirmək, mədəni inkişafa nail olmaq üçün səylə çalışıb”. Müəlliflər Prezident İlham Əliyevin fəaliyyəti dövründə əldə olunmuş nailiyyətlərdən söhbət açarkən bu dövr ərzində 531 mini daimi olmaqla 741 min yeni iş yerinin yarandığını qeyd edirlər. Diqqətə çatdırırlar ki, Azərbaycanın ən böyük problemi qaçqın və məcburi köçkünlərlə bağlıdır. İlham Əliyevin hakimiyyəti dövründə 47 min qaçqın və məcburi köçkün üçün ümumi layihə dəyəri 1 milyard ABŞ dolları olan 36 yaşayış məntəqəsi, 34 məktəb və 24 xəstəxana tikilib.

Azərbaycanın strateji mövqeyi ölkənin regional və beynəlxalq nəqliyyat sistemində təbii qovşaq rolu oynamasına imkan verir. Kitabda dövlət müstəqilliyi bərpa olunduqdan sonra Azərbaycanın bu sahədə əldə etdiyi uğurlardan, həyata keçirilən irimiqyaslı layihələrdən, Heydər Əliyev Beynəlxalq Aeroportunun 2014-cü ildə istifadəyə verilən yeni terminalından, Gəncə, Naxçıvan, Lənkəran, Qəbələ, Zaqatala və Yevlaxda tikilmiş hava limanlarından, genişlənməkdə olan Bakı Metropoliteninin və dəmiryolu nəqliyyatının inkişafından bəhs olunur. Ölkədə dəniz nəqliyyatının inkişafına da xüsusi diqqət ayrıldığını qeyd edən müəlliflər Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihəsindən söhbət açaraq məlumat verirlər ki, layihənin birinci mərhələsi 2014-cü ildə başa çatıb. Ümumilikdə isə layihənin 2017-ci ildə tamamlanacağı gözlənilir.

Nəşrdə vurğulanır ki, Prezident İlham Əliyev ölkə sənayesini mədənçilikdən aerokosmik sənayeyədək şaxələndirməyə nail olub. 2013-cü ilin “İnformasiya və kommunikasiya texnologiyaları (İKT) ili” elan olunması dövlət başçısının bu sahənin inkişafına olan marağının göstəricisidir. İKT ilində Pirallahı adasında yüksək-texnologiya parkı yaradılıb. 2013-cü ilin fevralında ölkənin ilk kommunikasiya peyki – Azerspace-1 istifadəyə verilib.

2014-cü il isə Prezident İlham Əliyevin sərəncamı ilə “Sənaye ili” elan olunub. İqtisadiyyatın strukturunun müasirləşdirilməsi, qeyri-neft sektorunun ixrac potensialının gücləndirilməsi, yeni iqtisadi sahələrdə ixtisaslı kadrların hazırlanması üçün “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib və bir sıra digər addımlar atılıb.

İqtisadiyyatın inkişaf etdirilməsi ölkənin idxaldan asılılığının azaldılmasında mühüm rol oynayıb. Müdafiə sənayesinin inkişafı nəticəsində Azərbaycan Silahlı Qüvvələri artıq yerli istehsal olan silah-sursatla təchiz edilib. Sumqayıt Texnologiyalar Parkı, Sumqayıt Kimya Sənayesi Parkı qeyri-neft sektorunun inkişafına özünəməxsus töhfələr verir.

Kitabda Azərbaycanın aparılan iqtisadi islahatlara görə Dünya Bankının “Doing Business-2015” hesabatında ilk on ölkə sırasına daxil olması mühüm nailiyyət kimi səciyyələndirilir, eyni zamanda bunu şərtləndirən amillərdən bəhs olunur.

Nəşrin sonrakı bölmələri ölkədə xidmət sahələrinin, xüsusilə bankçılıq və turizm sahələrinin inkişafına həsr edilib. Vurğulanır ki, Azərbaycanın Şərq və Qərb mədəniyyətlərinin qovuşuğunda yerləşməsi, ənənəvi ləziz mətbəxi və təbii landşaftı turizmin inkişafı üçün geniş imkanlar yaradır. Bu potensialdan səmərəli istifadə olunması ölkəyə xaricdən turist axınının artmasını şərtləndirir.

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin prioritet istiqamət olduğunu qeyd edən müəlliflər diqqətə çatdırırlar ki, ölkədə kənd təsərrüfatının inkişafı, müxtəlif çeşiddə böyük həcmdə məhsullar yetişdirmək üçün hər cür şərait mövcuddur. Hökumətin aqrar sektorun inkişafına xüsusi diqqət yetirməsi nəticəsində 2000-ci ildən 2011-ci ilədək taxıl məhsullarının istehsal həcmi iki dəfə artıb. Həyata keçirilən şaxələndirmə siyasəti nəticəsində maldarlıq və südçülük sahələrinin inkişafında da nəzərəçarpan irəliləyiş müşahidə edilib.

Prezident İlham Əliyevin uğurlu siyasəti yalnız paytaxtın deyil, bölgələrin də dinamik inkişafına yol açıb. Xüsusən yeni təhsil və səhiyyə müəssisələrinin tikintisi geniş vüsət alıb. Regional inkişafdan bəhs edən müəlliflər son illər 2900 məktəb və 560 səhiyyə müəssisəsinin tikilməsini və ya yenidən qurulmasını buna misal göstərirlər.

Kitabda həmçinin ölkənin zəngin mədəni irsindən, qədim tarixindən, muzeylər və orada qorunan eksponatlardan söz açılır.

Başa çatmaqda olan 2015-ci ildə Avropa və dünya ilin ən böyük idman hadisəsinin şahidi oldu. Azərbaycan “Bakı-2015” birinci Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməklə beynəlxalq idman ictimaiyyətini heyran qoydu. Nəşrdə bu barədə də məlumat verilir və xüsusi vurğulanır ki, Prezident İlham Əliyevin rəhbərliyi və birinci xanım Mehriban Əliyevanın yüksək təşkilatçılığı sayəsində ölkədə qısa müddətdə qurulmuş nəqliyyat şəbəkəsi və maddi-texniki infrastruktur Azərbaycanın birinci Avropa Oyunları kimi möhtəşəm tədbirə ev sahibliyi etməsinə imkan yaradıb. 20 idman növü üzrə dünyanın 50 ölkəsindən 6 mindən artıq idmançını öz ətrafına toplayan bu Oyunlardan sonra ölkə 2016-cı ildə Dünya Şahmat Olimpiadası, “Formula-1” üzrə Avropa Qran-pri yarışları, 2017-ci ildə isə İslam Həmrəylik Oyunları kimi mötəbər idman tədbirlərinə ev sahibliyi etməyə hazırlaşır.

Prezident İlham Əliyevin gələcək üçün planları da diqqətdən yayınmayıb. Müəlliflər bu baxımdan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq belə nəticə çıxarırlar ki, 2020-ci ilədək Azərbaycan “iqtisadi və siyasi cəhətdən inkişaf etmiş və rəqabətədavamlı ölkə” olmalıdır.Konsepsiyadan buna dəlalət edən sitat gətirilir: “Azərbaycan əhalinin gəlirlərinin yüksək, işsizliyin minimum, insan kapitalının üstünlük təşkil etdiyi, ətraf mühitin qorunduğu və hər bir vətəndaşının geniş imkanlara malik olduğu bir ölkə olmalıdır”.

Kitabın sonrakı səhifələrində mövzunun davamlı olaraq qeyd edilir ki, əhalinin rifahı hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Buna görə də “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası məhz sosial rifahın yaxşılaşdırılması üzərində qurulub. Azad, müstəqil və demokratik cəmiyyətin qurulması prosesi heç zaman bitmir. Konsepsiya bu sahədə gələcək inkişafın yol xəritəsi rolunu oynayacaq.

Nəşrdə, həmçinin Azərbaycanın son illərdə həyata keçirdiyi qlobal enerji layihələrindən biri olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinə dair məlumatlar əksini tapıb. Oxucuların diqqətinə çatdırılır ki, layihənin əsası 2011-ci ilin noyabrında Azərbaycan və Türkiyə hökumətlərinin anlaşma memorandumu imzalaması ilə qoyulub. TANAP Azərbaycanın SOCAR, Türkiyənin BOTAŞ və Böyük Britaniyanın BP şirkətlərinin birgə layihəsidir. Enerji sənayesi tarixində əsas layihələrdən biri olan TANAP Azərbaycanın və Türkiyənin sosial-iqtisadi inkişafına, həmçinin qlobal enerji sektorunda baş verən proseslərə güclü təsir göstərmək iqtidarındadır.

Kitabın bölmələrindən biri “SOCAR: nailiyyətlər və gələcək uğurlar” adlanır. Burada Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tarixi və fəaliyyəti, həyata keçirdiyi layihələr barədə məlumat verilir. Şirkətin xaricdə, xüsusən Gürcüstan, Ukrayna, Rumıniya və İsveçrədə daimi nümayəndəliklərinin fəaliyyət göstərdiyi, həmçinin ölkənin sosial və mədəni həyatında yaxından iştirak etdiyi qeyd olunur.

Gələn il Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 25 ili tamam olacaq. Kitabda bu illər ərzində ölkənin keçdiyi inkişaf yolu, 2003-cü ilədək ümummilli lider Heydər Əliyevin, daha sonra isə Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində əldə olunmuş iqtisadi və siyasi nailiyyətlər ümumiləşdirilir. Belə bir yekun nəticə çıxarılır ki, müstəqillik illərində qarşıya çıxan çətinliklərə baxmayaraq, hökumət ölkənin iqtisadi və siyasi sabitliyinə nail ola bilib.

Azərbaycanın iqtisadi, sosial, mədəni inkişafını və ölkədə baş verən mühüm hadisələri əks etdirən fotoşəkillərlə müşayiət olunan nəşr bu sonluqla tamamlanır: “Azərbaycan tarixən “odlar yurdu” kimi tanınıb və bu ad bu gün də özünü doğruldur. İlham Əliyevin nümunəvi və müdrik rəhbərliyi nəticəsində Azərbaycanı parlaq gələcək gözləyir. Parlaq keçmiş daha parlaq gələcəyin yolunu işıqlandırır”.

AZƏRTAC

Paylaş:
1180

Son xəbərlər

Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:10Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edibBu gün, 10:07Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 09:49DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02
Bütün xəbərlər